Ana həsrəti
Dünyanın yaddaşı xarab
olubdu,
Çıxmışam yadından bütün
dünyanın.
Hər tərəf sözçüylə,
sözlə dolubdu, -
Laylası çağlayır təkcə
anamın.
Yenə qucağına pənah gətirdim,
Bu boyda, bu yaşda
uşaq olurmu?
Mən nə tapmışam ki, səni itirim…
Dizini mənə ver, üstə oturum.
Bir kürsü tapmadım, qaldım ayaqda,
İllər yordu məni, incidim ana.
Həsrətin yaxında, özün uzaqda,
Çox gecmi gəlirəm sənin yanına?
Qucağın göynəyir hərdən, bilirəm,
Həsrətin böyüyüb, böyük olsa da.
Sənin ürəyini gizlədir sinən,
Nə qədər sevgimiz ora dolsa da…
Ana ürəyinin hikmətidir bu,
Ana, ürəyinə çəpərdi sinən.
Girib ürəyinə, gizlənim bir az,
"Kimsə yoxdu burda" - sorsalar denən.
Bir layla deginən, ovunum bir az,
Şirin yuxularım dönsün geriyə…
Bir layla deginən, uyuyum bir az,
Körpə qoxularım gəlsin yerinə…
Ana, bağrına bas, ovundur məni,
Bir az ağır olsam, qorxma, incimə.
Mahnı çal, ninni de, sevindir məni,
Təzə şerimi də heç kəsə demə.
Mənə də yer verərsənmi...
Ay yerdə gəzən qarışqa,
Səni tapdaya bilmərəm.
Səbrimi kəsən qarışqa,
Sənə oxşaya bilmərəm.
Cəsarətim çatmır mənim,
Dayanıb bir yerdə durum…
Daş toplayım, qum sovurum,
Özümə bir yuva qurum.
Mən vətənə daş olsam da,
Vətən mənə baş olmadı.
Məni sapanda qoydular,
Növbədə bir daş olmadım.
Ovçular quş bildi məni,
Yolçular daş bildi məni;
Çəkdim hər bir cəfasını, -
Görən nimdaş bildi məni.
Tənələrdən bezib bir gün
Qarışqa olmaq istəsəm,
Əllərimi üzüb bir gün
Yanında qalmaq istəsəm -
Mənə də yer verərsənmi?
Tamella Pərvin
Ədəbiyyat qəzeti.-2009.-11
sentyabr.-S.4.