Paxıl
musiqiçi
Şan-şöhrətinin
zirvəsində həyatının çiçəkləndiyi
bir dövrü yaşayan və son dərəcə paxıl
insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində
tək-tənha gəzişərkən hansısa böyük
evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto
Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının
bəstələdiklərinə bənzəməyən fərqli
bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt eşitməmişdi.
Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa
yüngülmü musiqidir; o, özünün bir qədər
sadəliyi ilə bəzi xalq təranələrini
xatırlatsa da, onda acı bir istehza duyulur, sanki zarafatla səslənsə
də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi. Ancaq
Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən
heyrətə gəldi. O, harmoniyanın bütün köhnə
qayda-qanunlarından azad idi, bəzən sərt və
inadlı olsa da, eyni zamanda, ən kamil ifadə səviyyəsinə
yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir
ağır zəhmətdən əsər-əlamət olmayan
füsunkar yüngüllük və gənclik təravəti
də xas idi. Ancaq çox keçmədi ki, royal susdu və
Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək,
küçədə əbəs yerə var-gəl etməyə
başladı.
- Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir ki, yaranın yeri tamamilə itib yox olsun.
Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını təlqin edən həmin bənzərsiz harmonik ifadələr.
Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri eşidildi.
- Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi.
Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi?
- Nə olub? - deyə Qorca təəccüblə soruşdu.
- Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı.
- Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə
radio ilə nə verirdilər?
- Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım!
- Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün?
- Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu.
Düzünü bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm öz otağıma, yadımdan çıxıb, yanılı qalıb.
- Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına yönəldi.
- Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi, musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o, ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi.
Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı, cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət proqramı dinlədiniz. “Tremel” firması tərəfindən təqdim olunan növbəti konsertlə...
- Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi.
Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. “Saat 1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun, Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri”. Yox, dinlədiyi musiqi qətiyyən Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi.
- Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini görüb soruşdu.
- Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur.
- Yəni, necə musiqi idi ki?
- Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim....
- Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir bəstəkar hələ anasından olmayıb.
- Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi. Mən buna yalnız şad olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil?
Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə salıblar.
- Bəs sən özün gedəcəksən?
- Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir.
Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı.
- Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...!
Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək yaxınlaşıb qulaq asdı.
Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca məsləhətləşirdilər. Cakomelli deyirdi:
- Axı, gec-tez o, hər şeyi biləcək.
- Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən şübhələnməməlidir.
Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə bilməyəcəksiniz.
Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı.
- Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan edirsiniz?
- Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə heç nə bilmir.
Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi?
O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər.
O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu. Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi.
Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr göndərməmişdi?
- Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu axşamdır?
Mariya təsviş içərisində özünü yetirdi:
- Mən... mən? Hə, ancaq elə bilirdim...
- Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə göndərməsinlər?
- Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam.
- Mənə də heç nə deməmisən, eləmi?
- Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə and içirəm.
Qorca özündə deyildi.
- Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim əlimdən ala biləcək!
Mariya kədərli bir səslə dedi:
- Augusto, təəssüflər olsun ki, radio işləmir....
- Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir?
- Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə “çıqq” elədi, sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb.
- Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki...
- Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın.
Mənim günahım nədir?
- Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar...
- Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?!
Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı.
O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü. Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü. Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər? Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant.
Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı.
Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar. Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi.
Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün yer üzünü fəth edəcəkdi!
Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı.
- Yox,
yox, təşəkkür edirəm.
Beləcə,
heç nə içmədən o, sonsuz üzüntü
içərisində qəhvəxanadan yağışın
altına çıxdı. - Müqəddəs Məryəm!-deyə
o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini
gözəl anlayaraq, öz-özünə
pıçıldadı. O, hətta təskinlik
üçün bu dərdini Tanrıya da aça bilmədi:
çünki Tanrı bu cür iztirabları qəbul etmir.
Dino
Buttsati
İtaliya
İtalyan dilindən
çevirəni: Cəmşid CƏMŞİDOV
Ədəbiyyat qəzeti.-2009.-30
oktyabr.-S.5.