Qərib müəllimin nəfəsi

 

"Qəşəmin şeirlərində bir Sərvaz obrazı var, mən bu obrazla tanış olduqca hörmətim artdı ona. Çünki Qəşəm onun adını o qədər şirin çəkir ki, istər-istəməz onu sevməyə bilmirsən."

Hələ 2001-ci ildə AYB-nin Natəvan klubunda Qəşəm Nəcəfzadənin "Ömür kitabıma düzəliş"inin təqdimatında etdiyi çıxışında şair Vaqif Bəhmənli belə deyirdi.

Bu sözlər deyiləndə Qəşəmin 42 yaşı var idi. Aradan keçən 8 il müddətindən sonra belə onun şeirlərindəki həmin obraz haqqında hər bir qələm adamının eyni fikir aydınlığı ilə söz açacağına ümidliyəm. Qəşəmlə tanışlığımın, qələmdaşlığımın da yaşı elə 42-di, ömrümün düz 42 ilini mən onunla bir yerdə yaşamışam - eyni kənd məktəbində birgə oxumuşuq, eyni ali təhsil ocağında birgə təhsil almışıq, eyni təşkilatlarda birgə işləmişik, eyni redaksiya qapılarını birgə döymüşük, eyni nəşriyyatlarda kitablarımız işıq üzü görüb. Qəşəmə həsr etdiyim şerin sətirləridi: "Arzular, istəklər ha ayırsa da Bağlayır xatirə bağları bizi". Ədəbi xeyirxahlarımızdan olan Abbas Abdulla arada bizi qoşa görməyəndə dodaqaltı o qədər zümzümə edib ki:

 

Yaşıldır başın, ördək,

Torpağın, daşın, ördək.

Həmişə cüt gəzərdiz,

Hanı yoldaşın, ördək?

 

Hərdən Qəşəmdən ayrı yol gedəndə, kimləsə rastlaşanda qəribə şəkildə şəklənirəm ki, elə indicə o tanış misralar zümzümə ediləcək. Mən həmişə təklikdən, tənhalıqdan Qəşəmsizlik havası duymuşam. Ədəbi ustadımız Qərib Mehdinin yazdıqları da var: "Qəşəm mənim uzaq məsafələrə hesablanmış nəfəsim, Sərvaz qabarlı əllərimdi". Lap elə bu günlərdə, oktyabrın 23-də Qəşəm Nəcəfzadə mənə zəng etdi. Necə oldusa salam-kəlamsız, təntimiş harada olmasını soruşdum. "Kənddəyəm" - dedi və bu "kənddəyəm" sözü elə bil məni götürüb yerə çırpdı. Ötən günün lap günbatan çağında ayrılmışdıq. Ertəsi gün görəcəyimiz işlərdən danışmışdıq. Mənim hesabımla Qəşəm bu tələsikliklə dünya dağılsa da kəndə gedə bilməzdi. Ancaq Qəşəm həmin o oktyabr günündə dünyasının dağıldığı - atasının qəfil vəfat etməsi xəbərini vermək üçün mənə zəng etmişdi. Xəbər o qədər gözlənilməz idi ki, nə təsəlli verəcəyimi kəsdirə bilmirdim. Çaşıb qalmışdım. Bu ağır dəqiqələrdə Qəşəmin etdiyi xahiş elə bil üstümdən ağır bir dağ götürdü: "Kəndə gələndə mümkün eləsən mənə "Ədəbiyyat qəzeti" gətir" - deyib telefonu qapadı.

"Ədəbiyyat qəzeti"nin son sayında Qəşəmin şeirləri çap olunmuşdu. Qəzet məhz atasının ölüm günündə çapdan çıxmışdı. Qeyri-iradi düşündüm ki, bu durumda, bu ağır günündə belə bir xahişi ancaq mənim tanıdığım və bütün xarakter cizgilərinə qədər əziz olan Qəşəm Nəcəfzadə edə bilər. Baxmayaraq ki, bu günə qədər 20-dən çox şeir kitabı çap olunub, Amerikada, İranda, Türkiyədə, Hollandiyada, Gürcüstanda, Kanadada şeirlər kitabı işıq üzü görüb, ən mötəbər qəzet və jurnallarda şeirlərinə yer ayrılıb, buna baxmayaraq o ağır günündə Qəşəm məndən ancaq şeri çap olunmuş qəzetin bir-iki nüsxəsini ona çatdırmağı yenicə çap olunan gənc bir qələm adamının marağı, istəyincə xahiş edirdi. Bu xahiş, bu istək əslində Qəşəmin 50 illik ömrünün şeirə-sənətə olan məcnunluğunun ən gözəl ifadəçisi, canlı portreti idi. Qəşəmin sənətə münasibətinin barometridi həmin xahiş.

Hər ikimizin sənət yolu üstündə Qərib Mehdi, Anar, Elçin, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Abbas Abdulla, Nizami Cəfərov, Ələkbər Salahzadə, Paşa Qəlbinur, Vaqif Yusifli, Qəzənfər Paşayev, Mustafa İsgəndərzadə pasibanlığının, yaxşılığının kölgəsi var.

Bu kölgə olmasaydı, bizim üçün heç bugünkü ədəbi uğurlar da olmazdı. Çin şairi Yu Cha yazmazdı ki, Qəşəm yeni dünyanın ən maraqlı şairidi, amerikalı sənətdaşı Artur Sze "Amerikada gördüyüm bir mənzərəni Qəşəmin bir şerində gördüm" - deməzdi. Bu isə Niderland şairi Jonita Hootenboomun qənaətidi: "Qəşəm şeirlərində həyatı özünə cəlb edir, tanış olduqca həyatı və özünü dəyişdirmək istəyirsən". Üstə gəlirik belçikalı tərcüməçi Jean Maris flemalın müşahidəsini: "Mən həmişə xəritədə Xəzər dənizinə baxıram. Bilirəm ki, bu dənizin sahilində Qəşəm Nəcəfzadə var. Nə yaxşı ki, var…"

Elə mən də… Ömür yolumun bütün sınırları, çölü, dışı boyunca o, mənimlə birgə olub, yaxşı ki, olub, olacaq da… Bu, həm də poeziya ilə, sənətlə baş-başa olmaq deməkdir.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-30 oktyabr.-S.6.