Allahın rübaisi

 

Ad günü münasibətilə

 

Bəlkə lap dünyaya gəldiyim gündən

Mən bütün ruhumla şerə məftunam.

Bütün gözəlliklər şeirdir mənə,

Məni şerə vurğun doğmuşdur anam.

 

Şeirlər içində ən çox sevdiyim

Rübai olmuşdur, indi odur.

Hətta Aidaya baxdığım zaman

Gözümün önündə rübai durur.

 

Məncə Aida da bir rübaidir,

Yazanı Allahdır bu rübainin.

Candan vurulardı görsəydi onu

Rübai Allahı Xəyyam da yəqin.

 

Aida ilahi bir rübaidir*,

Gözləri, qaşları iki beyt kimi -

füzuli şerinin iki şah beyti

Gözəllik heykəli, könül hakimi.

 

Məcnun ilə Leyli evlənsəydilər

Uşaqları yəqin ona bənzərdi.

Bir qız doğulsaydı nigahlarından

O əsmər nazənin ona bənzərdi.

 

Aida baxarsa axar bir suya,

O su dəyişilib gülab olacaq.

Aidanın əksi düşsə güzgüyə,

Güzgünün qucağı güllə dolacaq.

 

O Həvva olsaydı, cənnətdə İblis

Adəmə yüz kərə səcdə edərdi.

Züleyxa olsaydı, bütün cavanlar

Yusifə dönərdi, Misrə gedərdi.

 

Mən ona səadət dilənçisiyəm,

Ensin ayağına elmin meracı.

Diləyim budur ki, ölməyim, görüm

Mən onun başında doktorluq tacı.

 

 

19.04.80.

C.Əkrəm

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.3.