Yeni dialektoloji lüğət

 

Hamımız yaxşı bilirik ki, Azərbaycan adı ilə tarixdə və reallıqda mövcud olan etno-mədəni məkan yalnız Azərbaycan Respublikası ərazisi ilə məhdudlaşmır. Bu məkanın hüdudları bir ucu Dərbənd, digər ucu Kərkük, Mosul, bir ucu Batum, Qars, digər ucu Təbriz, Qəzvin olmaqla Qara dənizdən Xəzər dənizinin bütün şərq və cənub sahilləri boyu böyük bir ərazini əhatə edir. Bu məkan Azərbaycan xalqının tarix səhnəsinə gəldiyi, doğub-törədiyi, formalaşdığı, bir xalq, bir millət olaraq özünü təsdiq etdiyi və dünyaya qəbul etdirdiyi məkandır.

Bu gün dünya ictimaiyyətinə "Ermənistan Respublikası" adı ilə təqdim olunan 29,8 min kv.km-lik böyük bir ərazi də həmin məkanın tərkib hissəsi, qədim Türk-Oğuz yurdu, ulu əcdadlarımızın oylaq, ovlaq, əkənək, biçənək, yaylaq və qışlaq yerləridir. Həm də Azərbaycan ölkəsinin sərhədi yox, mərkəzi regionlarındandır. Bunu təkcə dostlarımız yox, düşmənlərimiz də yaxşı bilir. Bilir, lakin bir çoxları müəyyən səbəblər üzündən özünü bilməməzliyə vurur və bizi də hər dəfə tarixi həqiqətləri dünya ictimaiyyətinə təzədən, hər dəfə yeni-yeni müstəvilərdə sübut etmək məcburiyyəti qarşısında qoyur. Bəlkə belə daha yaxşıdır. Çünki biz bu həqiqətləri növbəti dəfə sübut etməyə çalışarkən hər dəfə unutduğumuz və unutmadığımız tarixi təzədən təkrar edir, bəzən özümüzə belə məlum olmayan yeni-yeni faktların izinə düşür, üstünə gedib çıxır, özümüzü bir az daha ətraflı, bir az daha dolğun öyrənir, dərk edir, tanıyır və dünyaya da daha mükəmməl şəkildə tanıtmaq imkanı qazanırıq. Bu mənada, düşmənlərimiz öz cırtdan ağılları ilə əslində yenə bizə işləyirlər.

Son iyirmi ildə Qərbi Azərbaycan torpaqlarının tarixi, coğrafiyası, toponimikası, folkloru, abidələri, etnoqrafiyası, təhsili, şəxsiyyətləri və s. məsələlərlə bağlı çoxlu tədqiqatlar işıq üzü görüb. Biz hər dəfə sübut etmişik ki, bu torpaqların ən qədim dövrdən üzü bəri bütün maddi və mənəvi mədəniyyət sərvətləri Azərbaycan xalqına mənsubdur. Bunu sübut etmək o qədər də çətin olmayıb. Çünki biz həqiqətin sorağında olmuşuq, bədxah qonşularımız kimi yalanları həqiqət kimi qələmə verməyə çalışmamışıq. Lakin sübut etdiklərimizi nəinki dünya, hətta bəzən özümüzünkülərə belə qəbul etdirmək çox çətin olub. Bunun da məlum səbəbləri var. Çünki biz tarixin müəyyən mərhələsindhə islam dinini qəbul edərkən islamaqədərki bütün mədəniyyətimizdən mənən, ruhən bir müddət imtina eləmişik, sonra isə ümumiyyətlə imtina eləmişik. İmtina elədiklərimizin də bir hissəsi tarix səhnəsindən bütünlüklə silinibsə, digər hissəsi də başqaları tərəfindən mənimsənilib, özününküləşdirilib. Həmin mənimsənilən tarix, mədəniyyət başqa xalqın adına transformasiya olunarkən təkcə deformasiyaya, saxtalaşdırmaya məruz qalmayıb, həm də elə həmin deformativ şəkildə dünya ictimaiyyətinə, dünya elminə sırınıb və öz həqiqətlərimiz dünyanı dolanıb təzə yarlıqla, təzə etiketlə, başqasının möhürü-ştampı ilə özümüzə qayıdıb, özümüzün, balalarımızın şüuruna yeridilib. İndi biz tarixi həqiqətlərimizi dünyaya qəbul elətdirmək üçün əvvəl öz şüurumuzu format eləməli, yalançı və yabançı elmi informasiyalardan təmizləməliyik.

Xoşbəxtlikdən, elə etno-mədəni hadisələr də var ki, onları saxtalaşdırmaq, başqa millətin adına mənimsəmək mümkün deyil. Onlar yalnız onu yaradan millətin sərvətidir və həmin millətin sərvəti olaraq da qalacaq. Lap həmin millət latın milləti kimi tarix səhnəsindən silinib getsə belə! Yəqin başa düşüldü ki, ilk növbədə söhbət dildən gedir. Təsadüfi deyilməyib ki, bir milləti məhv eləmək üçün əvvəl onun dilini əlindən almaq lazımdır. Deməli, bir milləti yaşatmaq, onu və onun olanları təzədən ona qaytarmaq üçün də ilk növbədə onun dilini özünə qaytarmaq lazımdır.

Bu gün düşmən işğalı altında olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisinin bizim olduğunu sübut edən faktorlardan biri də minillərdən bəri həmin ərazilərdə yaşayan soydaşlarımızın dil elementləri, xüsusilə leksikası, o cümlədən dialektologiyasıdır. Əziz Ələkbərlinin "Qərbi Azərbaycanın dialektoloji lüğəti" kitabı bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, qeyd edim ki, bu kitab Ə.Ələkbərlinin Qərbi Azərbaycan mövzusundakı araşdırmalarının məntiqi davamıdır. Əgər o, "Qədim Türk-Oğuz yurdu - Ermənistan" kitabı ilə həmin ərazilərin Azərbaycan türklərinə mənsubluğunu o diyarın toponimikası ilə sübut edirdisə, "Qərbi Azərbaycan" çoxcildliyində bu işi həmin ərazilərin tarixini, coğrafiyasını, etnoqrafiyasını, şəxsiyyətlərini və s. araşdırmaqla həyata keçirdi. Qərbi Azərbaycan folkoruna dair toplama materialları və araşdırmaları ilə həmin işi bu dəfə folklor müstəvisində reallaşdırdı. Son vaxtlar Ə.Ələkbərlinin "Qərbi Azərbaycan abidələri" kitabı işıq üzü gördü və bu kitabla bir daha sübut olundu ki, müəyyən dövrə (konkret olaraq XV əsrin ortalarına) qədər o torpaqlar və o torpaqlar üzərindəki bütün tarixi maddi mədəniyyət nümunələri Azərbaycan xalqına mənsubdur.

Və nəhayət, hazırkı kitabında Ə.Ələkbərli Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın yaratmış olduğu daha bir sərvətə - dil özəlliklərinə, daha dəqiq desək, leksikasına sahib çıxmağa qalxır. Kitab Qərbi Azərbaycanın qədim Türk-Oğuz yurdu olan indiki "Ermənistan"ın bütün bölgələrinin dialektoloji lüğətini əhatə edən çoxcildlik kimi nəzərdə tutulmuşdur. Hazırkı cild dünya elmi ədəbiyyatında Ararat-Ağrıdağ vadisi kimi tanınan böyük bir ərazini - Vedibasar, Gərnibasar, Zəngibasar mahallarını (Vedi, Qəmərli, Zəngibasar rayonlarını) və İrəvan şəhərini əhatə edən İrəvan çuxuruna həsr olunmuşdur.

Son zamanlar Azərbaycanın dialekt və şivələri ilə bağlı bir sıra tədqiqatlar aparılıb, yeni-yeni kitab və məqalələr ortaya çıxsa da, itirilmiş torpaqlarımız haqqında yazılanların dəyəri və əhəmiyyəti bizim üçün bir başqadır. Hər hansı bir etnos və ya etnik toplum minillərdən bəri formalaşıb yaşadığı ictimai-sosial və təbii coğrafi məkandan qoparılıb başqa bir məkana atılanda onun əvvəlki məkanda əxz etdiyi bütün dəyərlər zaman-zaman forma və məzmun dəyişikliklərinə məruz qalır. Bu dəyişikliklərin bir qismi müsbət məzmun kəsb etsə belə, əvvəlki olmadığına görə əvvəlki ilə müqayisədə bəşəriyyət və elm üçün dəyərsiz və mənasızdır. Ona görə də itirilmiş torpaqlarımız, o cümlədən Qərbi Azərbaycan mövzusundakı araşdırmalarımızın sürətini və miqyasını təcili artırmalı və genişləndirməliyik. Bu, Qərbi Azərbaycanın dialekt və şivələrinə də eyni dərəcədə aiddir.

Dialekt şivələr təkcə dilin leksik imkanlarının nümayişi deyil, təkcə millətin mənəvi xəzinəsinin hələ yığılıb-yığışdırılmamış, kənd-kənd, oba-oba səpələnmiş inciləri deyil, həm bir çox tarixi həqiqətlərin gizləndiyi çıraqlar - semiotik işarələrdir. Bu çıraqları yandırmaqla bir çox qaranlıqları işıqlandırmaq olar. Qorxmaq lazım deyil ki, çıraq heç vaxt dibinə işıq salmır. Onun dibi heç bizə lazım da deyil, çünki heç kəs çırağın dibində oturmur, hamı çırağın işığında oturur. Bizə onun işığı lazımdır.

Dialekt şivələr bəzən fərqinə varmadan gündəlik işlətdiyimiz bir çox sözlərin, ifadələrin elə arxetiplərini ortaya qoyur ki, bunun həmin sözlərin etimologiyasını aydınlaşdırmaq baxımından, dilimizin tarixi qrammatikasını öyrənmək üçün qədər mühüm əhəmiyyət kəsb etdiyini demək belə artıqdır.

Ümidvarıq ki, "Qərbi Azərbaycanın dialektoloji lüğəti" çoxcildliyinin digər cildləri yaxın zamanlarda işıq üzü görəcək bu həm Azərbaycanın yeni dialektoloji lüğətini həm yeni dialektoloji atlasını daha mükəmməl şəkildə ortaya qoymağa kömək edəcəkdir.

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.5.