Yazıçılar
Birliyində
Dünən Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli
şair Məmməd İsmayılın yetmiş illiyi ilə
bağlı yubiley tədbiri keçirildi. Tədbiri açan
və idarə edən AYB sədri, xalq
yazıçısı Anar giriş sözündə
M.İsmayılın şair və naşir kimi ədəbiyyatımızdakı
dəyərli xidmətlərindən danışdı,
hazırda Türkiyədə yaşayan və yaradan
yubilyarın elmi-pedaqoji fəaliyyətinə də toxundu. "Atanı
itirmək sosial problemdirsə, ananı itirmək psixoloji
problemdir" - deyən Anar erkən yaşlarında müharibədən
qayıtmayan atasını itirmiş Məmməd
İsmayılın ana himayəsində çətinliklə ərsəyə
yetdiyini, keşməkeşli, əzablı bir həyat yolu
keçdiyini iştirakçıların diqqətinə
çatdırdı və onun istedadı, zəhməti, iradəsi
hesabına çağdaş poeziyamızda öz layiqli yerini
tutmağı bacardığını vurğuladı. Şair
Abbas Abdulla M.İsmayılı Azərbaycanın öndə gələn
şairlərindən biri kimi dəyərləndirərək
onu yetmiş illik yubileyi münasibətilə ürəkdən
təbrik etdi.
AYB-nin məsul katibi Nazim
İbrahimov Dövlətnəşrkoma rəhbərlik etdiyi
dövrdə M.İsmayılın "İşıq" nəşriyyatını
dirçəltməyindən, dəyərli nəşrlər
üzə çıxartmağından və ümumən bir
naşir kimi söz sənətinə, kitab mədəniyyətinə
məsuliyyətlə yanaşmasından danışdı,
yubilyarı yetmiş yaşının tamamında təbrik
etdi. "Azərbaycan" jurnalının baş redaktoru
İntiqam Qasımzadə M.İsmayılı bu jurnalın ətrafında
cəmləşən müəllif kontingentində ən
istedadlılarından və ən fəallarından hesab
etdiyini vurğuladı.
Şairin həmyerlisi, jurnalist
Aydın İsmayılov uşaqlıq illərindən bu vaxta
kimi dostluq etdiyi M.İsmayılın həm şair, həm
insan kimi çox dəyərli məziyyətlərindən
danışdı.
Nasirlərdən Seyran Səxavət,
Mustafa Çəmənli, şairlərdən Musa Ələkbərli,
Adil Cəmil, Zirəddin Qafarlı, Qulu Ağsəs, Dayandur
Sevgin, Məlahət Yusifqızı, tənqidçi Vaqif
Yusifli çıxış edərək yetmiş yaşı
tamam olan görkəmli şairin poetik
yaradıcılığına, elmi-pedaqoji fəaliyyətinə,
naşirlik xidmətinə yüksək dəyər verdilər.
Sonda M.İsmayıl başda AYB sədri, xalq
yazıçısı Anar olmaqla bütün
iştirakçılara öz təşəkkürünü
bildirdi.
Ədəbiyyat
qəzeti.-2009.-30 oktyabr.-S.4.