Qumral Sadıqzadənin bədii
yaradıcılığı
Azərbaycan ədəbi mühitində
"Son mənzili Xəzər
oldu" adlı üç hissəli romanı, maraqlı povest və hekayələri və iri həcmli elmi-publisistik məqalələri
ilə tanınan Qumral xanım Seyid Hüseyn qızı Sadıqzadə
1929-cu ildə Bakı
şəhərində İçərişəhərdə
həyatın hər cür acılarına şahid olmuş Uzun Seyidlər adı ilə məşhur olan bir nəslə məxsus, Şirvanşahlar
sarayına bitişik ikimərtəbəli qədim
bir evdə dünyaya göz açmışdır. Qumral xanım iki nəcib nəslin, iki aydın vətəndaşın
- Seyid Hüseyn və Azərbaycanın ilk ziyalı xanımlarından biri olan lirik şairə
Ümmgülsüm Sadıqzadənin
övladıdır. Amma
təəssüf ki, həyat bu nəcibliyə
qarşı öz mərhəmətini əsirgəmişdir.
Ya bəlkə də nəciblik elə həyatın acı sınaqları nəticəsində qazanılır.
Ailənin davamının
bugünkü vəziyyəti
də məhz belə bir qənaətə
gəlməyimizə əsas
verir. Seyid Hüseyn və Ümmgülsümün övladları
Oqtay Sadıqzadə, Toğrul Sadıqzadə və Qumral Sadıqzadə öz istedadları, ziyalı tövrləri ilə ictimaiyyətə məlum
şəxsiyyətlərdir.
Qumral Sadıqzadə 1947-ci ildə
Bakı Energetika texnikumunu, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri
ilə çıxış
etmişdir. Yazıçını
ədəbi dairəyə
tanıtdıran ilk əsəri iri həcmə malik olan "Son mənzili Xəzər oldu" adlı tarixi-publisistik romanı oldu. Qumral xanım
özü əsəri
haqqında belə məlumat verərək yazır: "Kitab iki hissədən və epiloqdan iabərtdir. Birinci hissə nəslin tarixindən başlayaraq Seyid Hüseynin həyatının 1920-ci ilədək
- Azərbaycanda Sovet hakimiyyəti qurulanadək
olan dövrünü
əhatə edir.
Kitabın ikinci
hissəsi Seyid Hüseynin tarixən qısa bir müddət
ərzində - ömrünün
son on yeddi
ilinin yaddaşlarda yaşayan, xatirələrdə
qalan, nəslimizdə
bizdən yaşlıların,
vaxtilə atamı yaxından tanıyanların
söhbətləri, eləcə
də rəsmi sənədlər, faktlar əsasında yazılmışdır".
Yazıçının 2002-ci ildə nəşr etdirdiyi "Mənim nakam qardaşım" əsəri
də bu nəslin tarixinin davamı kimi görünür və Seyid Hüseynin ailəsinin 37-ci il repressiyasından sonrakı
dövrünü əhatə
edir.
2000-2008-ci
illəri Qumral Sadıqzadənin həyatında
bədii yaradıcılıq
baxımından ən
məhsuldar bir dövr hesab edə bilərik. Bu illər ərzində
dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri görünmüşdür:
"Analar tək qalmasın" (povest),
"Uzunçu", "Deyingən"
və s. hekayələri. Bu günə qədər də yazıçının
qələmi öz itiliyini saxlayır və fəaliyyətini davam etdirməkdədir. Sonuncu hekayəsi - "Xəsisliyin dərəcəsi"
"Ədəbiyyat qəzeti"nin 15 sentyabr 2008 tarixli nömrəsində
dərc olunmuşdur.
Qumral Sadıqzadənin bədii
yaradıcılığında diqqəti çəkən
məqamlardan birincisi onun öz hekayələrində
xarakterlər yaratmışdır.
Yazıçının xarakter
hekayələrinin əsas
ideyası isə bundan ibarətdir ki, insanın həyatını onun xarakteri müəyyənləşdirir.
Biz bu hekayələrdə
xarakterin situasiyadan deyil, situasiyanın xarakterdən asılılığını
müşahidə edirik.
Yəni müəllifə
görə, əslində
həyatın çətinliyi
və ya asanlığı şərt
deyil, əsas insanın onu necə qavramasıdır.
Mühüm məqamlardan
biri də budur ki, xarakter
yalnız fərdin özünə deyil, həm də onun əhatə olunduğu mühitə əhəmiyyətli dərəcədə
təsir göstərir.
Göstərilən cəhətlər
müəllifin yalnız
xarakter hekayələri
üçün deyil,
həm də vəziyyət hekayələrinə
də şamil edilə bilər. Birincilərdə ("Uzunçu", "Deyingən", "Qönçə
arvad", "Gəlinbacı
paltar yuyur", "Xəsisliyin dərəcəsi"
hekayələrində) xarakter
vəziyyəti yaradırsa,
ikincilərdə ("Analar
tək qalmasın",
"Təranə" povestlərində)
situasiyanın yenə
də xarakterdən qaynaqlandığını görürük.
"Uzunçu" hekayəsində
müəllif xarakterin
mühitə təsirini
belə ifadə edir: "Belə adamla qatarla uzaq yol getməyi,
bir dam altında
yaşamağı, xüsusən
ailə qurmağı
Allah heç kəsə qismət eləməsin! Bu o deməkdir ki, ömrünü vaxtından qabaq çürüdəcəksən". Bu cümlələr əslində yazıçının
bütün xarakter hekayələrinə epiqraf
kimi səslənir.
"Uzunçu" hekayəsində
Xavərin əri Eyvaz arvadına bircə kəlmə sözü çatdırmaq
üçün bütün
gün ərzində baş verən əhvalatları danışmaq
cəhdindədir. Bu isə yalnız Xavəri deyil, hətta onları ayaqüstü yoluxmağa
gələn qonağı
da təbdən çıxarır.
"Gəlinbacı paltar yuyur" hekayəsində
isə müəllif tipik vasvası obrazı yaratmışdır.
Bu əsərdə də Bilqeyis xanımın ətrafındakılar
onun ifrat təmizkarlığına məhkum
olunmuşlardır. Əsərin
sonunda müəllifin
qeydindən məlum olur ki, hekayənin
mövzusu tamamilə həyatdan götürülüb:
"Bilqeyis xanım on-on beş il bundan qabaq
səksən iki yaşında dünyasını
dəyişib. Allah ona qəni-qəni
rəhmət eləsin!
Bu yazıya görə qoy ruhu inciməsin". Əslində Qumral Sadıqzadənin qəhrəmanlarının
prototipi hər kəsin yaşadığı
mühitdə var və nəfəs aldığımız havanı
qatılaşdıran da
məhz onlardır. Müəllif bu hekayələrlə hər
kəsi öz daxilinə, öz xislətinə nəzər
salmağa səsləyərək
insanın özünü
tanımağa və islah etməyə ehtiyacı olduğuna inandırmağa çalışır.
"Qönçə arvad"
hekayəsində Asifin
mövhumatçılığı ətrafındakıları da
yoluxdurub onların həyatını mürəkkəbləşdirir.
Asif xalasını və onun qızını
qonşuluqda yaşayan
Qöncə arvadın
ayağının uğursuzluğuna
inandırmaqla onları
da özü kimi bu cəfəngiyyatdan
asılı vəziyyətə
salmağa nail olur: "O gündən etibarən ana da, qız da
bir yerə getmək üçün
evdən çıxanda
özləri də hiss etmədən qeyri-ixtiyari əvvəlcə
həyətə baxır,
Qönçə ilə
üz-üzə gəlməməyə çalışırdılar".
Qumral Sadıqzadənin romanından
sonra iri həcmli əsərləri
povestləridir. "Analar
tək qalmasın",
"Təranə" və
"203 nömrəli palata".
"Analar tək
qalmasın" əsəri
bu povestlər içərisində ən
tipik vəziyyətə
həsr olunmuş əsərdir və ictimaiyyətimizin ağrılı
mövzularındandır. Əsərin
ilk cümləsini təşkil edən mənzərənin şahidi
olmayan yəqin ki, yoxdur: "Avtobus dayanacağa yaxınlaşanda orta cərgədə oturmuş
yetmiş yaşlı
ağsaçlı qadın
zənbilindən sellofana
bükülmüş köhnə
"Əmək veteranı"
kitabçasını çıxarıb
çətinliklə ayağa
qalxdı, qapıya tərəf getdi". Təsvir olunan səhnə kimliyindən asılı olmayaraq, qadının mənəvi
tənhalığından xəbər
verir. Halbuki o, ömrünün qırx ilini müəllimliklə keçirən,
üç dürüst
övlad böyüdüb
onlara təlim və təhsil verən, ərini itirdikdən sonra iki övladını təkbaşına layiqincə
evləndirən qayğıkeş
bir anadır.
"Təranə" və
"203 nömrəli palata"
povestlərində də
yazıçı maraqlı
xarakterlər yaradır,
onların da hər biri vəziyyətlərdə
açılır. Bu
əsərlərdə də
insan eqoizminin qurbanları və öz xasiyyətləri, iddiaları ilə ətrafındakıların həyatını
zəhərləyən insanların
mənəvi xəstəliklərinin
xüsusiyyətləri öyrənilir.
Qumral Sadıqzadənin hekayə
və povestləri şirin təhkiyə üsulu ilə yazılmışdır. Bədii
dili sadə və lakonikdir, yazıçı hadisələrin
təsvirində təfərrüata
varmır. Əsərlərinin
hər birində ideyadan kənar ştrixlərə mümkün
qədər yol verməməyə çalışır.
Yazıçı sanki
həyatı bir psixoloq kimi müşahidə
edir, buna görə də onların hər biri lirik-psixoloji əsərlərdir.
Qumral Sadıqzadə ədəbi
ictimaiyyətdə yalnız
tərcümələri və
bədii əsərləri
ilə deyil, həmçinin elmi-publisistik
məqalələri ilə
də tanınır. Onun "Seyid Hüseyn" və "Şairə Ümmgülsümün
qəbri tapıldı",
"Anamın nadir əlyazmaları" adlı
məqalələri yüksək
elmi dəyərə malikdir.
Nizami Cəfərovun
qeyd etdiyi kimi, "Son mənzili Xəzər oldu" adlı sənədli romanları çapdan çıxanda
müəllifin ilk qələm təcrübəsi
olan bu kitablar
həm ədəbiyyatçılar,
həm də geniş oxucu kütləsi tərəfindən
böyük rəğbət
və maraqla qarşılandı. Çox keçmədən o, Azərbaycan Yazıçılar
Birliyinə üzv oldu və 2000-ci ilin mart ayında
bu kitabların müzakirəsi keçirildi.
Qumral Sadıqzadənin
dövri mətbuatda ən çox çıxışı "Ədəbiyyat
qəzeti"ndə görünür ki, bu da onun
hekayələrinin oxunaqlığından
irəli gəlir. Yazıçı ədəbi-bədii fəaliyyətinə
görə prezident təqaüdünə də
layiq görülmüşdür.
Könül NƏHMƏTOVA
Ədəbiyyat qəzeti.-
2009.- 4 sentyabr.- S.5.