Məmməd İsmayıl - 70
Hörmətli Məmməd İsmayıl!
Sizi - görkəmli şairimizi 70 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz yarım əsrdən artıqdır ki, bədii yaradıcılıqla məşğulsunuz. Oxucularla görüşə ilk dəfə 1957-ci ildə rayon qəzetində dərc edilmiş "Dağlar" qoşması ilə gəlmisiniz. O vaxtdan qələm əlinizdədir. Müxtəlif illərdə "Ana əlləri", "Dünyaya baxıram", "Axşamlar, səhərlər", "Söz vaxtına çəkər", "Qoymayın dünyanı adiləşməyə", "Bəxtimə düşən gün", "Hələ yaşamağa dəyər", "Dünya bizim evimizdir", "Aman təklik əlindən" və s. kitablarınız nəşr edilmişdir. Türkiyədə "Bu qan yerdə qalan deyil", "Bəxtimə düşən gün", "Türkün sevgisi" adlı kitablarınız işıq üzü görmüşdür. Bir şair kimi ədəbiyyatımıza, poeziyamıza böyük töhfələr vermisiniz. Zamanın, dünyanın təzadları, cəmiyyətdə baş verən mənəvi-ictimai proseslər və nəhayət, bizə bəxş olunmuş gözəlliklər yaradıcılığınızda poetik ifadəsini tapır. Sadəlikdən, eyni zamanda, müdriklikdən yoğrulmuş şeirləriniz qiymətli sənət nümunələri kimi neçə-neçə nəsilləri sevindirəcək, düşündürəcək. Sizin yaradıcılığınız ölkəmizin hüdudlarından kənarda da tanınır və sevilir. Əsərləriniz xarici dillərə tərcümə olunmuşdur. Siz qələminizi nəsrdə də sınamısınız. "Azərbaycan" jurnalında oxuculara təqdim etdiyiniz "Bayat" povestiniz bu günlərdə Fransada fransız dilində çapdan çıxmışdır. Eyni zamanda, Türkiyə ədəbiyyatından nümunələri dilimizə çevirmisiniz. Siz elmi tədqiqatla da məşğulsunuz. "Çağdaş Azərbaycan poeziyasında aşıq şeri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmisiniz.
Ədəbi uğurlarınıza görə 1969-cu ildə Respublika Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı, 1978-ci ildə ümumittifaq Ostrovski mükafatına və Respublika komsomol mükafatına layiq görülmüsünüz. 1997-ci ildə sizə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin "Türk dünyasına xidmət" mükafatı təqdim edilmişdir.
1964-cü ildə indiki Bakı Dövlət Universitetini, 1975-ci ildə SSRİ Yazıçılar İttifaqının Ali ədəbi kurslarını bitirmisiniz. Əmək fəaliyyətinə doğulduğunuz Tovuz rayonunun Əsrik Cırdaxan kəndində klub müdiri kimi başlamısınız. Sonralar rayon qəzetində, Keşlə maşınqayırma zavodunda, Azərbaycan Dövlət Teleradio Komitəsində, "Azərbaycanfilm" Kinostudiyasında, "Yazıçı", "İşıq" nəşriyyatlarında məsul işlərdə çalışmısınız. 1987-1992-ci illərdə ədəbi ictimaiyyətin və ədəbiyyatsevərlərin maraqla izlədiyi "Gənclik" və "Molodost" jurnallarının baş redaktoru olmusunuz. Bir müddət Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rəhbərlik etmisiniz. 1999-cu ildən Türkiyənin Çanaqqala Universitetinin müəllimisiniz.
Hörmətli Məmməd müəllim!
Sizi bir daha 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-30
oktyabr.-S.4.