Təmiz əllər
Mənim babam -
Şəhərin məşhur həkimi
Məmməd Rza
Çəkib
çəkilməyən dərdi-sərini
44-də yumdu gözlərini.
O öldü dava vaxtı,
Güllə yarasından yox.
Qocalaraq ölən də
O zaman nə çox…
O, yatağa uzanmışdı
-
Yola salıb illəri.
Gümüşü ay parçasıydı
Tərtəmiz əlləri…
O dava illərində
yaddan çıxmışdı hamı.
Amma onun dəfninə
gələn görmüşdüm
sakitcə
böyük bir izdihamı.
İnsanlar gəlməmişdi
Çəkmək üçün bu
dərdi.
Düşünürdülər kimin
ömrünü o,
uzada bilərdi…
Zəriflik -
çox yaraşır səmaya.
Azadlıq -
çox yaraşır dalğaya.
Qürur -
çox yaraşır dağlara.
İnsan -
dağdır,
dalğadır,
səmadır…
Dərs
Balaca oğlan
Əlində təbaşir -
Hünərdə bir şir
Yaxınlaşır lövhəyə.
Qara lövhədə
Ağ yazı yazır.
Sanki qara gecəni
Aynadan asır.
Qoçaq oğlan!
Yazır yazdıqlarını
Həyatda ilk sözü kimi.
Qoçaq oğlan hələ bilmir
Bu lövhə sonsuzdur
göy üzü kimi.
İşığa çırpılan
kor pərvanələrtək
təbaşir lövhəyə dəyir.
Nə bu qaranlıq,
nə pozulan yazılar
onun qürurunu əyir.
Balaca oğlan -
Ulduzlu səma…
Mansur Vəkilov
Çevirəni: Adil Cəmil
Ədəbiyyat qəzeti.-2009.-11
sentyabr.-S.3.