Ürək dili
İstəyən vaxt şeir yazmaq
Mənim ən böyük arzumdur.
Şeir qafiyələnmiş
adi söz deyil,
Mənəvi qidamdır, ruzumdur.
Mən hamı üçün şeir yazmıram,
Yazıram söz qanan insanlar üçün.
Şeirdə ürəyimin
diliylə danışıram
Yalnız ürəkləri olanlar üçün
Qəm şəkli
Rəssam dostum,
Çəkə bilirsən
Çək qəmin şəklini.
Çəkə bilmirsən
Çək mənim şəklimi.
Qəmin şəkli mənim şəklim,
Mənim şəklim qəmin şəkli.
Elə çək,
Qəm mənim içimdə olsun,
Mən qəmin içində.
Qəm zildə olsun,
Mən bəmin içində.
Zil yerisin bəmə doğru,
Bəm yerisin zilə doğru.
Çək, elə belə də çək!
Onsuz da bü dünya
Hörümçək toru…
Dustaq
Daş hasar,
Tikanlı məftil arxasında
Dustaq gördüm.
Nə ölü kimi ölü gördüm,
Nə sağ kimi sağ gördüm…
Yeganə arzusu
Ordan çölə çıxmaq -
Övlad yanında olmaq,
Dost əlini sıxmaq.
Onu da edə bilmir.
Hasar kəsib yolunu,
Heç yana gedə bilmir.
Baxdım ona,
Bir də özümə.
Sarılıq qondu üzümə…
Nə oslun, imkanım böyükdür?!
Ayaqlarım mənə yükdür.
Qarabağa yetə bilmirəm,
Təbrizə gedə bilmirəm.
Gələ bilmirəm,
Görə bilmirəm
Qan qardaşımın üzünü,
Keçmək olmur
Həsrət körpüsünü.
İstədiyimi edə bilmirəm…
Nə xeyri,
Ölməmişəm, sağam?!
Demək, mən də, qardaşım,
Bu cür, belə dustağam.
***
Əlimə tikan batacaqmış,
Ovcum qaşındı…
Bəxtim kimi adamlar da
Düz gəlmədi mənimlə,
Ürəyim aşındı.
Ağır zəhmətə qatlaşıb
Tər axıtdım,
Sandılar göz yaşımdı.
Başlarına daş düşdü,
Dedilər başdaşındı…
***
Bir qız
Sevdiyi oğlana
Dedi bir gün:
- Sevmirəm səni daha,
Sənə olan sevgim ölüb.
Oğlan soruşmadı
Niyə, nə üçün?!
Axı nə baş verib,
Nə olub?
Qız oğlana
Yalan deyirdi ancaq.
Özü ölmüşdü
Sevgisindən qabaq…
Səni öz günümə saldım
Qadınlar şan-şöhrət sevən olurlar,
Səni şan-şöhrətə çatdırmamışam.
Qadınlar var-dövlət sevən olurlar,
Səni var-dövlətə çatdırmamışam.
Şan-şöhrət, var-dövlət
məndən aşağı,
Şah-şöhrət, var-dövlət
nəyinə gərək?
Şah-şöhrət, var-dövlət
səndən aşağı,
Şah-şöhrət, var-dövlət
nəyimə gərək?!
Asanmı şan-şöhrət sahibi olmaq?!
Bunun öz bettası, öz qamması var…
Yox, mənlik deyildir
var-dövlət yığmaq,
Hardasa onun da yüz amması var.
Bu işdə özümü yağ-bal eləyib
Vaxt-bivaxt kiməsə içirməliydim.
Düşüb min sifətə, girib min cildə
Əyilib, alçalıb, kiçilməliydim…
Qadınlar şan-şöhrət sevən olurlar,
Səni şan-şöhrətə çatdırmamışam.
Qadınlar var-dövlət sevən olurlar,
Səni var-dövlətə çatdırmamışam.
Şan-şöhrət əvəzi sən məni sevdin,
Var-dövlət əvəzi sən məni sevdin.
Çünki təbiətən özün sadəsən,
Odur ki, hələ də mənim gözümdə
Qadınlar içində qeyri-adisən.
Sevgi işığında keçib ömrümüz,
Olduq hər ikimiz taledən razı.
Ömür sürənlər var səksən, doxsan, yüz,
Sevgi işığına həsrət, tamarzı.
Sığınıb, qısılıb əqidəmə mən
Beləcə "kölgədə" qaldım, əzizim.
O işlər əlimdən gəlmədiyindən
Səni öz günümə saldım, əzizim.
Verməz
İnsan eşqin kölgəsidir,
İnsan sevda ölkəsidir.
Yaratdığı hər canlıya
Allah belə pay verməz.
Ağlın cilası sevgidir,
İnsanda Tanrı dərkidir.
Haqdan gələn bir vergidir,
Oddan keçirər, çiy verməz.
Gecələr - aşiq fəryadı,
Gündüzlər - arzu, muradı.
Məhəbbət dərin dəryadı,
Hər sevənə o, boy verməz.
Hafiz Əli
Ədəbiyyat qəzeti.- 2009.- 4 sentyabr.- S.6.