Əzizim
anam
gərək...
Əzizinəm, qalandı,
Qəlbim oda qalandı.
Var-dövlət
əl çirkidi,
Vətən, millət qalandı.
Əzizinəm, bal sözü,
Bir də dinlə bal sözü.
Bəlkə bala sözündən
Yaranıbdı bal sözü?
Əzizinəm, yatana,
Əl vurmayın yatana.
Haqqa qovuşmusan sən,
Rahat uyu, yat, ana.
Əzizinəm, sayanam,
Günü, ayı sayanam.
Qürbət eldə ötüşən
Günlərimi say, anam.
Əzizim, anam gərək,
İlk eşqi anam gərək.
Ortaq olsun dərdimə
Öz doğma anam gərək.
Əzizinəm, yazanam,
El dərdindən yazanam.
Bağda ötər bülbüllər,
Hər gələndə yaz, anam.
Əzizinəm, yar ala,
Yar könlünü yar ala.
Dedim qəlbimi dindir,
Demədim ki, yarala.
Əzizinəm, qar qara,
Bir də yağdı qar qara.
Qarabağda sahibdi
Qarı düşmən Qarqara.
Əzizim, bala gəlsin,
Arılar bala gəlsin.
Ata, ana təntisə,
Köməyə bala gəlsin.
Əzizinəm, daşdımı?
Yazda çaylar daşdımı?
Həsrətindən dəliyəm,
Söylə, qəlbin daşdımı?
Əzizinəm, yalandı,
Demə hər şey yalandı.
Qəlbim ulu Göyçədə
Zirvə andı, yal andı.
Əzizim, ayım, ilim,
Xoş keçsin ayım, ilim.
Həqiqi dost dar gündə
İtərmi ilim-ilim?
Əzizim, qara bağım,
Qərq olub qara bağım.
Bir gün alınacaqdır
Yağıdan Qarabağım.
Əzizinəm, izlə gəl,
Hara getdim izlə gəl.
İlk görüşə çiçəkli
Cığırla gəl, izlə gəl.
Əzizinəm, duranam,
Sözüm üstə duranam.
Çətin anda təntisəm, -
Başım üstə dur, anam.
Əzizinəm, yazandı,
Bu bəxt tale yazandı.
Amandı qar üstə yox,
Sal daş üstə yaz, andı.
Əzizinəm, qazandı,
Mərdlər hörmət qazandı.
Halal süd əmən oğul
Yada qəbir qazandı.
Əzizim, qana yarım,
Dərdimi qana yarım.
Məhəbbətin işləyib
İliyə, qana, yarım.
Əli Vəkil
Ədəbiyyat qəzeti.-2009.- 4
sentyabr.- S.4.