Ana dilində ötdün

 

Təkrarsız şairimiz

Mansur Vəkilovun

xatirəsinə

 

Ana dilində ötdün

Anadil quşu kimi.

Ömrümüzdən keçib ötdün

Vətənin qızmar yayı,

küləkli payızları,

mülayim qışı kimi.

 

Ana dilində ötdün,

Həyatın şərəfinə

Təranələr yaratdın

Yerin alqışı kimi

 

 

Belə dostumuz vardı

 

Qanadlı ürəyində,

Volqanın ənginliyi,

Ağcaqayının nazı,

Dəli Kürün avazı.

Şimalın sərt havası,

Cənubun kövrək sazı

Qovuşurdu sözündə,

Xırıltılı səsində.

Bəzən Rusiya kimi

Qarlı, şaxtalı idin,

Cavan ixtiyar kimi

Ağır taxtalı idin.

Abşeronun boz, qumsal,

Şoranlıqlı torpağı,

Xəzərin ləpələri,

Kükrəməyi, coşmağı,

Rübabını dindirən

Ömürlük sevgin idi,

Şirindən şirin idi,

Rus dilində danışan

Bakılı şerin idi.

Atanın oğlu idin,

Vətənin oğlu idin.

Cənuba toxunan söz

Ürəyini dələrdi.

Şimala atılan daş

Ürəyinə dəyərdi.

Ananın oğlu idin,

Cahanın oğlu idin.

Yumruq boyda qəlbinə

Bir kainat sığardı.

Biri vardı, biri yox

Belə dostumuz vardı

 

 

Səyavuş Məmmədzadə

 

Ədəbiyyat qəzeti.-2009.-11 sentyabr.-S.3.