İllər, şəxsiyyətlər

 

“Mən atamın qızıyam”

 

- Tez-tez bizə gələrdi. Bir dəfə dəhlizdə qarşıladım, hal-əhvaldan sonra çəkələk qoydum ki, geyin keç içəri, mən də xörəyini çəkib gətirirəm. Keçdim mətbəxə. Ancaq hiss etdim ki, bayır qapı şaqqıltıyla çırpılıb örtüldü. Özümü dəhlizə yetirdim. Gördüm dədəm evdən çıxıb, liftlə üzbəüz dayanıb... Getməyə hazırlaşır. Əl-ayağa düşdüm. "Bəs mən xörək çəkirəm, sən də xəbər-ətərsiz gedirsən, nə olub belə?" Qaytıdı ki, Sevil, nə vaxt evin çirkli, tör-töküntü olarsa, onda gələrəm. O dəqiqə nə demək istədiyini başa düşdüm. Sən demə dədəm elə bilib çəkmələrinin evi çirkləndirəcəyindən ehtiyat edib ona çəkələk geyməyi təklif etmişəm, özüm də hiss etmədən qəlbinə toxunmuşam. Nə illah elədim, qayıtmadı. Getdi. Arxasınca o ki var ağladım…

Bunu unudulmaz xalq yazıçımız Əli Vəliyevin qızı Sevil xanım danışır. Və bu danışılanlar Əli Vəliyev təbiətini, xarakterini bütöv, boya-boy qapsayır. Onun unikal sadəliyini, həssaslığını, nə qədər qəribə səslənsə də, kəndçi qürurunu, sözün yaxşı mənasında sadəlövhlüyünü ən incə detallarına qədər ifadə edir.

Mənsə götürüb sevimli yazıçımızın bu günə qədər heç bir yerdə çap olunmamış, mənim üçün yenidən yeni olan və 1957-ci ilin 8 yanvarında öz dəst-xəttiylə yazdığı tərcümeyi-halını oxuyuram: "Anamın dediyinə görə Pund kəndində 1903-cü ildə kiçik çillənin oğlan vaxtı dünyaya gəlmişəm".

Xəyalımda bu sətirlərin altını cızıram. O səbəbdən ki, bütün dərs kitablarında, rəsmi məlumatlarda həmişə oxumuşuq: "Vəliyev Əli Qara oğlu (təxəllüsü olmamış, əvvəllər Zəngəzurlu imzasıyla yazıları dərc edilmiş publisist, yazıçı, tənqidçi) 28 fevral 1901-ci ildə indiki Ermənistanın (Qərbi Azərbaycanın) Sisyan rayonunun Ağdü kəndində anadan olub.

Bu deyilənlərlə yazıçının öz yazdıqları arasında uyğun gələni təkcə fevralın 28-ni xatırlamasıdı. Yəni, özünün yazdığı, anasının şəhadət verdiyi kimi, kiçik çillənin oğlan çağında dünyaya göz açıb Əli müəllim. Ancaq 1901-də yox, 1903-də. Ağdü kəndini isə öz qədim-qayım adıyla adlandırmaqdadı - Pund kəndi…

Deməli, Əli Qara oğlu "Tərcümeyi-halını 1957-ci ilin 8 yanvarında yazıb. Zaman o zamandı ki, hələ Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsir, cəmiyyət "qardaşdır ellərimiz" eyforiyasının şıdırğı qələbəliyini yaşayır. Dünya görmüş Əli Vəliyevsə özünəməxsus sadəliklə, eyni zamanda, qətiyyətlə, kişi-kişiyanə heç bir qoruq-qadağaya, mövcud şəraitə məhəl qoymadan olanı yazır: "Kəndimiz ona görə məşhur idi ki, 1905-ci ildə məşhur daşnaq başçısı Stepanyan üzərimizə hücum eləyən zaman kəndlilərimiz tərəfindən öldürülüb. 1918-ci ildə Andronikə müqavimət göstərib üç gün qızğın vuruşanlar da bizim kəndlilər idi… Andronik 1918-də ədavət saldı, nahaq qan tökdü…"

Deməli, bütün qəlbi, fəaliyyəti ilə Şura hökumətinə bağlı olan, onun ideallarına dönməz bir əqidəylə xidmət edən Əli Vəliyev öz həqiqətlərinə, tarixi olmuşlara, ən başlıcası, öz təbiətinə sadiq idi. Onun yazdıqları əslində tarixə şahidlik savaşıydı və təbii ki, o dövr üçün çapı da yasaq idi.

Yenə də "Tərcümeyi-hal"dan altını cızdığım sətirlər üzərinə qayıdıram: "Əqlim kəsənə qədər atamı kənddə görmədim. Anam deyirdi ki, Bakıdadı… Kəndimizin kövşənləri demyə olsa da, taxılı əksik olmazdı. Kəndin camaatı işlək, havası mülayim, suyu soyuq, çörəyi dadlı idi… Burada ömür sürənlər yüz yaşına çatanda belə işdən qalmaz, nazik iynəni eynəksiz saplardılar".

Bütün bu təsvir edilənlər Əli Vəliyevin ömür-gün aurası idi. İrili-xırdalı daşıdığı heç bir vəzifə, nail olduğu uğurlar, ən yüksək fəxri adlar belə onu bu auranın ağuşundan ayırmadı, onu özgə dünyanın adamına çevirə bilmədi. Öz təsvirlərində bəlkə də ifrata varırdı Əli müəllim. Yazdıqları daha çox xarakterinin şəffaflığından süzülüb gəldiyi üzündən idi ki, Əli müəllim təbiətin, taleyin, yerin-göyün təmiz, işıqlı tərəfini önə çəkirdi, doğulduğu kənddə insanların uzunömürlü olmasını, yüz yaşlarında da nazik iynəni saplaya bilmələrini şəstlə qələmə alırdı. Ancaq elə bu təbiətin, yerin-göyün Əli Qara oğlunun böyük ailəsini - ata-anasını, bacısını, ilk sevgisini ahın-ufun içində, bir göz qırpımındaca föt elədiyi həqiqəti də var idi. Bu adamlar nəinki ömrünü yüz yaşına, heç çiçəklənən vaxtınacan qala bilməmişdilər. Bu barədə onun öz əlləriylə yazdıqları da var: "Anam qəfildən xəstələndi. İkinci gün dili tutuldu, üçüncü gün dünyasını dəyişdi. Allahlığa basdırdılar.."

Arxasını Sevil xanım nağıl edir:

- Ata-anasının madar oğlunu, əziz-xələf balasını - dədəmi Cəfər kişi nökər götürür. Bütün çətinliklərə, maddi sıxıntılara baxmayaraq təhsil almaq istəyi onu bircə an da tərk etmir. Dədəm deyərdi ki, ağam evin, çölün bütün işlərini mənə həvalə etmişdi, ciddi bir tələbkarlıqla mənə nəzarət edirdi. Canını dişimə tutub birtəhər dözürdüm. Üstəlik ağa ona bir tapşırıq da verir ki, bütün işləri qurtarıb, axşam mal-qaranı örüşdən qaytaranda bir şələ odun da gətirməlidi…

Əli Qara oğlu kimi həssas, duyğulu, vüqarlı bir insanın bu tələb önündə nələr çəkdiyini yazmağa ehtiyac belə qalmır. Bəlkə iç dünyasının taleyə, yerə, göyə üsyanından irəli gəlirdi ki, o, iradəsinin və fəhminin, istedadının gücünə 1917-ci ildə Ağdü kəndində açılan üçsinifli rus məktəbində əlaçılar sırasında dərs aldı, 1925-ci ildə Şuşada Sovet partiya məktəbində oxudu, 1924-ci ildə ədəbi fəaliyyətə başladı, 1924-1925-ci illərdə bir sıra rayonlarda məsul partiya işçisi kimi çalışdı. Ağdamda çıxan "Kolxoz sədası" qəzetinin məsul katibi işlədi. 1928-1933-cü illərdə Bakı Dövlət Universitetində ali təhsil aldı, 1942-1945-ci illərdə "Kommunist" qəzetinə rəhbərlik etdi, 1949-1954-cü illərdə Yazıçılar İttifaqının katibi, 1954-1959-cu illərdə "Azərbaycan" jurnalının baş redaktoru işlədi. Xalq yazıçısı fəxri adına layiq görüldü. Ancaq bütün bunlar olana, baş verənə qədər "Od nə çəkdi, küldən soruş, baş nə çəkdi - dildən soruş…"

Sevil xanımın söylədiklərinə qayıdıram: - Çox adam elə bilirdi ki, dədəm Qubadlı rayonunun Mahmudlu kəndindəndi. Dədəmin ən ağır günlərinin sirdaşı, firqə məktəbində bir yerdə təhsil aldıqları Cəmil Eminova görə, dədəm onunla siğə qardaş olmuşdu, aralarında əhd-peyman var idi. Cəmil Eminov Qubadlıda icraiyyə komitəsinin sədri işləyəndə dədəmə olmazın yaxşılıqlarını etmişdi, onu öz yaxın qohumuyla evləndirmişdi. Anam Qumru xanım həmişə bunu şirin bir xatirə kimi danışardı. Dədəm "Zəngəzur qartalları" adlı oçerklər kitabında Cəmil Eminov haqqında "Əziz qardaşım" - deyə ən kövrək xatirələrini qələmə almışdı, "Ağ daş-qara daş, gəl olaq iki qardaş" deyib ülfət bağladıqları günləri dönə-dönə xatırlamışdı. Cəmil Eminov sonralar Mir Cəfər Bağırovun qəzəbinə gəlmiş, repressiya qurbanı olmuşdu. İndinin özündə də mənə ağır gəlir ki, gör dövr necə dövr imişsə, dədəm özü qədər sevdiyi, qardaş bildiyi adamın xilası naminə bir iş görə bilməmişdi… Özü də kim, kim - Əli Qara oğlu… Dədəm qürurlu, sadə, təvəzökar, eyni dərəcədə də şax, qətiyyətli adam idi. Bu adam heç nəyi bərbəzəkdə görmürdü. O, ilahi bir məqamın adamı idi. Vətən, yurd, dövlət sevgisi, insanları yaxşılıq hissi onun canında, qanında cövlan edirdi. Doğma Azərbaycan onun qibləsi idi…

Yenə də xatirələr, xatirələr… İndi bu olmuşları yada saldıqca kövrəlib-eləmir də Sevil xanım. Daha çox qürur, məğrurluq hissiylə söz açır atalı günlərindən:

- Həmişə uzaq səfərə çıxanda məni də özüylə aparardı. Bir dəfə Moskvada rəhmətlik Leyla Bədirbəyli, Nəbi Xəzri, dədəm, bir də mən maşınla qalacağımız mehmanxanaya gedirdik. Nəbi Xəzri qabaqda əyləşmişdi. Adəti üzrə zarafatından qalmadı:

- Əli müəllim…

- Nədi, Nəbi?

- Bu boyda yazıçısan…

- Əsas sözü de…

- Sizin bu geyiminizə baxanda heç demək olmaz ki, böyük bir yazıçısınız… Başdan-ayağa dəblə ayaqlaşmayan paltar geymisiniz. Papaqdan tutmuş şərfə, şərfdən paltoya, ayaqqabıya qədər.

Dədəm səbirlə sonacan onu dinlədikdən sonra dedi:

- Nəbi, sözünü qurtardın?

Dedi: - Hə!

Dədəm özünəməxsus danışığıyla söhbəti bitirdi:

- Nəbi, bala, bu Azərbaycanın istehsal etdiyi geyimi bir adam alıb geyməlidi, ya yox? Əyə, üzüvü çəvir o yana, sürücünün fikrini yayındırarsan…

Sevil xanım bunları qəribə bir şuxluqla danışır, sövq-təbii yaxın günlərdə görkəmli yazıçıya həsr edilmiş televiziya verilişində xalq şairi Zəlimxan Yaqubun dediyi sözləri xatırlayıram. Onun dedikləri Sevil xanımın fikirlərini yüzdə-yüz tamamlayır: - Əli Qara oğlu Azərbaycanı, onun təbiətini dünyanın heç bir cənnət guşəsinə, barı-barxanasına dəyişməzdi. Hər cür imkanları olmasına baxmayaraq, o, məzuniyyət günlərini o zamanın məşhur istirahət guşələrində yox, Laçında, Kəlbəcərdə, İstisuda keçirməyə üstünlük verərdi. Həyatda o şəxsiyyətlər zaman-zaman yaşayır ki, Yaradanının ona verdiyi ömür payını xalqına, onun inkişafına, mədəniyyət və ədəbiyyatına sərf etsin.

Böyük ağsaqqal, gözəl yazıçı, varlığı folklordan yoğrulmuş Əli Qara oğlu belələrindən idi. Əli Qara oğlunun şəxsiyyətini, varlığını bir sözlə ifadə etmiş olsaq ilk yada düşən söz xeiyrxahlıq mücəssiməsi ifadəsi olar. Son dərəcə dəqiq adam idi. Onun işə gəlməyi ilə saatını düzəldənlər olardı. Ömür dəftərində ilahi bir dəqiqlik hökm sürürdü. Mən xoşbəxt adamam ki, həyatımda qoşa dağın yeridiyini görmüşəm: Əli Vəliyevlə Süleyman Rəhimovu… Axundov kitabxanasının qarşısındakı qoşa çinar ağacının yanında dayanmışdılar. Süleyman Rəhimov dedi: "Əli Qara oğlu, o ağac sənsən, bu ağac da mənəm…” Əli Vəliyev səmimiyyətiylə, mərdanəliyilə, minillik təfəkkürə söykənən yumoruyla təkrarolunmaz idi. Bir dəfə radioda çıxış edibmiş, aradan az keçməmiş kassadan qonorarını almağa gəlir. Deyirlər Əli müəllim, belə tez verə bilmərik, hələ sənədlər hazırlanmayıb. O da özünəməxsus səmimiyyətlə dediyindən qalmayıb: - Bir dəfə sizdən qonorarımı gec aldım, müharibə başladı…

Z.Yaqubun sözünün-söhbətinin şirinliyi, dadı-tamı öz yerində, o verilişdə xalq şairi Nəriman Həsənzadə, yazıçılardan Nahid Hacızadə, Əlibala Hacızadə də unudulmaz Əli Vəliyev haqqında ən səmimi duyğularla söz açırlar. Nəriman müəllimin dedikləridi: "Əli Vəliyev haqqında danışanda o nəslin Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev kimi görkəmli şəxsiyyətləri göz önünə gəlir. Hərəsi bir epoxaydı. Hər biri ayrı-ayrılıqda bir yaradıcılıq ocağı idi. O zaman bir şair, yazıçı görəndə elə bil ruhən böyüyürdük, onları gördüyümüzə, onlarla ünsiyyətdə olduğumuza görə bizə pərəstişlə baxırdılar, əfsanələşdirirdilər. Onlar da özlərini elə o cür uca, böyük aparırdılar. Əli Vəliyev xüsusi hörmət bəslədiyim bir şəxsiyyət idi. Mən onu mərd, bütöv adam kimi sevirdim. Onda ikinci bir söz yox idi, şax, düzü-düzünə - ya "hə", ya "yox" deyərdi. Əli Vəliyev xarakter idi. Əli Vəliyev obraz idi. Dediyi sözün ağası, gördüyü işin qulu idi. O, sözünü deyə biləmyi bacaran adam kimi yaşadı, yazdı, yaratdı".

Nəriman müəllimin sözünün ardını yazıçı Nahid Hacızadə gətirir: "Bu günlərdə mənim bir xatirələr kitabım çapdan çıxıb. İyirminci əsrdə Azərbaycan ədəbiyyatının ən görkəmli simaları haqqında olan düşüncələrimi qələmə almışam. Onlardan biri də Əli Vəliyevdi. Əli müəllim koloritli, zəngin insan idi. Ağsaqqallığı üst qatdaydı. Azərbaycan dilinin canlı ensiklopediyası kimi sevilirdi, ləhcələri, şivələri bənzərsiz şəkildə ipə-sapa düzər, yerində işlədərdi. Əli müəllim çox mərd-mərdanə, sözü üzə şax deyən, yar-yoldaşa vəfalı, dostluğu ucadan uca tutan, Tanrısı zəhmət olan, qəlbi xalq hikmətiylə dolu, işıqlı bir şəxsiyyət idi…"

Sonra da gəlir Əlibala Hacızadənin dedikləri: "Özündən əvvəl əsərləri ilə tanış idim. Universiteti bitirdim. 1964-cü ildə çapdan çıxan "Heykəl gülür" adlı kitabım haqda "Bakı" qəzetində Əli Qara oğlunun məqaləsi çap olundu. O zaman biz şəxsən tanış deyildik. O kiçik məqalə mənim ədəbi fəaliyyətimdə böyük rol oynadı - səmimiyyətinə, öyüd-nəsihətinə görə. Əli müəllim hekayədə 32 yerdə "bir" sözünün işlənildiyini haqlı olaraq irad tutmuşdu. Həmin vaxtdan bəri "bir" sözünü işlətməkdən qorxuram.

O televerilişdə Sevil xanımın özünün dedikləri də var: - Uşaqla uşaq, böyüklə böyük idi. Adını tutub yanına hər hansı işlə bağlı gələn olardısa, mütləq kömək edərdi, qayğı göstərərdi.

Söhbəti çay süfrəsi arxasında davam etdiririk. Yenə də danışan Sevil xanımdı:

- Anam dünyasını tez dəyişdiyindən mən dədəmə həm də bacı, yaxın dost əvəzi olmuşam. Həyat yoldaşım Nəriman da onun xətrini dunyalar qədər istərdi. Hərdən düşünürəm ki, bəlkə mən ona yetərincə vaxt ayırmadım, qulluğunda durmadım… Dədəm çox yaşayardı, yüzdən də o yana… Məsudun ölümü onu sındırdı… Yaman sındırdı. Düşünürəm ki, kaş sağ olaydı, kaş bu yaşımda da körpə uşaq kimi qulluğunda duraydım dədəmin. Xasiyyəti mənimlə daha çox tuturdu. Milli adam idi. Deyirdi ki, kişinin iki gözü iki gözə baxmalıdı. Dədəm əvəzsiz adam, tərbiyə mücəssiməsi idi. Ondakı diqqət kimdə olardı? Ailəyə hədsiz dərəcədə bağlı insan idi. İnstitutu bitirəndən sonra aspiranturaya girməyə, elmi iş götürməyə qoymadı qızlarını. Dedi oturun uşaqlarınızı böyüdün. Ancaq yaxın dostları bizə məsləhət görürdü ki, təhsilinizi davam etdirin, atanızın yoluyla gedin. Dədəm məni həkim görmək istəyirdi. Xalqa gərəkli sənətdi deyirdi. Ona görə də əvvəlcə bu sənətin dalınca getdim. Ancaq ölü üzərində aparılan təcrübə dərslərində özümü ələ ala bilmədim, həyəcanlandım. Ona görə də dədəm məni qoymadı ki, tibbi təhsilimi davam etdirim. Sənədlərimi universitetin coğrafiya fakültəsinə verib qəbul olundum. Qəbul imtahanını rəhmətlik Feyzulla Qasımzadə götürürdü. Suallara yaxşı cavab verdim. Qiymət vərəqində soyadımı oxuyanda feyzulla müəllim soruşdu ki, a bala, sən Əli Vəliyevin qızısan? Dedim, bəli! Qayıtdı ki, boy, sən Qumru bacının qızıymışsan… Əgər müharibə vaxtı Qumru bacı olmasaydı, ailəmiz acından batardı… Sən demə çörək - kartoçkalarını itiriblərmiş. Əlacsız qalan Feyzulla müəllim bu barədə dədəmə danışır. Dədəm ailəmizin çörək kartoçkasını ona verib deyir: "Biz birtəhər keçinərik. Qumrunun qohum-əqrabası kənddən tez-tez un, dən-düş göndərir, Qumru bacın birtəhər bizi yola verər". Sonra Feyzulla müəllim götürüb mənə "5" yazdı. Dedi onsuz da "dörd"ə layiq cavab vermişdin. Gəldim evə. Dədəm soruşdu ki, düzünü de, Feyzulla müəllim o "beş"i biliyinə görə verdi, yoxsa mənə görə. Kişi qızı kimi düzünü dedim. Atamın qızıyam axı mən. Necə olmuşdusa elə də danışdım. Gözlərini uzaq bir nöqtəyə zilləyib dinlədi. Hiss etdim ki, güzəştli qiymət almağım onu açmadı, ancaq üzə də vurmadı, sadəcə "Gör Feyzulla neyləyib e…" dedi. Həmişə bizə deyərdi ki, əliniz, diliniz düz olsun. Özü də belə yaşamışdı. Dost-tanışa qarşı son dərəcə sədaqətliydi. Ən çox Bayram Bayramovla, İlyas Əfəndiyevlə, Mirzə İbrahimovla, Rəsul Rzayla, Nurəddin Rzayevlə, Cəfər Xəndanla oturub-durardı. Süleyman Rəhimov, Səməd Vurğun da ki, daha heç, onlarla qardaş kimi idi. Rəhmətlik Mehdi Hüseynlə də elə. Akademik Teymur Bünyadovun xətrini çox istəyirdi. Zivər xanımın elçiliyini Mehdi qağadan dədəm eləmişdi. Bir sözünü iki eləyərdilərmi dədəmin? Həssasıydı, qayğıkeş idi. Elə bil dünyaya qayğıkeşlik üçün gəlmişdi. Ancaq bərk küsənliyi də vardı. Heç yadımdan çıxmır, oğlumun Hüsu Hacıyev küçəsində, Yazıçılar poliklinkasının yanında evi var idi. Bir dəfə dədəm onlara gedirmiş. Görür qonşuluqda yaşayan həkim Vera Fyodrovnanın qapısı açıqdı, xeyli adam toplaşıb. Bizdən səbəbini soruşanda həyat yoldaşının öldüyünü dedik. Dədəm dedi ki, yaxşı düşməz, ayaqüstü başsağlığı verim, birdən ehtiyacları olub-eləyər. Getməyilə qayıtmağı bir oldu. Gördüm qanı bərk qaradı. Soruşdum ki, nolub? Özünəməxsus qaydada "bunların salamı, əleyküm-salamı yoxuymuş ki" - dedi. Dedim: "Əşi, bəs sən bilmirsən bunların adəti bizimki kimi deyil…" Sən demə, dədəmi qarşılayan olmayıb, oturmaq üçün yer göstərməyiblər, bu da bərk inciyib. Belə küsməyi var idi dədəmin. Bayaqkı televiziya verilişində dədəmin küsəyənliyi barədə Zəlimxan Yaqub olanı deyirdi. Deməli, dədəmlə olan bir görüşdə Süleyman əmi durub çıxış edir, sözünün sonunda deyir ki, Əli Qara oğlu yaxşı insandı, ancaq küsəyəndi. Ondan sonra çıxış edənlər də sözlərini bu cür tamamlayırlar. Axırda dədəmə söz verirlər. Deyir ki, əziz yoldaşlar, mən necə küsəyən olmayım, bunlara deyirəm bu yol səhv yoldu, getməyin, sözümə baxmırlar, gedib uçuruma düşürlər, mən də küsürəm. Bəs mən dostlarımın səhv yolla getmələrindən, sözümə baxmamalarından necə küsməyim?

Dədəmin küsməyilə barışmasının arası qaşla göz arası qədər idi. Rəhmətlik Süleyman Rüstəmlə olan zarafatlarını, küsüb-barışmalarını deməklə, yazmaqla qurtarmaz. Rəhmətlik İlyas Əfəndiyevin xətirini çox istərdi. Onları kənd xatirələri, sadəlikləri, sözlərinin ağası olmaları birləşdirirdi. Həyata baxışlarında, davranışlarında qəribə bir oxşarlıq vardı. İndinin özündə də inana bilmirəm ki, dünyalarını dəyişiblər, yoxdular. Təsəllim odur ki, dədəmdən yaxşı ad qalıb, ölməz əsərlər qalıb, yaxşılıqları unudulmur. O, mənən yaşayır… Ancaq yenə də deyirəm, rəhmətlik Məsudun faciəli ölümü olmasaydı, dədəm daha çox yaşayardı...

Sevil xanım kirimişcə üzünü yana tutur. Bilirəm ki, "dindirmə, qəm ağlaram, yaman çağımdı mənim" havasına köklənib. Yaddaşımda unudulmaz Məsud Əlioğlunun "Ədəbi fraqmentlər"indən oxuduğum sətirlər boy göstərir: "Məqsədin uğrunda çəkdiyin əzablar səni üzürsə - Füzulini oxu!.."

Füzulini oxumağınsa "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni" ağrılı umacağı var. İndilikdə isə Sevil xanım Əli Vəliyevin, Məsud Əlioğlu günlərinin aşinası, həmsöhbətidi. Deyir ki, binada onun xatirə lövhəsini, barelyefini görəm. Bu, dədəmin ruhuna çox böyük hörmət olar. Bu barədə əlaqədar təşkilatlara müraciət də etmişəm. İnanıram ki, müraciət etdiyim vəzifəli şəxslər mənim bu istəyimə hörmətlə yanaşacaqlar. Bilirəm ki, bu xalq, qədirbilən insanlar dədəmin xatirəsini həmişə uca tutub, sənətsevərlər qəlbində onun böyük heykəli ucalıb…

Öz düşüncələrində, inamında haqlıdı Sevil xanım. Təsəlliyə-filana heç bir ehtiyac yoxdu. Ona görə ki, dünyada əbədi yaşamağın, əbədi var olmağın düsturunu Əli Vəliyev hamıdan gözəl bilirdi, bütün mənalı ömrünü bu düsturun civarları boyunca yaşamışdı, hələ üstəlik yazıb gələcək üçün həyat dərsliyi, yaşamaq elmi kimi qoymuşdu.

Unudulmaz Əli Vəliyevin "Tərcümeyi-hal"ı həmin düsturla bitir: "Öz namuslu əməyi ilə həyat sürmək, öz sənəti ilə yaşayıb ömrü başa vurmaq, öz əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir".

 

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2009.- 4 sentyabr.- S.1, 2.