Cəmaləddin
Əfqani – 170
Böyük
sirr
Şeyx
Cəmaləddin Əfqani Azərbaycan türküdür.
Marağalı bir ailənin övladıdır. Həmədan
yaxınlığında, Əsədabad kəndində
dünyaya gəlib (Əhməd Ağaoğlu).
***
Əfqanıstanda əfqan,
Türkiyədə türk, Misirdə ərəbdir. İstanbulda Sultan Əbdülhəmid,
İranda Nəsrəddin şah, Peterburqda çar Aleksandr Cəmaləddin
Əfqaninin fikirlərinə ehtiyatla yanaşır. Farslar onu şiə,
türklər və ərəblər sünnü, hər iki
məzhəbin ortaq çevrələri məzhəblərüstü
insan kimi tanıyır. Mason adlandıranlar da var (A.Akgündüz, S.
Öztürk). "İmanını qeyb etmiş
mömin", yaxud "makiavelist" deyənlər də
(C.Meric). Doğum tarixi, milli mənsubiyyəti,
ölümünün səbəbləri münaqişə və
mübahisə mövzusudur. O, Misirdə islahatçı Məhəmməd
Əbduhu, İstanbulda milli şair Məhməd Əmin
Yurdaqulu hasilə gətirir. Parisdə Qarabağlı Əhməd
Ağaoğlunu Renanın cazibəsindən xilas edir.
Atatürkün də, Məhəmməd Əmin Rəsulzadənin
də fikri gəlişməsində Şeyxin rolu etiraf olunur.
Ona hərə öz müstəvisindən, öz qovsündən
baxır. Hərə onu öz bildiyi kimi yozur. Ernest Renan
mübaliğəli tərifində daha aşırı gedib
Seyid Cəmaləddini İbn-Sina, İbn-Rüştlə
qiyaslandırır. İngiltərə, Fransa, Almaniya, Rusiya, İran, Türkiyə, Əfqanıstan,
Hindistan, ərəb ölkələrinin humanitar-ictimai
institutları Şeyxi bir əsrdən çoxdur ki, tədqiq
edir. Amma heç kəs onun sirlərinə sonacan vaqif ola
bilmir. Şeyxin sirri açılmır. Çünki Şeyx
zamanının heç bir bilgininə, heç bir
mürşidinə bənzəmir. Təriqət
qurmasa da, bütün islam şeyxlərinə rəğmən
o, islam aləmində həm dini təəssübkeşliyi, həm
də qövmiyyət duyğusunu bir yerdə, eyni vaxtda
çalxalandırmağı, alovlandırmağı
bacardı. Misirdə professor, İranda məhbus, Əfqanıstanda
baş nazir, Parisdə redaktor… Ona Qərbin də, Şərqin
də, istismarçının da, istismar
olunanın da çıraqban və bəyaz sarayları
müxalif oldu. Şeyx Cəmaləddin Şərqin təbii sərvətlərinə
yerikləyən Qərb müstəmləkəçiliyinin
qarşısına islam təəssübkeşliyi
baxımından az qala, təkbaşına
çıxdı... Şeyxi Nəsrəddin şahın qətlində
suçlu bilənlər də olub, İslam dünyasına
masonluğu yerləşdirdiyinə görə onu lənətləyənlər
indi də var… Əli bəy Hüseynzadənin sözləri
ilə xülasə etsək: "Seyid Cəmaləddin aləm
və Şərq əhvalına qayət vaqif bir zat olduğu
halda kəndisini panislamizm xəyalatına qapılmış
bir sərsəri ədd ilə oynadığı rolların ərz
və əvəzdən bəri olmadığını iddia
edənlər az deyil".
Şeyx Cəmaləddin yüz ildir ki, haqq dünyasındadır. Gizli işlərini Allah bilər. Aşkar işlərini isə bəndələr də bilir.
***
Şeyx bütün şüurlu həyatını islam dünyasının birliyinə sərf edib. Müsəlmanların bir mərkəzdən idarə olunmasını, bütün müsəlman ölkələrinin bir konqresdə toplanmasını, ümmət fəlsəfəsini sarsıtmayacaq dərəcədə hər bir islam millətinin dil özgürlüyünə sahib olmasını istəyirdi.
***
Şeyx
"səadətin altı guşəli qəsri"ni qurmaq
üçün yeni bir təlim irəli sürürdü. Bu
təlimə, bu "əqideyi-cəliləyə" görə:
1.
İnsan gərək özünün ərzi bir mələk,
yaxud xilqətin əşrəfi olaraq
yaradıldığına inanaydı;
2. Öz
millətini başqa millətlərdən daha üstün və
əfzəl biləydi;
3. Elmlərin
mövcud qaranlıq mühitdən daha yüksək, daha ali
bir aləmə keçmək üçün vücuda gəldiyinə
etiqat edəydi;
4.
İnsanı digər canlılardan fərqləndirən mənəvi
dəyərlərə - iffət və həya duyğusuna sədaqətli
olaydı;
5. Əmanətə
xəyanət etməyəydi;
6. Doğruluq və ədalət yolundan sapmayaydı.
***
Şeyxə görə insan hüquqlarının (Həqq-ül-nasın) qorunmadığı bir cəmiyyət müasir dünyada yaşamağa qabil olmayacaqdı.
***
Qəribə dünyanın daha bir qəribəliyini Azərbaycan türkləri yaradır. Türkçü Əli bəy Hüseynzadə "Türklər üçün islam xaricində səadət yoxdur" - deyir. Panislamist Şeyx Cəmaləddin "milliyyət xaricində səadət yoxdur" - söyləyir. Əli bəy Hüseynzadə türk milli birliyinin təmin olmasına ən böyük səbəb kimi Qurani-Kərimi dəlil gətirir, Seyid Cəmaləddin isə milli varlığın davamlılığını dil birliyində görür.
***
Seyid Cəmaləddinin yazdıqları ilə yanaşı, fikri təlqinləri də Şərq-Qərb münasibətlərinin ahəngini dəyişməkdə əsas amillərdən biri olub. Şeyx harada görünübsə bir şəxsiyyət olaraq varlığı islam birliyinin rəmzinə çevrilib. Hər bir müsəlman qövmünün onu özünküləşdirməsinin tək səbəbi də budur. Dağıstaniyə yazdığı məktubunda Şeyx iranlı, Renana yazdığı məktubunda ərəbdir. Hindistana ünvanladığı "Vəhdəti cinsiyyə fəlsəfəsi" yazısında hindlidir. Maddəçiliyin - dəhriyyəçiliyin tənqidinə həsr etdiyi yazısında müsəlman idealisti, Renana yazdığı məktubda isə az qala, materialistdir.
***
Fransız Renanın "İslam
dini elmdə bəhrəsizdir" hökmünə dayalı
bir iddia ilə verdiyi konfransa Cəmaləddin Əfqaninin
yazdığı cavabın müzakirəsi yüz otuz ildir
ki, səngimək bilmir. Ancaq bəzən unudulur
ki, bu elmi və təəssübkeş dialoq iki mütəfəkkir
arasında - biri təkcə islamı deyil, xristianlıq da
daxil olmaqla bütün dinləri elmi tərəqqi yolunda əngəl
hesab edən qərbli Renan, digəri isə ona öz kübar ədası
ilə cavab verib, dinlərin və təkcə islamın
deyil, xristanlığın da insanlıq tarixindəki mütərəqqi
rolunu xatırladan şərqli Şeyx Cəmaləddin
arasında baş verib.
Şeyxin həmin yazısındakı üslub incəliyini, (bəlkə də dində əqidəsini gizlətmə anlamına gələn təqiyyəsini nəzərə almayanlar), eyni zamanda onun da fərqinə varmır ki, XIX yüzilin səksəninci illərində Avropanın tən ortasında - Parisdə Renana və Qərbə: "Avropalılar Aristoteli ərəb qiyafəsində çox yaxşı qarşılamışlar, halbuki, onlar yunanlarla qonşu olduqları zaman heç Aristotel yadlarına da düşmürdü… Xristianlıq intişar tapdığı ilk yüzilliklərdə elm və fəlsəfədən ona görə imtina edib ki, "bu, izahı mümkün olmayan üçləşmə - xristian dininin etiqadına görə çörəklə şərabı İsa peyğəmbərin əti ilə qanına dəyişmə və Allahın ilahi mahiyyəti ilə insan mahiyyətinin birləşdirilərək Tanrının insan olması imanını izah etmək üçün gərəkli" idi… Əgər bütün avropalılar eyni nəslə mənsubdurlarsa, onda sami olan harranlar və suriyalılar da böyük ərəb ailəsinə mənsub oduqlarını haqlı olaraq iddia edə bilərlər… Elmin böyük qaynaqları halına gəlmiş İraq və Əndəlüs kimi məmləkətlər ərəb xilafətinin Şərqdə və Qərbdə süqutundan sonra təkrar keçmiş cəhalətə düşüb fanatizmin mərkəzi halına gəldilər" - deyə xatırlatdığı həqiqətlər Cəmaləddin Əfqaninin ictihad səviyyəli tarixi hünəri kimi dəyərləndirilə bilərdi.
***
Şeyxin milli birlik fəlsəfəsi, millətin dil
birliyinə böyük önəm verməsi ingilis müstəmləkəsi
altında olan hind xalqına xitabı, əslində idarəetmə
sisteminin ingiliscə qurulduğu Hindistanda milli ruhun oyandırılmasına
cəhd idi. Şeyx hindliləri təşviq edirdi ki, onlar
ingilis dili ilə yanaşı milli dilin də dövlət dili elan olunmasına
çalışsınlar. Əslində, o, bu
çağırışı ilə Hindistanı - geniş
mənada isə Şərqi ingilis əsarətindən
qurtarmağın uğurlu yollarından birini və ən
başlıcasını nişan verməkdəydi. "Gərək milləti-hakimədən və gərək
milləti-məhkumədən olsun, bir taqım köhnə nəzərlərin
işbu bəyanıma bir nəzəri-heyrətlə
baxacaqlarını iyi biliyorum, fəqət bu sözləri
şərh və təfsir edincə ərbabi-zəka şu
sözlərin nə qədər doğru olduğunu əlbəttə,
təsdiq edəcəklərdir".
Şeyxin bu sözlərini əlli il sonra Hindistan ərbabi-zəkasının ən böyükləri milli müqavimət mücadiləsini gerçəkləşdirməklə təsdiqlədi. Təsadüfi deyil ki, ötən əsrin iyirminci illərinə qədər Qərb müstəmləkəçiliyinə qarşı islam birliyi - xilafət hərəkatı ideyasını mənimsəyənlər arasında Mahatma Qandinin də adı çəkilir (T.Arnold). Bu mənada öz tarixi varlığı ilə Cəmaləddinin adı Hindistana vəhabiliyin toxumlarını səpən Seyid Əhməd Xanla müqayisəyə gəlməyəcək dərəcədə mötəbər və daha işıqlı görünür...
***
Şeyxin
irəli sürdüyü milli dil siyasəti ümmət əxlaqına
söykənən İslam aləmində etiqad birliyinin
pozulması kimi dəyərləndirənlər Cəmaləddinin
əsas hədəfini gözardı ediblər.
İslam aləminin böyük bir qisminin Qərb dövlətlərinin
kalonisinə çevrildiyi, yaxud çevrilməyə
başladığı ərəfələrdə Şeyx Cəmaləddin
Məhəmməd ümmətinin bütün
potensiyasını, o cümlədən, milli qürur
duyğusunu cihada sövq edirdi.
"İnsanlar
arasında daireyi-şümuli-vase olub bir çox əfradı
yekdigərinə mərbut qılan iki rabitə vardır: biri
vəhdəti-lisan, digər təbirlə cinsi və ya vəhdəti-cinsiyyə.
Digəri din. Vəhdəti-lisanın, yəni vəhdəti-cinsiyyənin
(irqin, millətin) heç şübhə yoxdur ki,
dünyadakı bəqa və səbatı dindən daha
davamlıdır, çünki az bir zamanda dəyişməz.
Halbuki, ikincisi böylə deyildir. Lisani-vahid üzrə
qonuşan irqi görürüz ki, bin sənəlik bir
müddət zərfində vəhdəti-lisandan ibarət olan
cinsiyyətə bir xələldari olmadan, iki-üç dəfə
təğyiri-din ediyor. Deyə biliyoruz ki, ümuri-dünyəviyyədə
vəhdəti-lisan mərbutiyyətinin təsiri din mərbutiyyətindən
daha qüvvətlidir. Bunun üçündür ki, xristian
bir yunanlı bütpərəst Əflatun, Ərəstu və
Sokratla mərbutiyyətindən dolayı təfaxür edir.
Halbuki hindi bir xristianın vəhdəti-diniyyəsindən
dolayı xristian Nyuton və Qaliley ilə iftixarı heç də
şayəstə deyildir".
Şeyx
haqlıdır. Bu mənada, yabançı siyasətlərin,
xarici hərbi təcavüzlə yanaşı,
yabançı dilin istila və işğalı altına
düşmüş Vətən təbii ki, həm də dil
birliyinin, vəhdəti-cinsiyyənin - irqi vəhdətin
hesabına istiqlalını əldə edə bilərdi.
Elə buna görə də tamamilə haqlı olaraq, Şeyx
Cəmaləddinin islam birliyi naminə irəli
sürdüyü doktrin milliyyətçi hərakatın da
körüklənməsinə səbəb olurdu: "Bu məşhur Şeyx, bütün İslam aləminin
yaşaya bilməsi üçün müsəlman millətlərin
milli şüura sahib olmaları gərəyinə
inanmışdır… Əfqani, İslam aləminin hər tərəfinə
düşüncələri ilə, sözləri ilə,
işləri ilə çox bərəkətli toxumlar saçmış
və Qərb türklüyündə olduğu kimi şimal
türklüyündə də milliyyət fikrinin
inkişafına xidmət etmişdir" (Yusuf Akçura).
…Türk milliyyətçi şerinin memarı, "qaranlıq fəlakət vadilərində çobansız dolaşan zavallı türk millətini, əlində qavalıyla Turi-Sinadan enərək" (Fuad Köprülü) toplayıb-birləşdirən Məhməd Əmin Yurdaqula "qaval çalmağı"n irfan sirrini əslində, Cəmaləddin Əfqani öyrətmişdi. Onu mənəvi Turi-Sina dağına qaldıran da Şeyx Cəmaləddin idi: "Məni o yoğurmuşdur. Əgər ruhların əbədiliyi və ölməzliyi varsa, o, ruhunu mənə yadigar etmişdir. Cəmaləddinin ruhu məndə yaşayır" - deyən Yurdaqul "ərəb və fars qaydalarından təmizlənmiş ilk türkcə şeirlərini, o sıradan "Bən bir türkəm, dinim, cinsim uludur" misrası ilə başlayan şerini Cəmaləddin Əfqaninin təlqini ilə yazmışdı" (Aydəmir).
***
Parisdə Əhməd Ağaoğlunu da türk milliyyətçiliyi burulğanına Seyid Cəmaləddin sövq etmişdi: "İslam aləminin düşünürlərindən Cəmaləddin Əfqani həzrətləri, Parisdə bulunduğu sırada mənim mütəvazi məskənimi, başqalarından üstün tutmaq lütfündə bulunmuşlardı və həftələrcə bərabər qalmışdıq". Bu həftələrcə bərabər qaldıqları müddətdə maraqlıdır, görəsən, Əfqani Əhməd bəyə nələri aşılamışdı? Nələrdən danışmışdılar? Hər halda, nə danışmışdılarsa, təsirsiz ötüşməmişdi və Parisdən Azərbaycana qayıdarkən yolüstü İstanbulda dayanan Əhməd bəy Seyid Cəmaləddinlə təkrar görüşüb fikir mübadiləsi etməyə ehtiyac duymuşdu: "…Nam və işbiharı aləmi-islamca məruf olan mərhum Şeyx Cəmaləddin Əfqani ilə müsafirxaneyi-Əbdülhəmiddə mülaqat eylədim". Beləliklə, Əhməd bəyin düşüncələri Parisdən Azərbaycana Cəmaləddinin ələyindən keçib gəlmişdi…
***
Milliyyət məsələsində heç vaxt, heç bir məqamda yanılmayan Yusuf Akçura, Əhməd bəy Ağaoğlu, Məhməd Əmin Yurdaqul kimi, ümmət düşüncəsini heç nəyə dəyişməyən və iman məsələlərində zərrə qədər də olsun güzəştə getməyən böyük Məhməd Akif də Seyid Cəmaləddin ideallarının peşindəydi, onun vurğunlarındandı və "Safahat" şeirlərində şeyxin böyüklüyünü dönə-dönə iqrar etmişdi…
***
Şeyx mürəkkəb bir ömür yolundan keçdi. Tarixi dəyişən axımların, hərəkatların və şəxsiyyətlərin yolağasına çevrildi. Ardıcılları sırasından böyük məfkurə sahibləri ilə yanaşı, ömrünü onun yolunda fəda edə biləcək qədər, yaxud onu incitmiş imtiyaz sahiblərini - istər şah olsun, istər şeyxülislam, fərq etməz - qurşuna düzəcək qədər fanatik vurğunlar və fədailər yetişdi. Xəlifələr də, padşahlar da, hökmdarların seçdiyi valilər də, şeyxülislamlar da dünya müsəlmanlarının şeyxini tanımaq istəmədilər. Misirə getdi, ətrafına zamanın yeni düşüncəli ərəbləri toplaşdı, valinin göstərişi və ingilislərin təhriki ilə Qahirədən çıxarıldı, İstanbula gəldi, Ali Maarif Məclisinin üzvü seçilsə də camelərin birindəki moizəsindən sonra Osmanlı şeyxülislamı Həsən fəhmi əfəndi Seyid Cəmaləddini kafir elan etdi, onun İstanbuldan çıxarılmasına fitva verdi. (Sonra "İttihad və Tərəqqi" mənsubları Şeyxülislam Həsən fəhmini qətlə yetirdilər). İrana keçdi, baş nazir Mirzə Əli Əsgər xan Əmin əl Sultan onu özünə rəqib gördü. (Sonra Nəcəfdən dörd müctəhidin imzası ilə Mirzə Əli Əsgər Xanın kafir elan olunması barədə fitva verildi). Avropada Məhəmməd Əbduhla "Urvatül-Vüsqa" məcmuəsini nəşr elədi, Qərb dövlətlərinin basqısına uğradı, məcmuəsi yasaqlandı, Hindistanda, Misirdə yayılmasına qadağa qoyuldu (Ə.Ağaoğlu). Seyid Cəmaləddinin Misirdə, Hindistanda, Sudanda, Rusiyada, Fransada, İngiltərədə, Almaniyada, Amerikada, islam peyğəmbərinin hübbülvətən təlimini yenidən meydana çıxarmasına rəğmən, nə qəribədir ki, Rusiya və Türküstandakı köhnəpərəst dindaşları da dinc durmadılar… İsmayıl bəy Qaspıralı yazırdı ki, "Bizim Rusiya və Mavərənnəhr qədimçiləri şu dərəcə qafil və cahildirlər ki, əsrimizin ən böyük alimi…olan Şeyx Cəmaləddin Əfqani kibi ulamayi-benama (ünlü alimə) nəzəri-həqarət ilə baxırlar. Misiri, İstanbulu, şəriəti pozmuş, "nizami" olmuş deyərək kəndi payələrini kötərməyə (öz mövqelərini yüksəltməyə) çalışıyorlar.. Böylə gedərsə daha çox qamçı yeyəriz, daha çox tübən (aşağı) gedəriz və heyvanlıqda davam edəriz". Çünki yenə də İsmayıl bəyə görə "Şeyx Cəmaləddin Əfqani ilə bunun böyük şagirdi müftü Məhəmməd Əbduhun əsərlərində… tazə can bulmuş fəlsəfeyi-islamiyyə… yeni bir dövrə, yeni bir zamana girildiyini göstərməkdə idi" …
***
Nəsrəddin Şahın müsafir
olaraq Tehrana dəvət edib, sonra bu böyük islam mücahidinin başına
açdığı amansız oyunlar, "əl-qolunu zincirlədərək
Türkiyə-İran sərhəddinə qədər sürüklənircəsinə"
onu “yeddi yüz atlının müşayiəti ilə” (Ə.Ağaoğlu)
sınır dışı etməsi də sonradan İran
şahına səltənətdən, taxt-tacdan və
canından vaz keçmək bahasına başa gəldi. Sanki "Sən
şah ol, mən də şeyx, görək kim kimdən daha
güclüdür" düsturu ilə hərəkət edən
Cəmaləddin Əfqani İran şahının
yürütdüyü təslimçi iqtisadi siyasətə,
o halda ingilislərlə bağlanmış "Tənbəki
imtiyazı"nın özülünə elə sərt bir zərbə
vurdu ki, İran şahı bu zərbədən bir daha
özünə gələ bilmədi. Cəmaləddin
dövrünün böyük "müctəhidi Mirzə Həsən
Şiraziyə dövlət xəzinəsinin islam düşmənləri
lehinə israf edildiyini isbat edən və İran hökumətinə
qarşı ittihamnamə təşkil edən bir məktub
göndərdi və müctəhid hökumət tərəfindən
"Tütün imtiyazı" ləğv edilincəyə qədər,
müsəlmanlara tütündən istifadəni yasaq edən
bir fitva verdi. Bu fitvaya dərhal əməl edən xalqın
müqaviməti qarşısında İran hökuməti
müqaviləni ləğv etməyə məcbur oldu"
(Qoldzer).
Əli bəy Hüseynzadə Nəsrəddin şahın
Mirzə Məhəmməd Rza tərəfindən qətlə
yetirilməsini İslam tarixinin qanlı məqamlarından biri
kimi can yanğısı ilə qələmə alıb və
öz romantik yaradıcılıq xəyalxanəsində
müstəntiqin dilindən Mirzə Məhəmməd Rzaya "Nə
üçün şahın yerinə naibüssəltənəni
öldürmədin?" sualını verib. Bunu
Şeyx Cəmaləddinin təlqini ilə yerinə yetirdiyini
etiraf edən Mirzə Rza həm də onu bildirib ki, "gərək
zülm ağacının kökünü kəsəsən,
nəinki şaxələrini və budaqlarını…
Bütün xalq, millət və dövlət hamısı
yuxuda idi və ayıldılar. Altında hər cürə
yırtıcı heyvanların toplaşdığı bu quru,
meyvəsiz ağacı kökündən qopardım və o
heyvanları bir-birindən ayırdım…"
…Ancaq tarixçilər Nəsrəddinin ölümündən sonra hakimiyyətə gəlmiş Müzəfərrəddin şahın zamanında - 1906-ci ildə konstitusiyanın və Millət Məclisinin yaradılmasına səbəb olmuş xalq hərəkatının ideya mənbələrindən biri kimi Cəmaləddin Əfqaninin yaydığı panislamizm ideologiyasının təsirini ayrıca qeyd etməkdədirlər (J.H.Kramers).
***
Seyid Cəmaləddin ömrünün son illərini İstanbulda keçirdi: "…Sultandan himayə gördü. Ona ev və maaş təsis edildi. Amma Türkiyədəki həyatının böyük bir qismi, Əbdülhəmid xəfiyyələrinin ciddi nəzarəti altında keçdi. Zatən onun atəşli və islahatçı təbiəti ilə Əbdülhəmidin uyuşmasına, əlbəttə ki, imkan yoxdu… Bu güclü fikir və dartışma adamı ingilis və rus xəfiyyələrinin də davamlı təqibi altındaydı" (S.Ş.Aydəmir).
***
Seyid 58 il yaşadı. Ailə qurmadı. Xərçəngdən öldü…
***
Leylayi-İslamı
- İslam coğrafiyasını sağaltmaq istəyən Məcnun
- həkim odur. Bir az laübalı, bir az da dərvişanə
halı ilə böyük sirlərini hələ də dərk
etməkdə çətinlik çəkdiyimiz Seyid Cəmaləddin…
Həm də
ümumtürk poeziyasında milli ruhu ehya qılmış
mürşid…
Ömrünün sonlarında İstanbulda Sultan Əbdülhəmidin ona verdiyi malikanəni "türk aydınlarının fikir təkkəsinə" (Aydəmir) çevirmiş əsədabadlı Şeyx…
***
Seyid Cəmaləddin
İslam Şərqində Qərb hikkəsinin qabağına
müsəlman öfkəsi ilə çıxdı.
Azər
Turan
Ədəbiyyat qəzeti.-
2009.- 4 sentyabr.- S.4.