“Bu tədbir həm də mənəviyyatımızın bayramına çevriləcək”
- Çingiz müəllim,
bildiyimiz kimi sentyabrın 10-12-dək Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
ölkəmizin paytaxtında I Beynəlxalq Kitab Sərgi -
Yarmarkası keçiriləcək. Artıq Sərgi-Yarmarkada
20 xarici ölkənin nəşriyyat və poliqrafiya müəssisələrinin
iştirakı təsdiqlənib. ABŞ, Türkiyə,
İran, Pakistan, Belorus, Tacikistan, Qırğızıstan,
Türkmənistan, Qazaxıstan, Ukrayna, Rusiya, Polşa,
Slovakiya, Estoniya, Latviya və digər ölkələr artıq
bu sərgidə iştirakları üçün müraciət
ediblər. İstərdik ki, bu möhtəşəm tədbir
haqqında fikirlərinizi bizimlə bölüşəsiniz?
-
Ölkəmiz öz müstəqilliyini əldə etdikdən
sonra kitab nəşri işi keyfiyyət etibarı ilə tamam
yeni mərhələlər yolu keçmişdir. Bu iş istər
mövzu genişliyi, istər nəşr və kitabların
poliqrafik icrası, istərsə də onların oxucu
auditoriyasına təyinatıyla bağlı əlaqələri
mənasında çox əhəmiyyətli bir xarakter
daşıyır. Düzdü, ilk dövrlər olsun ki, əlifbanın
dəyişməsi, o dövrün özünəməxsus çətinlikləri
ilə bağlı müəyyən problemlər
yaranmışdı, ancaq respublikamız, onun iqtisadiyyatı
inkişaf etdikcə, bu sahəyə dövlətin
qayğısı gücləndikcə kitab nəşri sahəsində
də müəyyən uğurlar əldə edildi. Yavaş-yavaş
nəşriyyatlar, nəşriyyat-poliqrafiya birlikləri fəaliyyətə
başladı, hazırda bu iş uğurla davam etməkdədi.
Nəşriyyatların çoxunun araya-ərsəyə gətirdikləri
çap nümunələri dünyanın qabaqcıl kitab nəşri
tələblərinə cavab vermək imkanındadı. Bu, Azərbaycan
kitabının son illər ərzində bir çox beynəlxalq
müsabiqələrdə əldə etdiyi uğurlarda da
özünü göstərir və oxuculara da yaxşı məlum
olduğu kimi, nəşriyyatlarımızın beynəlxalq
müsabiqələrə təqdim etdiyi kitablar ən yüksək
nominasiyalarda birinci, ikinci yerləri tutur, qalib gəlirlər. Bu,
ilk növbədə sözügedən sahəyə dövlət
qayğısının güclənməsi, ölkədə
kitab nəşri işinin xeyli demokratikləşdirilməsi
ilə bağlıdı, yəni, hazırkı kitab nəşri
işinin qarşısını kəsə biləcək hər
hansı rəsmi hissə-filan yoxdu. İndi senzura ancaq oxucu
zövqü senzurasıdı. Yəni, oxucu zövqünün
qəbul etmədiyi nəşr nümunələrini kitab
mağazalarına, satışa çıxarmaq mümkün
deyil. Digər tərəfdən, respublikamızda nail olunan
sürətli iqtisadi inkişaf bu sahənin də yeni
uğurlar əldə etməsinə güclü təkan
verir. Bu gün Azərbaycanda çox geniş, çoxsaylı
imkanları olan çap evləri, mətbəələr
yaradılıb. Onlar ən müasir texnologiyalarla təmin
edilmişdir və deyək ki, bu gün çap prosesini həyata
keçirən əksər müəssisələrimiz öz
texnologiya üstünlüklərinə görə
Avropanın məşhur çap evləri ilə müqayisədə
heç də geri qalmırlar. Yaxşı, peşəkar
poliqrafiya ustaları, naşirlər ordusu yetişmişdir ki,
bu işə rəvac verən səbəblərdən biri də
respublikamızın ali təhsil ocaqlarında, deyək ki, Mədəniyyət
və İncəsənət Universitetində, Bakı Dövlət
Universitetində, Texniki Universitetdə kitab çapı
işiylə bağlı sənətlərin, fənlərin
öyrənilməsi, kafedraların mövcudluğudu. Təbii
ki, yüksək ixtisaslı poliqrafçıların
yetişməsi istiqamətində bu amillər önəmli
rol oynayır. Azərbaycan kitabı, Azərbaycan naşirlərinin
çap etdiyi məhsullar eyni zamanda, dünya kitab nəşri
işinə çox böyük bir sürətlə
inteqrasiya etməkdədir.
Bu
özünü ilk növbədə Azərbaycan
kitabının iştirak etdiyi ən müxtəlif beynəlxalq
kitab sərgiləri, satış yarmarkaları, kitab
forumlarında əldə etdiyi nailiyyətlər, qazandığı
uğurlarda göstərir. Əgər sovetlər dönəmində
naşirlərimiz imkan olduğu halda ancaq və ancaq, yeganə
olaraq Moskvada keçirilən ənənəvi beynəlxalq
kitab sərgisində iştirak edə bilərdilərsə,
hazırkı halda Moskva sərgisiylə yanaşı biz bir
ucu Çindən tutmuş Misirə, Birləşmiş Ərəb
Əmirliyinə qədər, Yunanıstandan tutmuş
Almaniyaya, İngiltərəyə, Polşaya qədər ən
müxtəlif sərgilərdə, yarmarkalarda öz çap
məhsullarımızla iştirak edə bilirik. Bu sərgilərdə
çağdaş Azərbaycan elmi, bədii, ictimai fikrinin ən
müxtəlif sahələrini özündə ehtiva edən
gözəl nəşr nümunələri nümayiş
olunur və bu sərgilərdə bizim
qazandığımız uğurların göstəricisi daha
çox ondan ibarətdir ki, bu sərgilərdə Azərbaycan
ekspozisiyasına axın-axın insanlar gəlir. Kitabların
nümayiş olunduğu ölkələrin yerli əhalisi,
eyni zamanda, qonşu dövlətlərdən gəlmiş
qonaqlar, dünyanın ən müxtəlif qütblərində
yaşayan soydaşlarımızdan ibarət olan kitabsevərlər
Azərbaycan kitabına böyük maraq göstərirlər.
Bəzi ölkələrdə isə artıq Azərbaycan
kitabının məlum bir fanatlar qrupu yaranmışdır. Məsələn,
ənənəvi iştirak etdiyimiz Misir Ərəb
Respublikasının İsgəndəriyyə şəhərindəki
kitab sərgisində yerli kitabsevərlər əməkdaşlarımıza
yanaşıb böyük maraqla məlumat alır, Azərbaycan
kitabının nümayişini səbirsizliklə gözləyirlər.
Eyni fikirləri Almaniyada keçirilən ən nəhəng
kitab forumlarında, kitab sərgilərində nümayiş
olunan kitablarımıza olan maraq haqqında da demək olar. Burada
yerli sakinlər, Almaniyada yaşayan soydaşlarımız Azərbaycan
kitabına böyük maraq göstərirlər. Eyni zamanda,
taleyin və zamanın hökmüylə dünyanın
müxtəlif ölkələrinə, şəhərlərinə
səpələnmiş soydaşlarımız bu kitabları
görürlər, öz vətən həsrətlərini məhz
Azərbaycan kitabları nümayiş etdirilən seksiyalarda
ovudurlar, təsəlli tapırlar.
Dediyim
kimi, bü iş xüsusən son dövrlər, yəni, Mədəniyyət
və Turizm Nazirliyi yaranandan sonra son dərəcə
böyük bir vüsət almışdır. Əslində
demək lazımdır ki, nazirlik rəhbərliyinin bu sahəyə
diqqəti Azərbaycan kitabının rezonans dövrü
yaşamasının başlanğıcını qoymuşdur.
Bu gün şəxsən mən otuz ildən yuxarı
naşirlik təcrübəsi olan bir adam kimi əlimi ürəyimin
üstünə qoyub tam əminliklə deyə bilərəm
ki, Azərbaycanda kitab rezonansı, kitab nəşri bumunun
yaradılmasının ən böyük səbəbkarlarından
biri Mədəniyyət və Turizm Nazirliyinin bu sahəyə
yetirdiyi diqqət və qayğı ilə şərtlənir.
Eyni
zamanda, bu işlər ölkədə kitab nəşri
işinə Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
göstərdiyi diqqət və qayğının məntiqi
davamı kimi həyata keçirilir. Azərbaycan Mədəniyyətinin
Dostları fondunun dəstəyi ilə nəşr edilən
son dərəcə gözəl kitablar da kitab nəşri sahəsindəki
uğurlarımıza öz layiqli töhfəsini verir. O ki,
qaldı möhtərəm Prezidentimizin məlum fərmanıyla
böyük tirajlarla nəşr olunub kitabxanalara, Azərbaycan
oxucusuna hədiyyə edilən çağdaş və klassik
dünya ədəbiyyatı nümunələrinə, bu
kitablar elmi, mədəni, mənəvi dəyərlərilə
bərabər, həm də böyük bir maarifçilik
işi görməkdədi. Bu mənada mənim hazırkı
şəkildə Azərbaycanda kitab nəşri işinin
öz rezonans dövrünü yaşamasını deməyim
özünü doğruldur, mübaliğə kimi səslənmir.
Deyilən
işlərin davamı kimi ölkəmizdə bu il
sentyabrın onundan on ikisinə kimi keçiriləcək
Birinci Kitab Sərgi-Yarmarkası hesab edirəm ki, qanuni
inkişaf dialektikasından irəli gələn bir
addımdı və son illərdə dünyanın ən
müxtəlif beynəlxalq sərgilərində boy göstərən
Azərbaycan kitabının nümayişi, bu tədbirə
dünyanın ən müxtəlif ölkələrinin
naşirlərinin, poliqrafiya işçilərinin dəvət
olunması zəruri qanunauyğunluqdur. Bu sərgiyə
dünyanın ən müxtəlif yerlərindən - istər
islam, istər Qərb ölkələrindən
çoxsaylı naşirlərin gəlişi gözlənilir.
Artıq respublikamızda fəaliyyət göstərən nəşriyyatların
çox böyük bir hissəsi - təqribən 60-70 nəşriyyat
iştirakla bağlı bizə müraciət edib. Sərgi-yarmarkanın
keçirilməsi ictimaiyyətin geniş marağına səbəb
olacaq bir tədbirdir. İştirakçılar burada
çağdaş Azərbaycan elmi, bədii, mədəni
fikrinin daşıyıcısı olan bütün kitab
nümunələrini görmək, bu kitablarla tanış
olmaq imkanı əldə edəcək. Oxucular, kitabsevərlər,
eyni zamanda, Azərbaycan naşirləri bu sərgidə bir
araya gəlmək, görüşmək, fikir mübadiləsi
aparmaq şansı qazanacaqlar, çoxsaylı tədbirlər
keçiriləcək. Hesab edirəm ki, bu, cəmiyyətimizin
həyatında böyük mədəni hadisə,
böyük bir bayram olacaq. Quruluş belə nəzərdə
tutulub - burada xarici ölkələrin stendləri, mədəniyyət
və Turizm Nazirliyinin ekspozisiyası, ölkə Prezidentinin sərəncamı
ilə çap olunmuş kitablar, turizmlə bağlı
çap məhsulları, dərsliklər və sair nəşrlər
nümayiş olunacaq. Eyni zamanda, kitab çapında istifadə
edilən kompüter texnologiyası, mətbəə işindəki
zəruri yazı ləvazimatlarının da sərgilənməsi
nəzərdə tutulub. Sərgi-yarmarkada daha çox islam
ölkələri təmsil olunacaq. İyirmidən artıq
ölkənin sərgiyə qatılacağı gözlənilir.
Tədbirin rəsmi açılış mərasimi musiqili-bədii
proqram kimi nəzərdə tutulub. Tədbirlər çərçivəsində
nazirliyimizin Yazıçılar Birliyi ilə bərabər həyata
keçirdiyi "Poeziya günü" almanaxının, xalq
yazıçısı İsa Muğannanın 6 cildlik əsərlərinin
təqdimatı, "Qızıl kəlmə" ədəbi
mükafatının qalibləri ilə görüş də
keçiriləcək.
Dövlətimizin
iqtisadi inkişafı, kitab çapı işinə ölkə
başçısının yetirdiyi yüksək diqqət
bizə imkan yaradır ki, sərginin keçirilməsi
üçün ayrılmış çox böyük ərazini
bu tədbirin iştirakçılarına pulsuz verək. Çoxsaylı
qonaqları qarşılamaq, onları yerləşdirmək və
lazımi xidmət göstərmək imkanımız da
ölkə rəhbərliyinin bu sahəyə yetirdiyi diqqətin
hesabına mümkün olub. İnanıram ki, bu tədbirlər
ənənəvi bir hal alacaq, Birinci Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkası möhtəşəm kitab bayramına
çevriləcək.
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-
4 sentyabr.-S.3.