Ərəb dilinin gələcəyi

 

Birincisi. Ərəb dilinin gələcəyi nə deməkdir?

Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqlar ailəsinin indiki və gələcək yaradıcı düşüncəsindən asılıdır. Əgər ideyalar yaşasa, ərəb dilinin gələcəyi keçmişdə olduğu qədər möhtəşəm olacaq. Belə olmasa onu qonşu yəhudi və Suriya dillərinin aqibəti gözləyir.

Bəs biz nəyi yaradıcı güc adlandırırıq?

Bu, milləti irəliyə aparan qətiyyətdir; zira, millətin qəlbində naməlum olana maraq, aclıq, ehtiras, ruhunda isə onun gecə və gündüz həyata keçirməyə çalışdığı arzular zənciri vardır. Hər bir halqanı qət etdikdən sonra həyat yenisini əlavə edir. Şəxslərdə bu, istedaddır, cəmiyyətdə entuziazm. Ayrıca şəxslərin istedadlı olması isə cəmiyyətin gizli cəhdlərini konkret aşkar formalarda həyata keçirmək bacarığından başqa bir şey deyil. İslamaqədərki dövrdə şair bir növ müjdəçi idi. Belə ki, ərəblər nə isə yeni bir şey gözləmək vəziyyətində idilər. Bütpərəstlikdən islama keçid günlərində o, inkişaf edərək yetkinləşirdi, böyümə və yetkinlik mərhələsini yaşayırdı. Postklassik dövrdən sonra o, ikiləşdi, çünki bütün islam cəmiyyəti parçalanırdı. Şair də həmin mərəhələlərdən keçirdi, o yüksəyə qalxır, öz görkəmini dəyişir, bəzən filosof kimi, bəzən həkim kimi görünürdü, hətta astronom belə olurdu. Nə qədər ki, ərəb dilində yaradıcılıq gücünü mürgü tutmamışdı, hər şey belə idi. Bu güc zəiflədikcə şairlər qafıyəpərdazlara, filosoflar əzbərçilərə, həkimlər fırıldaqçılara, astronomlar astroloqlara çevrildilər.

Beləliklə, ərəb dilinin gələcəyi bu dildə danışan xalqların yaradıcı gücündən asılıdır. Əgər onlar xüsusi mahiyyətə və mənəvi birliyə malik olsalar və uzun sürən yuxudan sonra bu mahiyyətdə yaradıcı güc oyansa, deməli ərəb dilinin gələcəyi də keçmişi kimi möhtəşəmdir. Əks halda onun gələcəyi yoxdur.

İkincisi. Avropa sivilizasiyasının və Qərb ruhunun ərəb dilinə təsiri necə ola bilər?

Təsir isə müəyyən bir qidadır ki, onu dil kənardan qəbul edir və sonra çeynəyərək udur, öz mövcudluğu üçün xeyirli olan hər şeyi mənimsəyir. Necə ki, ağac da işıq, hava və torpağın elementlərini budaqlara, yarpaqlara, çiçək və meyvələrə çevirir. Amma əgər ancaq dil varsa, diş və mədə yoxdursa, onda yeməkdən bir fayda olmaz, üstəlik o, öldürücü zəhərə çevrilər. Nə qədər ağaclar həyatı aldatmağa cəhd edərək kölgədə gizlənməyə çalışırlar, amma günəşə çıxan kimi solur və məhv olurlar. Atalar demişkən, "tamarzıdan al, dadanmışa ver".

Qərb ruhu bəşər həyatının mərhələlərindən, dövrlərindən biridir. Bəşər həyatı daim irəli gedən nəhəng bir yürüşdür. Yolda qalxan qızılı tozdan dillər, təlimlər, dövlət institutları yaranır. Yaradıcı millətlər bu yürüşə başçılıq edirlər. "Yaradıcı" isə "nüfuzlu" deməkdir. Sonda təqlid edən millətlər gedir, təqlid etmək təsirə məruz qalmaq deməkdir. Şərq öndə gedəndə, Qərb isə geri qalanda bizim sivilizasiyamızın onun dillərinə güclü təsiri var idi. Ancaq Qərb irəli çıxdı və biz arxadan gələnlər olduq. Təbii ki, Qərb sivilizasiyası həm bizim dilimizə, həm düşüncəmizə, həm də əxlaqımıza.

Qərb xalqları keçmişdə bizim hazırladıqlarımızla qidalanır, çeynəyir, udur və öz mövcudluqları üçün bütün xeyirli şeyləri mənimsəyirdilər. İndi də Şərqin xalqları Qərbin hazırladığını yeyir, ancaq xeyrini mənimsəmirlər, yalnız qərbliləri təqlid edirlər. Bax, məni qorxudan və narahat edən də budur! Şərq gah dişləri tökülmüş qoca, gah da dişləri hələ çıxmamış körpə təsiri bağışlayır.

Qərb ruhu bizə həm dostdur, həm düşmən. Ona güc gəliriksə, dost, o bizə qalib gəlirsə, düşməndir. Ona ürəyimizi açırıqsa dost, ürəyimizi ona veririksə düşməndir. Ondan bizim üçün bütün xeyirli şeyləri götürürüksə dost, ruhumuzu ona xoş olan hala salırıqsa düşməndir.

Üçüncü. Müasir siyasi inkişafın ərəb ölkələrinə təsiri necədir?

Qərbdə və Şərqdə bütün yazıçı və mütəfəkkirlər bir fikirdə həmrəydirlər ki, ərəb ölkələri siyasi, inzibati və ruhi xaos vəziyyətindədirlər. Onlardan çoxu əsasən bu fikirdədirlər ki, xaos dağılmanın və tənəzzülün səbəbidir.

Mən isə soruşuram: bu xaosdur, yoxsa yorğunluq? Əgər yorğunluqdursa, onda bu, millətin sonu və xalqın məhvi deməkdir. Yorğunluq alatoranlıqda canvermədir, yuxuda ölümdür.

Əgər bu, həqiqətən də xaosdursa, mənim əqidəmə görə, xaos həmişə xeyir gətirir, çünki o, sərxoş yuxu ayılma ilə hissiyyatsızlıq fəaliyyətlə əvəz olunanda millətin gizli imkanlarını aşkarlayır. Ağacları şiddətlə silkələyən tufan kimi onları kökündən çıxartmır, yalnız qurumuş budaqları sındırır və sarı yarpaqları tökür. Hər dəfə hələ təbii təməlini qoruyub saxlamış milləti xaos bürüyəndə, bu onun fərdlərində yaradıcılıq gücünün, cəmiyyətində isə hazırlığın əlamətinə çevrilir. Dumanlılıq həyat kitabında ilk, lakin son olmayan sözdür, axı dumanlılıq xaos halında bir həyatdır.

Beləliklə, siyasi inkişaf ərəb ölkələrinin xaosunu nizama, daxili çəkişmələri barışığa çevirər. Amma o, yorğunluğu coşğuya, əzginliyi hünərə çevirə bilməz. Dulusçu gildən şərab və ya sirkə üçün küp düzəldə bilər, ancaq qum və qəmbərdən heç nə düzəldə bilməz.

Dördüncü. Hər yerdəmi ali və orta məktəblərdə tədris ərəb dilində aparılır? Bütün fənlər bu dildəmi keçilir?

Ərəb dili hər yerdə tədris dili deyil, onun daxil edildiyi məktəblər isə sırf milli xarakter daşıyır. Məktəblər xeyriyyəçi cəmiyyətlərin, konfessional komitələrin və dini missiyaların əlindən dövlətin əlinə keçməyənə qədər o, heç vaxt bütün elmlərin dilinə çevrilməyəcək.

Suriyada, məsələn, bütün təhsil sədəqə kimi Qərbdən alınıb, biz hələ də ac və acgöz kimi bu dilənçi payının çörəyini yeyirik. Bu çörək bizi yaşadır, amma həyat verməklə yanaşı, həm də ölüm gətirir. Həyat verir, çünki bizim mənəvi qüvvələrimizi oyadır və ağlımızı təravətləndirir; öldürür ona görə ki, düşüncələrimizi ayırır, birliyimizi zəiflədir, ittifaqımızı pozur, icmamızı parçalayır. Belə ki, bizim böyük ölkəmiz xarakterinə və meyllərinə görə müxtəlif olan kiçik müstəmləkə ərazilərinə çevrilmişdir. Hər müstəmləkə bir Qərb millətinə təhkim olunub, onun bayrağı altında yaşayır və onun şərəf və şöhrətini tərənnüm edir. Amerika məktəbində elmə yüngülcə yiyələnən gənc asanlıqla Amerikanın nümayəndəsinə çevrilir. İezuit məktəbində elmdən hali olan gənc fransanın elçisi olur. Rus məktəbinin parçasından tikilmiş köynək geyinən gənc artıq Rusiyanı təmsil edir. Və beləliklə, hər il hər məktəb öz nümayəndələrini hazıralyır. Baxış və səylər arasındakı fərqin necə önəmli rol oynamasına ən parlaq sübutu Suriyanın siyasi gələcəyinə dair mövqelərdən bilmək olar. Öz biliklərini ingilis dilində almış olanlar öz ölkəsini Amerika və ya İngiltərənin protektoratı kimi görmək istəyirlər. fransız dillilər isə onun fransa tərəfindən idarə olunmasını tələb edirlər. Bu dilləri bilməyən üçüncülər isə həmin dövlətləri inkar edərək öz təsəvvür və maraqlarına uyğun siyasət yürüdürlər.

Himayəsində oxuduğumuz dövlətə siyasi simpatiyamız bəlkə Şərq adamına məxsus minnətdarlıq hissinin ifadəsidir? Əgər tikinti üçün bir daş qoyarkən bütöv divarı uçururlarsa, bir çiçək bəsləyib bütün meşəni məhv edirlərsə, bir gün bizə həyat verib əsrlər boyu ölüm gətirirlərsə, hansı minnətdarlıqdan danışmaq olar?!

Qərbdə həqiqi xeyirxahlar və genişürəkli insanlar bizə göndərdikləri çörəyin içinə tikan və iynə qatmırlar. Təbii ki, onlar bizə xeyir vermək istəyirdilər, ziyan yox. Bəs onda tikan və iynələr hardandır? Bu başqa sualdır və mən onu gələn dəfəyə saxlayıram.

Belə. Əgər hər yerdə - ali və orta məktəblərdə - tədris ərəb dilində aparılsa və bütün elmlər bu dildə öyrənilsə, onda bizim siyasi simpatiyamız da vahid olar və milli maraqlarımız formalaşar, çünki məhz məktəbdə simpatiyalar birləşir və maraqlar təyinləşir. Amma biz böyüyən nəsli millətin hesabına öyrədə bilməyənə qədər bu olmayacaq. Biz iki bir-birinə - biri bədənə, digəri ruha - zidd duran iki deyil, bir vətənin övladı olmayana qədər bu olmayacaq. Bizə sədəqə kimi verilən çörəyi öz evimizdə bişən çörəklə əvəz etməyə qədər bu olmayacaq. Çünki pay istəyən dilənçi pay verən xeyirxaha və himayədara diqtə edə bilməz. Özünü pay alanan vəziyyətinə qoyan verənə zid gedə bilməz. Verənin iradəsi həmişə azaddır, halbuki pay alanın azad iradəsi heç vaxt azad olmur.

Beşinci. Ərəb klassik dili müxtəlif dialektlərə üstün gəlib onları birləşdirə bilərmi?

Xalq deyimləri dəyişir və cilalanır, onların kobudluğu sürtülüb yumşalır, amma onlar məğlub deyil və heç vaxt da olmayacaq, heç olmamalıdırlar da, çünki onlardır ədəbi dilin və gözəl nitqin mənbəyi.

Dillər başqa şeylər kimi daha güclünün sağ qalması qanununa tabedirlər. Dialektlərdə isə bu güc daha çoxdur və ona görə sağ qalırlar ki, onlar millətin ideyasına və ümumi mahiyyətin cəhdlərinə daha yaxındırlar. Mən sağ qalır dedim, yəni dilin bədəni ilə birləşib onun ayrılmaz hissəsinə çevriləcək. Bundan başqa, Avropa və Amerikada bir sıra istedadlı şairlər var ki, özlərinin coşqun şeirlərində, poemalarında, nəğmələrində xalq və ədəbi dili uğurlu uyğunlaşdıra bilirlər. Məncə, ərəb xalq poeziyasının elə yenilikçi metonimiyaları. Kəskin metaforaları, zərif və yaradıcı ifadələri vardır ki, əgər onları qəzet və jurnallarımızın səhifələrini dolduran klassik dildəki poemalarla yanaşı qoysaq, odun tayasının yanında ətirli gül dəstəsinə və ya mumiya kolleksiyasının yanında oxuyub-oynayan qızlar qatarına bənzəyir.

Müasir italyan dili orta əsrlərdə xalq ləhcəsi idi və yuxarı təbəqə onu bayağı adlandırırdı. Amma Dante, Petrarka və Assizili Fransisk bu dildə özlərinin ölməz poema və nəğmələrini qoşmağa başlayanda, o, italyan ədəbi dilinə çevrildi, latın isə reaksionerlərin çiyinlərində gedən tabutda çevrilən skelet olaraq qaldı. Misirin, Suriyanın, İraqın xalq ləhcəsinin əl-Məərrinin və əl-Mütənəbbinin dilindən fərqi, bayağı latınla Ovidiy və Vergilinin dilindəki fərqdən çox deyil. Kaş ki, Yaxın Şərqdə də bir böyük şəxs hüzur edəydi və bu ləhcələrdən birində elə möhtəşəm bir kitab yaradaydı ki, onun dili ədəbi dilə çevriləydi! Lakin, mənə elə gəlir ki, ərəb ölkələri üçün bunun ehtimalı azdır, çünki Şərq adamları bu günə və gələcəyə nisbətən keçmişə daha çox meyllidirlər. Onlar könüllü və ya könülsüz mühafizəkardırlar. Onların arasından bir böyük adam çıxanda, o da öz istedadını qədimdəkilərin keçdiyi yollarla üzə çıxartmalıdır. Qədimdəkilərin yolu isə düşüncənin beşiyindən qəbrəcən ən qısa yoldur.

Altıncı. Ərəb dilini diriltməyin ən yaxşı üsulu hansıdır?

Ən yaxşı üsul, daha doğrusu, ərəb dilini diriltməyin yeganə üsulu şairin ürəyində, dilindədir. Şair xalqın yaradıcı gücünün ifadəçisi, ruh aləmində baş verənləri əql dünyasına ötürən, fikir dünyasında baş verənləri bilik xəzinəsinə toplayan bir bələdçidir.

Şair dilin həm atası, həm anasıdır. Dil ona tabedir: onun ardınca gedir və onunla bərabər dayanır. Şair öləndə dil onun məzarının başında ağlaya-ağlaya quruyub qalır və yenə onun əlindən tutub aparacaq başqa bir şairi gözləyir.

Əgər həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kəfənini toxuyanı və qəbrini qazandır.

Mən şair deyəndə hər yaradanı nəzərdə tuturam - böyüyünü də, kiçiyini də, hər ilk kəşf edəni - güclünü də, gücsüzü də, hər ixtiraçını - görkəmlisini də, tanınmamışını da, ailə həyatı sevən hər kəsi istər hakim olsun, istər dilənçi, zamana coşqunluğun titrəyişi ilə baxanı - istər filosof olsun, istər üzümlüyün gözətçisi.

Təqlildçi isə heç nə kəşf etməyən, yaratmayandır. O yalnız öz mənəvi dünyasını müasirlərindən götürür, ideyalarının paltarlarını özündən əvvəlkilərin paltarlarından qopartdığı cırıqlardan tikir.

Şair deyəndə, mən elə torpaq şumlayanı nəzərdə tuturam ki, o, öz torpağını atasından qalma kotandan bir az da olsa fərqlənən bir kotanla şumlayır. Onun ardınca gələnlər isə bu təzə kotana təzə ad verirlər. Bağbanı nəzərdə tuturam ki, o, sarı və qırmızı güllər arasında narıncı gül də becərir. Onun ardınca gələnlər isə bu yeni gülü yeni adla çağırırlar. Qonşusunun toxuduğundan fərqlənən şəkilli bir parça toxuyan toxucunu nəzərdə tuturam. Sonra onun parçasına yeni ad verənlər tapılır. İki yelkənin üzərində üçüncü yelkən qaldıran dənizçini. Bir qapılı və bir pəncərəli evlər arasında iki qapılı və iki pəncərəli ev tikən bənnanı. Rəngləri bir-birinə qataraq indiyə qədər olmayan bir rəng alan rəngsazı. Sonra da dənizçilər, bənnalar, rəngsazlar gəlir və öz məhsullarına yeni adlar verirlər və bununla da dilin gəmisinə yeni yelkən, dilin evinə yeni pəncərə, dilin libasına yeni rəng qatmış olurlar.

Təqlidçi isə min bir karvanın keçdiyi yolla gedir, dolaşmaq, azmaq qorxusundan ondan kənara çıxmır. O, öz həyatında, bir tikə çörəyinin qayğısında, yeməyində, içməyində, geyimində min bir nəslin tapdaladığı yolla gedir. Onun həyatı əks-səda kimidir, məişəti rəngsizdir və haqqında heç nə bilmədiyi və bilmək də istəmədiyi uzaq bir həqiqətin solğun kölgəsinə bənzəyir.

Şair öz ruhunun məbədinə daxil olan, göz yaşları içərisində və heyranlıqla diz çöküb mədh deyən, dinləyən və xəbər verən mömindir. O çıxanda dodaqlarında yeni adlar,fellər, nidalar, öz nəslinin surətləri üçün hər gün yeniləşən öz ümidlərinin formaları üçün hər gecə dəyişən ifadələr. Bu əməllərlə o, dilinin lirasına bir gümüş sim əlavə edir və onun mehrabına ətirli budaq qoyur.

Təqlidçi isə ixtiyarsız və düşünmədən köhnə duaları təkrarlayır və dili necə tapmışdı ki, öz natiqlik bacarığını isə ifadəsiz və simasız qoyur.

Şair qadını sevəndə ruhu tənhalığa çəkilir, bəşər yollarından çıxır ki, öz arzularını günün sevinci və gecənin qorxusuna, tufanın nəriltisi və vadinin sükutuna geyindirsin, sonra da öz emosiyalarından dilin başına bir çələng hörsün, fərəhlərindən onun gərdəninə qızıl boyunbağı toxusun.

Təqlidçi isə sevgidə də, sevginin mövzusunu tərənnüm edəndə də eynidir. Əgər sevgilisinin üzünü və boğazını xatırladırsa, "minalanmış ay və ceyran" deyəcək, tellərindən, boy-buxunundan və baxışlarından danışanda "gecə, söyüd budağı və oxlar" deyəcək, qəmlənəndə, "yuxusuz gözlər, uzaq dan yeri, yaxın hicran" söyləyəcək. Natiqliyin zirvəsinə çatmaq istəyəndə isə "mənim sevgilim nərgiz gözlərindən mirvari göz yaşları tökür ki, gül yanaqlarını suvarsın və salxım əllərinin sərinliyi ilə dişlərinə toxunsun". Bizim dostumuz tutuquşu da bu köhnəlmiş nəğmənin zənguləsini təkrarlayır və bilmir ki, öz kütlüyü ilə dilin balını zəhərləyir, öz ağlının kəmliyi və bayağılığı ilə onun şərəf və nəcabətini alçaldır.

Mən artıq ixtiraçı-yaradanın gətirdiyi xeyir və bəhərsizin verdiyi zərərdən danışdım, amma həyatını lüğətlər, böyük məlumat kitabları tərtib etməyə, dilin akademiyasının təşkilinə həsr edənləri xatırlatmadım. Mən onlar haqqında bir kəlmə belə demədim, halbuki onlar, məncə, dilin qabarma və çəkilməsi arasındakı sahilə bənzəyirlər. Onlar funksiyası xəlbirdən ələyib seçmək çərçivəsindən kənara çıxmır. Gözəl funksiyadır, amma, əgər millətdə yaradıcılıq gücü qanqal əkib quru ot becərirsə, öz tarlasından alaq və xəzan yığırsa, ola bilsin, daha yaxşı olardı ki, bununla fermada fəhlələr məşğul olsun.

Mən yenə deyirəm, dilin həyatı, onun vəhdəti, ümumxalq istifadəsi və bununla bağlı hər şey şairin fantaziyasının məhsulu olub və olacaq. Bəs bizdə şair varmı? Var. Bizim şairimiz var. Şərqin hər sakini tarlada, bağda, toxucu dəzgahının arxasında, məbəddə, kafedrada, kitabxanada şair ola bilər. Şərqin hər sakini təqlidçiliyin və ənənələrin əsarətindən qurtarıb həyatın hərəkətində günəşə doğru gedə bilər. Şərqin hər sakini ruhunda gizli olan yaradıcılıq gücünə tabe olub - həmin o sabit gücə ki, daşlardan Allaha oğullar ucaldır.

İstedadla nişanələnən şair və nasirlərə deyirəm: öz xeyriniz adına qabaqda gedənlərin izi ilə getməyin. Sizə və ərəb dilinə kənardan alınan mahiyyətdən tikilən uca bir imarətdənsə öz təbii mahiyyətinizdən kasıb bir daxma tikmək daha yaxşı olar. Ruhunuzun qüvvəsi ilə elegiyalardan, mədhiyyə və tərifçilikdən çəkinin. Sizə və ərəb dilinə öz qəlbinizi büt və müqəvvaların qabağında xoş ətir saçmaq üçün yandırmağa verməkdənsə, etinasızlıqla unudularaq ölmək daha yaxşıdır. Öz milli qürurunuzda Şərq həyatını heyranedici kədər və sevincləri ilə təsvir edin. Sizə və ərəb dilinə Qərbin ən məşhur və gözəl kitablarını təqlid etməkdənsə, öz mühitindən ən sadə hekayəni götürüb onu öz fantaziyaları ilə bəzəmək daha yaxşı olar.

 

 

Cübran Xəlil Cübran

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.3.