“300 azərbaycanlı” haqqında
düşüncələr
"Mən
bu kitabı bu gün oxudum. Ola bilsin bir başqası sabah, bəlkə
də üç ildən, beş ildən sonra oxuyacaq. Amma
mütləq oxuyacaq".
***
Ötən
əsrin 50-ci illərində dünyaya gələn bizlərin
əksəriyyətinin mayası büsbütün ədəbiyyatla
yoğrulub desək, yəqin ki, yanılmarıq. İlk
eşitdiyimiz laylalar, ilk öyrəndiyimiz tapmacalar olub.
Bugünkü uşaqların heç eşitmədiyi laylalar
və tapmacalar. Onlar arasında biri də var idi ki, indiyə
kimi yadımdadır:
Ağaca çıxdım adamla,
Bir nəlbəki badamla.
Nə dili var, nə
ağzı,
Hey danışır
adamla.
O dili, ağzı olmayıb adamla danışan kitab idi. Onunla həmsöhbət olmaq hava kimi, su kimi bizə gərəkliidi. Elə məqamlar olurdu ki, o bizə doğmalarımızdan da doğma olurdu. Dili-ağzı olmayıb, amma danışan kitab bizi bir çox dürlü-dürlü mətləblərdən hali eləyirdi. Odur ki, uşaqlıq illərimizdən yarım əsrdən də çox keçməsinə baxmayaraq, daim o "danışan" kitabların sorağında oluruq. O zaman, bizim gənclik illərimizdə Bakıda barmaqla sayılacaq qədər nəşriyyat var idi. Bu gün nəşriyyatların sayı çox, dərc olunan kitabların sayı ondan da çox. Amma təəssüf doğurucu amil ondan ibarətdir ki, dərc olunan kitabların heç də hamısı "adamla danışmır". Bəlkə də dərc olunan kitabların bir çoxu öz maraq dairəsinə uyğun oxucu tapa bilir. Amma onların hamısı danışmır. Kitabın danışması üçün tələb olunan ən mühüm amillərdən biri ilk növbədə onun müəllifinin dilin bütün incəliklərinə bələd olmasıdır. Əgər söhbət bizim dildən gedirsə, təbiidir ki, bu dildə yazan müəllif gərək öz oxucusu ilə elə bir sadəliklə danışsın ki, onu hər kəs - həm də Məmməd Həsən əmi anlaya bilsin.
Çünki Məmməd Həsən əmi də 300 azərbaycanlıdan biridir. Bəlkə də ən birincisidir. Görünür yazıçı Kamal Abdulla da bu incə məqama diqqət yetirdiyindəndir ki, Məmməd Həsən əmi ilə türkün ana dilində necə danışırsa, digər həmvətərləri ilə də eləcə həmsöhbət olur. Söhbətə, necə deyərlər, bissimillah eləyən kimi deyir ki, "Hərə bir yolu tutub gedir. Heç kim də bilmir ki, hara gətirib çıxaracaq onu bu yol. Bəlkə heç biz getmirik. Bəlkə elə gedən yolun özüdür. Min bir dərdin dərmanını tapırıq, amma yolun sirri özündə qalır". Söhbət hər kəsin yalnız bir kərə keçə biləcəyi ömür yolundan gedir. Bu yol yalnız irəliyə gedir. Heç kimə özünün getdiyi yolun uzunluğu məlum deyil. Heç kimin bu yol boyu qarşısına çıxacaqlarından da xəbəri yoxdur. Heç kimin bu yolu qayıtmaq imkanı da yoxdur. Gəldiyin yola ancaq xəyalən qanrılıb baxa bilərsən. Hər kəsin öz səlahiyyətində olan yalnz bu baxışdır. Qəribədir ki, hər kəs gəldiyi bu yol boyu həqiqəti dərk etməyə can atır. Bunu duyan yazıçı Kamal Abdulla öz oxucusuna deyir ki, "Reallığı axtarırıqsa, həqiqəti dərk etməyə çalışırıqsa, o indi - lap indicə yaşadığımız, həqiqətən duya bildiyimiz dolğun anın içindədir. Öz dünəni ilə öz sabahı ilə bir yerdə. Bu deyimi ilə yazıçı öz oxucusunu həqiqət axtarışında dağa-daşa düşməməyə, gözlərini yaxşı-yaxşı silib bu gününə diqqətlə baxmağa, həm də sadəcə baxmağa yox, mövcud reallığı görməyə çağırır.
Mən Kamal Abdullanın müxtəlif illərdə yazdığı müxtəlif əsərləri ilə tanışam. "Tarixsiz gündəlik" əsərini də oxumuşam, "Sehrbazlar dərəsi”ni də, keçən il nəşr olunan "Hekayələr" toplusunu da və s. adlarını çəkdiyim bu və digər əsərlərinin hər birinin öz məziyyətləri var. Amma iş elə gətirib ki, "300 azərbaycanlı" əsərini bu gün oxuyuram. Bu kitab oxucuya ədəbi-bədii esselər toplusu kimi təqdim olunur. Amma bu həcmcə kiçik, mənaca böyük esselərlə Kamal Abdulla öz oxucusunun qarşısında sanki vərəq-vərəq açılır. Oxucu onun dilimizin bütün məziyyətlərini bilən yazıçı, öz qənaətində həyat məntiqinə söykənən təhlilçi, reallığı görüb ifadə edə bilən publisist, üslub incəliklərinə bələd olan tərcüməçi, insan xarakterinin ən xırda nüanslarını duya bilən psixoloq, fikrini auditoriyaya aydın şəkildə çatdırmağı bacaran pedaqoq olduğuna şübhə etmir. Birmənalı şəkildə demək olar ki, bu ədəbi esselərin hər birində dərin məntiqi nəticə olmaqla bərabər, həm də hər kəsin eşidə biləcəyi bir ahəng, bir musiqi var. Bir poeziya var. Bir də bu esselərdə dünəndən bu günə, bu gündən sabaha uzanan bir körpü var. Bu möhkəm dayaqlı körpünün üstündə dayanan yazıçı dünənimizi bu günümüzlə çox böyük məharətlə bağlaya bilir. Məsələn Haqverdiyev yaradıcılığına üz tutan Kamal Abdulla "Xortdanın cəhənnəm məktubları"nın bir əsrdir öz mahiyyətini itirməməsinin səbəbini "Buynuzlu maralların" hələ də mövcudluğunda görür. Bir də ki, cəmiyyət nə qədər ki, bir "dəlidən" əl çəkib yeni bir "dəli" yaratmaq istəyəndə olacaq, bu məktublar bir o qədər davamlı olacaq - deyir.
Bir ədəbiyyatşünas kimi Kamal Abdullanı düşündürən, həm də narahat edən ən ümdə məsələlərdən biri də ədəbiyyatımızın bugünkü problemləridir. Əvvəla Kamal Abdullaya görə ədəbiyyat heç zaman sevincdən, nəşədən yaranmır. Ədəbiyyat həmişə əzabdan, ağrıdan, göz yaşından yaranır. Bu gün ədəbiyyatımızda özünü daha qabarıq şəkildə büruzə verən mühafizəkarlar və islahatçılar qarşıdurmasına gəlincə isə yazıçının fikrincə əgər dünənin islahatçıları bu günün mühafizəkarları hesab olunursa, deməli bu günün islahatçıları da sabahın mühafizəkarları adlanacaqlar. Kamal Abdullanın qənaətincə yazıçı üçün ideya hər zaman öndə olmalıdır. Tanıdığı adamlar, şahidi olduğu hadisələr yox, məhz ideya. O birmənalı şəkildə hesab edir ki, əsl ədəbiyyatın yolu obrazlardan ideyaya yox, ideyadan obrazlara doğru olmalıdır. Bu qəbil esselərdə oxucu sanki Kamal Abdullanın bir pedaqoq kimi ədəbiyyatşünaslığa dair mühazirələrini dinləmiş olur. Çünki yuxarıda qeyd etdiyim kimi, esselər nəql olunur, sadəcə oxunmur. Müəllif öz oxucusu ilə danışmağı bacarır. Yeri gəlmişkən qeyd edim ki, Kamal Abdulla bir zaman Azərbaycan Televiziyasında apardığı "Qoşma" verilişində də tamaşaçı ilə çox rahat bir ünsiyyət qura bilmişdi. Mübaliğəsiz olaraq deyə bilərik ki, o veriliş ədəbiyyatda cərəyan edən müxtəlif proseslərdən bəhs edən analitik təhlilləri ilə bu gün də tamaşaçıların yadındadır. Təəssüflə qeyd etmək olar ki, bu gün ədəbiyyatımızın hazırkı durumunu təhlil edən və onun problemlərindən, çətinliklərindən bəhs edən bir televiziya və ya radio verilişi yoxdur. Düzdür ayrı-ayrı yazıçıların həyat və yaradıcılığına həsr olunan verilişlər var. Amma ədəbiyyatımızın sabahkı tərəqqisinə təkan verə biləcək, onun dünya ədəbiyyatına inteqrasiyasına yardım edə biləcək bir veriliş yoxdur. Halbuki ədəbiyyatın missiyası olduqca böyükdür. Hər bir cəmiyyətin inkişafı üçün ədəbiyyat müstəsna əhəmiyyət kəsb edir. Çünki ədəbiyyatın əsas mayasını insan təşkil edir.
Dönək bir daha Kamal Abdullanın "300 azərbaycanlı" kitabına. Bu kitab həm də yazıçının fəxarət dünyasından soraq verir. Onun fəxarət dünyasından isə Nizami, Nəsimi, Füzuli, M.F.Axundov, Müşfiq, Səməd Vurğun kimi dühalar boylanır. Böyük mütəfəkkir Axundovun xidmətlərinin üstündən xətt çəkən bir para soydaşının fikirlərinə təəssüflənən Kamal Abdulla yazır ki, "Əgər biz bu günün özündə də Axundovu anlaya bilmiriksə, burda Axundovun nə günahı var? O heç nə eləməsəydi, yalnız ilk dram əsərini yazıb sussaydı belə, Azərbaycan xalqı bütün dövrlərdə ona minnətdar olmalıydı. Məhz Axundovun sayəsində klassik peşəkar dramaturgiyamızın tarixi 19-cu əsrin ortasında, başlayır". - Kamal Abdulla belə deyir. Yazıçının İlyas Əfəndiyev, Azad Mirzəcanzadə, Aydın Məmmədov, Həsən Turabov, Nazim Hikmət və bir çox ədəbiyyat, incəsənət, elm korifeylərinin xatirəsinə həsr etdiyi esselər də öz bədiiliyi və güclü məntiqi ilə oxucunun diqqətini cəlb edir. Bu esselərdə Bəxtiyar Vahabzadə, Anar, Nəbi Xəzri, Ənvər Məmmədxanlı, Əkrəm Əylisli, Vaqif Bayatlı Odər kimi sənətkarlardan da həm böyük məhəbbət, həm də ehtiramla söhbət açılır.
Bu kitab "300 azərbaycanlı" adlanır. Amma mübaligəsiz demək olar ki, burada bəlkə də 300 min, 3 milyon, yox, bəlkə 8 milyon, kim bilir, bəlkə də 50 milyon azərbaycanlının gözlə görünməyən obrazı var. Bu kitabda böyük sənətin, böyük ədəbiyyatın dünəni, bu günü və gələcəyi var. Bu kiçik esselərin hər biri bəlkə də bir elmi əsərin, bir monoqrafiyanın, neçə-neçə silsilə verilişin müzakirə mövzusudur.
Bu "danışan" kitab öz oxucusuna deyir ki, gəldiyin yol boyu keçdiyin o aşırımları unutma. Bu gün addımladığın yolu kol-kosdan, daş-kəsəkdən özün təmizlə. Həyata, hadisələrə öz gözünlə bax. Həm də sadəcə baxma, görməyi də bacar. Əgər sən yazıçı və ya şairsənsə, hamının baxdığı səmtə baxma. Bir az daha dərinə bax. Hamının gördüyündən fərqli mənzərələri görməyi bacar. Bu "danışan" kitab deyir ki, öz məninə sadiq qal. Deyir ki, xalqını sevənə eşq olsun, amma həqiqəti sevənə ikiqat eşq olsun. Məşhur Çaadayev də belə deyib. Bu "danışan" kitab onu da deyir ki, hər şey sözdən başlayır. Böyük Füzuli nahaq yerə deməyib ki:
Ver sözə ehya ki, tutduqda
səni xabi-əcəl,
Edə hər saət səni ol uyğudan
bidar söz.
Sözə məhz belə dəyər verdiyindəndir ki, Füzuli hər zaman diridir. Bir çox dirilərdən daha diri. Bu "danışan" kitab həyat və ölüm fəlsəfəsindən də söhbət açaraq deyir ki, "gərək möhkəm inanasan ki, həmişə yaşayacaqsan. Gərək inanasan ki, son nəfəsin ağzından çıxarkən elə o an hardasa doğulan körpə heç kim yox, "sən" olacaqsan. Bəlkə də bu qayda ilə özümüzdən də xəbərsiz saysız-hesabsız dəfə Yer üzünə gəlmişik və gələcəyik də."
Bu qənaət Kamal Abdullanın öz təbirincə desək, insan ölməzliyinə inamıdır. Bu bəşəri bir inamdır. Bu inamın mənəvi gücünü ölçmə vahidi heç şübhəsiz, hələ icad olunmayıb. O ki, qaldı kitabın nəşr tarixinə - düzdür, bu kitab iki il bundan əvvəl nəşr olunub. Amma qətiyyətlə demək olar ki, öz mahiyyətini hələ iki yüz il bundan sonra belə itirməyəcək. Bu kitabı mən bu gün oxudum. Bir başqası bəlkə sabah, bəlkə də bir ildən, beş ildən sonra oxuyacaq. Başlıcası odur ki, oxuyacaq. Amma tapmacada deyildiyi kimi, ağaca çıxıb oxumayacaq. Sakit bir guşəyə çəkilib oxuyacaq. Kitab isə sadəcə olaraq oxunmayacaq. Dil açıb danışacaq. Təki onu eşidən olsun. Eşidən isə olacaq. Mütləq olacaq. Necə ki, mən eşitdim və eşitdiklərim məni təqribən 40 il əvvələ qaytardı. Bakıdakı 190 nömrəli məktəbin ədəbiyyat müəllimi Zərbəli Səmədov gözlərim qarşısında canlandı. 300 azərbaycanlıdan biri də Zərbəli müəllimdir. Ruhu şad olsun. Zərbəli müəllimi siz də yaxından tanımaq istəyirsinizsə Kamal Abdullanın "Tarixsiz gündəlik" əsərini oxuyun. Məktəbin doğrudan da məbəd olduğunu onda bilərsiz. Oxuyun. Mən isə burada sizinlə xudahafizləşib qismətimə yazılan yolu getməkdə davam edirəm. Qarşıma nələrin çıxacağından xəbərsiz gedirəm. Siz də öz yolunuzu gedirsiz. Siz də qarşınıza kimlərin və nələrin çıxacağından xəbərsiz olaraq gedirsiz. Yolunuz hamar, yolunuz işıqlı olsun.
Zərxanım
ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-
2009.- 4 sentyabr.- S.5.