Sonra da deyirlər ki...

 

Bu şeirlərin ilin-günün hansı vədəsində yazıldığının fərqində deyilik daha. İndiki halda gündəlik yaşantılarımızın, ovqatımızın durumuyla dəm-dəm olduğu səbəbindəndi ki, bu şeirlər hissimizi, duyğularımızı yerindən oynadıb, oyadıb keçir:

 

Mən hələ bir cavan bulud yaşdayam,

Yağış olmadım ki, yağıb yaşayam.

Bir göz var - istədim baxıb yaşayam,

Qoydular üz-üzə baxtınan məni.

 

Bütövlükdə Əkbər Qoşalının "Ölümlərin ötəsi" kitabında toplanan şeirlər baxtınan üz-üzə qoyulmuşların alın yazısı kimi oxunur. Bu yazılanların könlüncə oxuna bilməsi əndişəsi, qorxu-hürküsü elə bu şeirlərin öz qanında, canındadı. Acıları qucub qalan kimsənənin "Alnımı oxuyammadım - alnı belə qırışammı?" - sorğusu da ki, elə bizim hər birimizdən gələn, tanışdan da tanış olan ömür-gün səksəkəsidi.

O da düzdü ki, "taleyin dolanbac, məşəqqətli yolları şairlərin əzəli əbədi alın yazısıdı, Əkbər Qoşalının poeziyasında bu mövzunun çoxsaylı çoxçeşidli yansımaları tez-tez göz önünə gəlir" (Məhərrəm Qasımlı). Professor kitaba yazdığı ön sözdə vətənlə, əbədi ağrılarla bağlı məqamların, düşüncələrin üstündə daha çox dayanır bu mövzuların Ə.Qoşalı yaradıcılığının ana xəttini təşkil etməsinin üzərində xüsusi olaraq dayanır:

 

Qarabağda əsirəm,

Bakıda pul kəsirəm.

Sən orda can verirsən,

Mən burda kef gəzirəm;

Can, ay Təbriz!

 

"Əslində bu narahatçılıq nigarançılıq Əkbər Qoşalının əlimizdəki kitabının hər səhifəsindən keçir".

Ön söz müəllifinin müşahidələri qənaətlərimizlə həmahəng olması üzündəndi ki, sözümüzün davamını da elə onun öz yazdıqlarıyla davam etdiririk: "Bilmirəm buna görəydimi, yoxsa özümün əhvalımlamı bağlıydı, hər nəydisə, kitabı oxuyub başa çatanda o mənə ağrıyan, göynəyən bir ürəyi xatırlatdı…"

"İşim özümlə davadı" tanışlığında bulunan şair "Xoş günümü görmədin - ölləm, görərsən, qardaş" mesajının arxasınca mövlanəçilik çağırışının dost-doğmalığını sərgiləyir:

 

Xoş gün özünə qalsın,

Dar günündə mənə gəl.

Barı söhbət edərik,

Gəl, ey, gəl,

Sən yenə gəl!

 

Vücuduyla yox, vicdanıyla oruc tutub, namaz qılanların oruc-namazını "Yükü mübarək dostum" - deyə qutlayanda da, ömrün ucalığına doğru "əyilib yurd yerində bir çiçəyi öpüb get" yolunu göstərəndə Əkbər Qoşalı səmimidi. Bu səmimiyyət onun ən ağrılı, sərt ironiya ilə izlənən yaşantılarında da öz mərtəbəsindən enmir:

 

Bütün yataqxanalarda yaşayanlar

köçəcək -

heç olmasa qəbirə.

Bütün ölənləri tapşırırlar

heç olmasa qəbirə.

 

Bütün torpaqdakılar gedirlər

heç olmasa cəhənnəmə.

Bütün cəhənnəmdəkilər

az qala

yenə "heç olmasa" deyəcəkdim

 

Eyni ironik ovqat Əkbərin "Mən türkəm", "Söyləmə" şeirlərinə hakimdi. Onun şeirlərini minilliklərin o tərəfindən süzülüb gələn bir qos-qocalıq, ahıllıq izləyir. İllah da "qardaş, səndən uzaqlaşmaq istədim - uzaqlar qardaşım olmadı" yazdığı yerdə. İllah da "həmişə belədi - ölməyə vaxt çatmayanda vaxt özü ölümə çatır" müşahidəsi ilə üzbəüz qaldığı yerdə. İllah da "Turan söyləmələri"ndə:

 

And içəndə üz tutmuruq bayrağa,

Üz tutmuruq Göyə, Aya, novrağa,

Qulaq da yadlaşıb qurdun səsinə,

Sonra da deyirlər: - Sənin dərdin ?

 

Şair Namiq Hacıheydərlinin son sözü ilə bitən "Ölümlərin ötəsi"nə Kərkükdən Şəmsəddin Kuzəçinin, Türkiyədən Baki Yıldırımın Sabit İncənin Ə.Qoşalıya həsr etdikləri şeirləri daxil edilib.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.6.