Mən uzaq Sibirin…
Mən uzaq Sibirin bir yaz günündə,
Qarı dizə çıxan bəyaz günündə,
Dünyaya göz açıb gəldim həyata.
Gəldim, gəlişimə qəmləndi hamı.
Neyləsin, onlarçün yoxdur dünyada
Fərəhin ləzzəti, sevincin tamı.
Onların saralmaz ümidlərini
Dondura bilmədi nə şaxta, nə qar.
Vətən yanğısına bir məlhəm kimi,
Sürgündə adımı Eldar qoydular.
Mən də Eldar olub elimi sevdim,
Vətəndən uzaqda, eldən uzaqda.
Anam layla deyən dilimi sevdim,
Anam layla deyən dildən uzaqda.
Sürgündə onlara oba, el oldum,
El oldu köksümü isidən ocaq.
Mən orda dilimçün anadil oldum,
Sən burda dilini unutdun ancaq.
Dərs olmur tarixin acı dərsləri,
Hanı o zamanın havası, hanı?
Bizləri Sibirə sürən kəslərin
Bəs indi öz yurdu, yuvası hanı?
Günlərin birində uzaq Sibirdən
Mən Vətənə gəldim, sevindi hamı.
Rahat uyudacaq ölsəm qəbirdə
Məni o fərəhin, sevincin tamı.
Nə bilsin
Bu dünyada dərd bilməzlər
Nə bilsin dərdimi mənim.
Biri gedir, biri gəlir,
Dərdlərim birdimi mənim.
Dağlarımdan qarım qaçqın,
Bağlarımdan barım qaçqın,
Yarım köçkün, yarım qaçqın -
Bu dərdim sirdimi mənim.
Qovğadan açılmır başım,
Haqq sayılmır haqq savaşım.
İndi suvarır göz yaşım
Ləkimi, kərdimi mənim.
Salma dünəni yadıma,
Getdi zamanın badına.
Bu gün qaçqın fəryadıma
Dünya hay verdimi mənim?
Sibirel, mağılsa dünya,
Nağıl de, nağılsa dünya.
Yenəmməz, dağılsa dünya,
Namərdlər mərdimi mənim.
Ay dağlar, ay dağlar
Gözümə qonan çəndimi?
Kəsib bərəmi bəndimi.
Dərddən lal olan bəndəni
Dindir, ay dağlar, ay dağlar.
Laləni yolumda yandır,
O da mən tək bağrı qandır.
Məni başına dolandır,
Döndər, ay dağlar, ay dağlar.
Qəlbim köklənib qəm üstə,
Kim qınanıb sitəm üstə?!
Şimşəyini sinəm üstə
Söndür, ay dağlar, ay dağlar.
Sənsən ucam, sənsən qəlbim,
Yoxdur saxtan, yoxdur qəlpin.
Sənnən dağ-dağ olan qəlbim
Təndir, ay dağlar, ay dağlar.
Sanma ürək daş-dəmirdir,
Yanıb… qalanım kömürdür.
Bu da belə bir ömürdür,
Gündür, ay dağlar, ay dağlar.
Zamanın fitnə-felləri,
Köksümə çəkdi milləri.
Gözümdə daşan selləri
Sendir, ay dağlar, ay dağlar.
Arzum qovruldu sacımda,
Külü ağardı saçımda.
Hazırmı dar ağacında
Kəndir, ay dağlar, ay dağlar?
Sibirel dönsə qəribə,
Qıymasan onu qəbirə,
Onda təzədən Sibirə
Göndər, ay dağlar, ay dağlar.
Yerinə
Altundan kəmərin olum,
Dola məni bel yerinə.
Qaracaoğlan
Sən gedəndən sonra ömrüm,
Gülüm, döndü sel yerinə.
Küləklər sovurdu məni
Qum yerinə, kül yerinə.
Sənsiz dərdlə dolub sinə,
Gəl, bəlkə könlüm isinə.
Telli sazın pərdəsinə
Çək qəlbimi tel yerinə.
Yazın səmum yeli olmaz,
Mərdin şərdə əli olmaz.
Məhəbbətin dili olmaz,
Göz danışar dil yerinə.
Hər gün girərəm yuxuna,
Həsrəti qoyma yaxına.
İstəyirsən tax yaxana
Ürəyimi gül yerinə.
Hərcayiylə sözüm tutmaz,
Söz deməyə üzüm tutmaz.
Göz yaşımı gözüm tutmaz,
Sinəm dönər göl yerinə.
Sibirel, son ahın olsun,
Uzaqların yaxın olsun.
Əzrayıl, Allahın olsun,
Bu gözəlin öl yerinə.
Gəl
Baxdım, ömrüm boyu yoluna baxdım,
Yaş olub özümün gözümdən axdım.
Bu sənli dünyada sənsiz darıxdım,
Gəl, qara günümü bəyaz eylə, gəl.
Gəl, ötən günlərim hay vermir mənə,
Gələnlər gün vermir, ay vermir mənə.
Həsrətin dəryası boy vermir mənə,
Gəl, qəm dəryasını dayaz eylə, gəl.
Gəl ağı qaradan seçməkdən ötrü,
Qəlbimə, gözümə köçməkdən ötrü.
Həsrəti zəmi tək biçməkdən ötrü,
Gəl, mənim qolumu dəryaz eylə, gəl.
Gəl, gətir bir azca ötən günümdən,
Pəncərən önündə bitən günümdən.
Əlim gülüşünə yetən günümdən,
Gəl, mənə də nəzir-niyaz eylə, gəl.
Gəl, sənsiz Sibirel qalıbdır yalqız,
Sevgi laylası çal mənə bir ağız.
Önümü qış kəsib, arxamı payız,
Gəl, mənim ömrümü, gəl, yaz eylə, gəl.
Eldar Nəsibli Sibirel
Ədəbiyyat qəzeti.-2009.-11
sentyabr.-S.6.