"Əkbər dostdan qaça bilməz..."

 

Srağagün Muğam Teatrında ustad el aşığı Aşıq Əkbər Cəfərovun "Nurlar" nəşriyyatında çap edilmiş "Söz qanana qurban olum" kitabının təqdimat mərasimi keçirildi.

Tədbirin aparıcısı professor Qəzənfər Paşayev qeyd etdi ki, bu mərasimi məşhur el sənətkarının anım günü adlandırmaq olar: "Aşıq Əkbər 1990- ilin 24 avqustunda dünyasını dəyişib. Burada Azərbaycanın bütün guşələrindən, o cümlədən, Təbrizdən tanınmış ziyalılar, sənət adamları iştirak edir. Bu, Aşıq Əkbərə olan xalq sevgisinin coğrafiyasını, əhatəliliyini göstərir. Sağlığında öz övladlarının toy şənliyini Aşıq Əkbərin keçirməsini niyyət edən, qurbanlar deyən fanatları yüzlərcə idi…"

Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub məclisdə bütün dodaqlarda, çöhrələrdə işıq, nur gördüyünü dilə gətirdi: "Bütün bunlar Aşıq Əkbər Cəfərov şəxsiyyətinə, sənətinə el sevgisinin əksidi. O, ömrü boyu gəlin köçürdü, ağır yığnaqlar yola verdi, saz çalıb, söz söylədi. Elə bu məclisi sazın, sözün bayramı adlandırmaq olar. Aşıq Əkbər xoşbəxt taleli sənətkar idi. Onun sağlığında Tovuz aşıq mühiti öz qızıl dövrünü yaşayırdı. Allah ona yüksək səhnə mədəniyyəti, sadə bir təbiət vermişdi. O, mənim uşaqlığımın kinolarımın aşığı idi. "Ögey ana", "Böyük dayaq" filmlərində aşığın unudulmaz çöhrəsi, sazı-sözü əbədiləşib. O, səfərlərdə, el məclislərində həmişə Aşıq Əkbər olaraq qaldı. Ona ata da dedilər, ustad da, əmi, dayı, qardaş da. Çünki qəlbində, dilində el hikməti çağlayırdı. Aşıq Əkbər bir sənətkar kimi mələk ömrü yaşadı…"

Sonra əməkdar artist Könül Xasıyeva ustadın ruhunu mahnı ərməğanıyla şad etdi, YAP Tovuz rayon təşkilatının sədri B.Rüstəmovanın tədbirə ünvanladığı teleqram diqqətə çatdırıldı.

Millət vəkili, təqdim olan kitaba yazılmış "İlahi səsin möcüzəsi" adlı ön sözün müəllifi Qənirə Paşayeva çıxış edərək dedi ki, Aşıq Əkbər doğrudan da təkrarolunmaz, büllur kimi təmiz, möcüzəli bir səs sahibi idi: "Kiçik yaşlarımda saz-söz mühitində böyümüşəm. Aşıq Əkbəri yaxından görməyimi taleyin töhfəsi hesab edirəm. Onun yaratdığı "Əkbər gəraylısı", "Əkbər gözəlləməsi"ni evimizdə qurulmuş saz-söz məclislərində "əhsən" sədaları altında o qədər dinləmişəm kiBiz türkük. Türk insanı saz ruhunun daşıyıcılarıdı. Biz öz sazımıza sahib durmalıyıq. Bu musiqi bizim tariximizin yol yoldaşıdı. Hesab edirəm ki, sazın-sözün bayramına çevrilən bu məclisdə Aşıq Əkbərin şad-xürrəm ruhu dolanır…"

Sonra təbrizli aşıq Çingiz Mehdipur "Osmanlı divanisi"ylə aşığın ruhunu yad etdi.

Tanınmış şair Məmməd İsmayıl ustad aşığın vaxtilə onun toyunda çalıb-çağırdığı günlərin unudulmazlığından, onun ağsaqqallığından söz açdı: "Allahın sirrinə əl aparmaq olmazKim bilir, bəlkə bu gün məclisdə çalıb-çağıran bu gözəl aşıqların səsi elə Aşıq Əkbərin öz səsidi, yenidən qayıdıb gəlib. Evimizin açarı da saz şəklindədi, saza bənzəyir. Ona görə ki, sazla biz könüllərin qapısını açırıq. Aşıq Əkbər vergili bir aşıq idi, sənətə balabanla gəldi, bir çox mətləbləri balabanda qandırdı, sonra saza keçdi."

Əməkdar artistlərdən Tünzalə Ağayeva, Gülyaz Məmmədova mahnı töhfələrini ərməğan etdilər, professor Müseyib Müseyibov Aşıq Əkbər dünyasının ecazkarlığından söz açdı.

Professor Məhərrəm Qasımlı 20-ci əsr Amerika musiqisinin böyük nümayəndəsi, professor Alan Lomenesin Aşıq Əkbər səsinə, avazına olan heyranlığını önə çəkdi: "O yazır ki, mən dünyada çox gözəl səslər dinləmişəm, ancaq Aşıq Əkbərin səsi qədər şaqraq, zil səs eşitməmişəm. Bu gün bu məclisə gəlməmişdən ustad aşığın ifasını yenidən dinlədim onun sənətinin böyüklüyünü bir daha dərk etdim. Onun səsi, ifası havaların özünü gözəlləşdirirdi. İfa, oxu tərzi Aşıq Mirzə məktəbindən gəlirdi, baxmayaraq ki, özü sonralar bir məktəbə çevrildi".

Aşıqlardan Ədalət Dəlidağ, Cahangir, Gülarə Azaflı, İlkin Astanbəyli, Ələsgər Tağıyev, müğənni İlkin Əhmədovdan çonra çıxış edən yazıçı-publisist Nahid Hacızadə ötənləri xatırladı: "Onun adını ilk dəfə 1957-ci ildə tanınmış müğənni Vəli Məmmədovdan eşitmişəm. Sonralar şəxsən tanış oldum. Aşıq Əkbər təkcə Tovuz mahalına sığışan sənətkar deyildi, o, bütün Azərbaycanın, türk ellərinin, Turan dünyasının aşığı idi. Mən ustad aşığın kinoya çəkildiyi məqamları görmüşəm".

Tədqiqatçı Məhərrəm Hüseynli ustadın sənətkar qüdrətindən söz açdı, onun əsərlərinin toplanması istiqamətində gördüyü işlərdən danışdı.

Tanınmış şair İlyas Tapdıq vurğuladı ki, Aşıq Əkbər saza-sözə, dostluğa sədaqətli, öz sənətinin ustadı olan sənətkar idi: "O, sənətə öz övladı kimi qulluq etdi. Aşığın ilk çıxışlarının aparıcısı olmuşam. Xatirə şəkillərimizi əziz yadigar kimi qoruyuram".

Təqdim olunan kitabın redaktoru Bəsti Əlibəyli ustad aşığın yaradıcılıq məziyyətlərindən ətraflı bəhs etdikdən sonra folklorşünas alim Elxan Məmmədli "Aşıq Əkbər əvvəl atamla dost idi, sonra gözəl təsadüf oldu ki, bu ənənə mənimlə davam etdirildi" - deyə ötənləri yada saldı.

Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, Güney Azərbaycanda Aşıqlar Birliyinin təmsilçisi Böyükağa Əkbərpur, "Söz qanana qurban olum" kitabının tərtibçisi Bağban Baba da tədbirdə ustad aşığın unudulmaz sənətkarlığından, ruhumuzun sazda-sözdə var olmasından söz açdılar. Qələndər Şöhrət Kərimovun çalıb-oxuması könüllər oxşadı.

Tədbirin sonunda ustad aşığın oğlu Arif Cəfərov çıxış edərək Azərbaycanda saza-sözə verilən yüksək qiymətdən söz açdı, ölkəmizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini vurğuladı, məclisin araya-ərsəyə gəlməsində xüsusi xidməti olan millət vəkili Qənirə xanıma, professor Qəzənfər Paşayevə, Mahnı Teatrının İctimai Televiziyanın rəhbərliyinə öz minnətdarlığını bildirdi: "Hər kəs öz sənətinin qulu, öz sözünün ağası olmalıdı. Atam belə ömür yaşadı. Həmişə düz çalıb, düz oxudu. Çağdaş ifaçıların da bu yolla getməsini arzulayıram…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.- 4 sentyabr.- S. 6.