Hələ yaşamağa dəyər

 

Meşə cığırları dönüb bir çaya,

Torpaq yağışlardan bəhrələnibdir.

Necə gözəl olub təbiət, Allah -

Quru kötüklər pöhrələnibdir!

Gəzmək istəyirəm dünyanı yazda -

Hardasa, hardasa məni duyan var,

Hələ yaşamağa dəyər bir az da.

 

Təkliyi keçmişə ötürməliyəm,

Ömrümə bir yoldaş gətirməliyəm, -

Bacım arzudadı,

Anam murazda.

Hardasa, hardasa məni sevən var,

Hələ yaşamağa dəyər bir az da.

 

Yollar eniş-yoxuş,

Bələn-bələndi,

Yollar

Min ildir ki, gedib-gələndi,

 

Təzəydi,

köhnəydi,

nəydi, bilmədim,

Talada cığırlar qafiyələndi

Bu gün Bethoveni çaldılar sazda,

Hardasa, hardasa məni duyan var,

Hələ yaşamağa dəyər bir az da.

 

Mənim bir gecikmiş məhəbbətim var,

Dönüb nağıllaşan həqiqətim var.

Səni səsləyirəm, ay ev yiyəsi,

Səsimə səs versin o tayda kim var.

Dodaqlarda donan bir busə kimi

Harda görünür ki, sönə arzular.

Qıvrıla-qıvrıla bir gürzə kimi

Əsrin ovsununa yatıb Araz da

Dünyanın işini bilmək olar,

Hələ yaşamağa dəyər bir az da.

 

 

Qoymayın dünyanı adiləşməyə

 

Elə ürəklər zirvələr kimi

Qalsın o əvvəlki parlaqlığında.

Böyük məhəbbətin çəkin yükünü,

Araya tikanlı sözlər girməsin.

İşıqlı arzular solmasın deyə

Evlənən gününün səhəri günü -

Qoymayın dünyanı adiləşməyə.

 

"İşıqda kölgə var, kölgədə - işıq",

Dağ düzdən ucadır, sevinc - kədərdən.

Ay günün nuruyla tapar yaraşıq,

Şəfəqlə ayrılar axşam səhərdən.

İki sevən qəlbin yaxınlığından

Sevinc sıxlığından, işıqlığından

Qəm macal tapmasın yada düşməyə,-

Qoymayın dünyanı adiləşməyə.

 

Əriyər buzları məhəbbətin

Tutaş kirpiklərin sıx ormanları

Dönər öpülməmiş bir küt çeşməyə.

Yaşayın arzular səltənətində,

Qaldırın məhəbbət həyəcanları

Qoymayın dünyanı adiləşməyə.

 

 

Bənzəyib

 

Deyirlər ki, qız bibiyə oxşayar,

Mənim balam xalasına bənzəyib.

Anasının bacıları bir deyil,

Üzündəki xal hansına bənzəyib?

 

Dam dolusu toyu çəkib - birinə,

Şirinlikdə suyu çəkib - birinə.

Ucalıqda boyu çəkib - birinə, -

Balaca Qız qalasına bənzəyib.

 

Anasını çıxarmayıb yadından,

Od alıbdır gözlərimin odundan.

Ad alıbdır nənəsinin adından,

Şirin-şəkər laylasına bənzəyib.

 

Gəlişindən evimizə gün düşüb,

Qonşulara haray düşüb, ün düşüb.

Hansı alma budağından gen düşüb?!

Körpə ceyran balasına bənzəyib.

 

Kirpikləri yaranışdan hörgüdür,

Təbiətin təşbehidir, görküdür.

İkimizin arasında körpüdür,

Bir az mənə, bir az ona bənzəyib.

az, çox, on ay keçib ilindən,

Təzə-təzə sözlər bitir dilindən.

"Yanıqlıyam" anasının əlindən, -

yaxşı ki, xalasına bənzəyib

 

 

Sonuc

 

Hanı durna qatarı -

unutduğum misralar?

Sonuncu qatar kimi

ötüb keçdi son bahar.

Arxada batan günəş,

qarşıda sonuncu qış

ölüb gedirəm, mənə

bir az bahardan danış

Arxada soyuqdumu,

Öndə soyuqmu?

- Soyuq!

Bayırda kimsə yoxmu,

Evdə kimsə yoxmu?

- Yox!

Hənirtisi üzümdə

ovucları ovcumda.

- Burdayam, qorxma desə

Bir adam baş ucumda.

 

 

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.6.