"Vətən mənim içimdə"

 

Çağdaş şerimizin istedadlı yaradıcılarından, öz səsi, öz sözü, öz nəfəsi olan görkəmli şair - Məmməd İsmayılın 70 yaşını qeyd edirik. Bəzən nəinki yetmiş, altmış, hətta əlli yaşını haqlamış adamlara təsəlli verirlərmiş kimi, deyirlər: sən artıq müdriklik yaşına yetdin. Məncə, bu təsəlli şairlərə aid edilə bilməz. Şair, əlbəttə, söhbət əsl şairlərdən gedir - elə doğulandan, daha doğrusu, poeziya aləmində ilk addımlarından dünyanı müdrikcəsinə dərk edir. Dünya haqqında yetmiş yaşında qavradıqlarını on yeddi yaşında da bilir. Əlbəttə, yaşanılmış illərin keşməkeşləri, ömrün çeşidli sınaqları, həyatın acılı-şirinli təcrübəsi onun dünyasını zənginləşdirir, dünyagörüşünü genişləndirir, dünyaduyumunu cilalayır. Amma onun varlığı, şair "mən"i dəyişmir. Öz dünyası olmayan şair yoxdur.Təbii ki, şairlik daha çox gənclik sənətidir. Dünyasını erkən dəyişmiş şairlərin irsi siqləti etibarilə bəzən - uzun ömür sürmüş sənətkarların mirasından kasıb olmur. Amma qismətinə daha böyük ömür möhləti düşmüş şairlər istedadının daha çox yönlərini, cəhətlərini, səpkilərini açmaq imkanına sahib olur.

Şairin gənclik dövrüylə ahıllıq dövrü arasında fərq - çinar pöhrəsinin qocaman Xan çinarla fərqi qədərdir.Qol-budaqlı Xan çinarın kölgəsi daha əhatəlidir, amma onun yarpaqları dəyişib vələs, palıd yarpağı ola bilməz, çinar yarpaqları elə həmin fidan dövrünün yarpaqlarıdır.

Məmməd İsmayıl yaradıcılığının müxtəlif mərhələləriylə tanış olduqca onun sənətkarlıq məharətinin püxtələşməsini, mövzu üfüqlərinin genişlənməsini müşahidə etmək olar, amma bu təbəddülatda onun şair sifəti ilk qələm təcrübələrinin istiqamətindən yayınmır.

Məmməd öz nəslinin bir çox başqa şairləri kimi müharibə dövrünün övladıdır bu dövrün bütün ağrı-acılarını, yetimlik dərdini yaşamış insandır. Mən bir dəfə yazmışdım ki, uşaqlıqda atanı itirmək sosial problemdir, ananı itirmək psixoloji problem. Müharibədə atasını itirmiş Məmməd bu sosial problemin bütün əzab-əziyyətini yaşamışdır, amma xoşbəxtlikdən qismətinə onun qədər acı olan ana itkisi düşməyib. Ana şəfqəti, ana fədakarlığı ona ata qayğısını da əvəz edib şair ən təsirli şeirlərində bu mövzuya dönə-dönə üz tutub.

O uzaq müharibənin ağrı-acıları, itkiləri hələ qəlblərdə qövr edərkən taleyimizə başqa savaşın sınaqları çıxdı. Qarabağ qarşıdurması, Xocalı müsibəti, Bakının Qara yanvarıBu mövzular da Məmməd İsmayıl poeziyasına damğasını vurub. 20 yanvar dəhşətinin təsiriylə Məmməd qəzəbli üsyankar "Bu qan yerdə qalan deyil" şerini yazdı:

 

Dayanmasa, dayansa da,

Gələn vaxt-vədə yansa da,

Zülüm ərşə dayansa da,

Bu qan yerdə qalan deyil.

 

Yoxsa sönər bu od-ocaq,

Kim söndürüb unudacaq?

Hələ çoxunu tutacaq

Bu qan yerdə qalan deyil.

 

Haqqın, ədalətin bir gün hökmən zəfər çalacağına inanan şairin gəldiyi nəticə bədbinliklə deyil, həyata, dünyaya inamla köklənib:

 

Necə gözəl olub təbiət, Allah -

Quru kötüklər pöhrələnibdir!

Gəzmək istəyirəm dünyanı yazda

Hardasa, hardasa məni duyan var,

Hələ yaşamağa dəyər bir az da.

 

Mənim bir gecikmiş məhəbbətim var,

Dönüb nağıllaşan həqiqətim var,

Səni səsləyirəm, ay ev yiyəsi,

Səsimə səs versin o tayda kim var.

Qıvrıla-qıvrıla bir gürzə kimi

Əsrin ovsununa yatıb Araz da,

Dünyanın işini bilmək olar,

Hələ yaşamağa dəyər bir az da.

 

Dünyanın işini bilməmək - dünyanın ən gözlənilməz gedişlərinə - gərdişlərinə inamla bağlıdır. Dünən bizə çatışılmaz xülya kimi görünənlər bir gün dönüb həqiqət olur. Hansımız düşünə bilərdik ki, elə bizim nəslin ömrü boyu Azərbaycanımız müstəqilliyini qazanacaq. Qarabağla, başqa çətin problemlərimizlə bağlı min cür qayğılarımız varsa da, tərəzinin bir gözünə bütün bunları, o biri gözünə müstəqilliyimizin fərəhini qoysaq, müstəqillik gözü ağır gələr.

Məmmədin "Qoymayın dünyanı adiləşməyə" çağrışı da məhz həyatın bu gözlənilməz möcüzələrdən soraq verir. kədərli duyumların, həsrətin, qəm-qüssənin içindən birdən-birə incədən-incə lirik örnəklər meydana çıxır:

 

Dağların başına düşən qardımı,

Dumandan xəbərsiz, çəndən xəbərsiz.

Sinəmi göynədən intizardımı

Qəlbimdən xəbərsiz, məndən xəbərsiz?

 

Gör mənim qismətim nələr, nələrmiş,

Sən uzaq saydığın yaxın gələrmiş?

Sən demə dağlara qar ələnərmiş

Dumandan xəbərsiz, çəndən xəbərsiz.

 

Bu sözlərə yazılmış lirik mahnını Flora xanımın təkrarsız ifasında dinləməyi çox xoşlayıram.

Məmmədin şeirlərində zərif yumor hissi bu poeziyanın bir rəngi, bir naxışıdır. Qızına həsr etdiyi "Bənzəyir" şerində yumor xəfif bir zarafatla ifadə olunub.

Neçə ildir ki, Məmməd İsmayıl qardaş Türkiyədə öyrəncilərə ədəbiyyatımızı tədris edir. Məmməddən qat-qat az müddətdə olsa belə, mən Türkiyədə yaşamış çalışmışam. Ona görə Məmmədin qürbət şeirlərindəki həsrət duyğuları mənə yaxşı tanışdır. Bəzən çox bədbin fikirlər elə onun bu Vətən həsrətindən qaynaqlanır:

 

Hələ bir kimsənin yoxdu xəbəri

Məni bu yerlərə səsləyən nədir,

Bəlkə , kim bilir, qürbət elləri

Qərib məzarların həsrətindədir.

 

Gəlir damağıma ölümün dadı,

Güllə açılacaq, tiyə çıxacaq.

O yerlər dirimə sahib durmadı,

Gəlib ölüməmi yiyə çıxacaq.

 

"Uman yerdən küsərlər" - deyirlər. Məmmədin taledən, qismətdən, həyatdan, vətəndən, dünyadan isə ummağa haqqı var, amma küsməyə haqqı yoxdur, yəni əslində şair umsa da, küsmür. Çünki küsmüş olsaydı, daha şeir yazmazdı kiŞeir yazmaq, hətta umacağını, incikliyini poeziya diliylə ifadə etmək elə həyatla, dünyayla barışmaq deyilmi?

Bir həqiqət var ki, Rza Tofiqdən Nazim Hikmətəcən, Almaz İldırımdan Həmid Nitqiyə qədər türk dünyasının bir sıra dəyərli şairləri ən təsirli şeirlərini qürbətdə, vətən həsrətiylə yaradıblar.

Başqa bir Türkiyə şairinin - Kamaləddin Kamunun da məşhur sətirləri var:

 

Mən qürdətdə deyilim,

Qürbət mənim içimdə.

 

Mənə elə gəlir ki, bu sözlərin başqa qarşılığı da var:

 

Mən vətəndə deyiləm,

Vətən mənim içimdə.

 

Uzun, ya qısa müddətdə dost, qardaş məmləkətdə yaşayan, doğma vətənindən ayrı düşmüş Məmməd İsmayıl bu gün doğulduğu, boya-başa çatdığı yurdunda deyilsə , bu yurdu, bu vətəni, bu torpağı öz içində yaşadır gözəl şeir misralarıyla dünyaya, insanlara, ana dilinə qaytarır.

Ədəbiyyatımız üçün , xalqımız üçün ən önəmli olan elə budur!

70 yaşın mübarək, Məmməd!

 

 

ANAR

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.4.