Qəşəm Nəcəfzadə-50
Hörmətli Qəşəm Nəcəfzadə!
Sizi - istedadlı şairimizi 50 yaşınızın tamam
olması münasibətilə
təbrik edirik.
Siz bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamısınız. Gəncə Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmisiniz. Tanınmış yazıçı Qərib Mehdinin "İlham" Ədəbi Birliyinin ən fəal üzvü olmusunuz. İlk şeriniz İmişlinin "Qızıl ulduz" qəzetində işıq üzü görüb. Daha sonralar şeirləriniz "Azərbaycan gəncləri" qəzetində, "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. İndiyədək 21 kitabınız işıq üzü görüb. "Sevginin sonunu deməyin mənə", "Yatmış dəniz şəkli", "Bir gəlin dalğa ilə yan-yana", "Gülümsəyən ağac", "Şerimin bəxti", "Sevmək istəyirəm təzədən", "Və sairə", "Ömür kitabıma düzəliş", "Qadının ölümü" və başqa kitablarınız oxucular tərəfindən maraqla qarşılanıb. Siz bir müəllim kimi gənclərimizin elmi biliklərə yiyələnməsi üçün əlinizdən gələni əsirgəməmisiniz. "Pərvanə" ədəbi məclisini bərpa etməklə gənc istedadların üzə çıxmasında, ilk şeirlərinin çap olunmasında və ədəbi mühitdə tanınmasında xeyli işlər görmüsünüz.
Siz həm də Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbərisiniz. Müasir şerimizi xarici ölkələrdə ləyaqətlə təmsil etmisiniz. 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya festivalının iştirakçısı olmusunuz. İndiyə kimi xarici ölkə xalqlarının dillərində 7 (5-i xaricdə, 2-si Bakıda) şeir kitabınız işıq üzü görüb. 2008-ci ildə mətbuatda dərc olunmuş şeirlərinizə görə Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüsünüz.
Hörmətli Qəşəm Nəcəfzadə!
Sizi bir daha yarıməsrlik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.6.