Demə şəkər, balmışam...

 

Körpə olub yatmışam,

"Qızıl gülə batmışam",

Böyüyüb boy atmışam

Anamın qucağında.

 

İlk nəğməmi oxuyub,

Sözdən yuxu toxuyub;

Yuxum ətir qoxuyub

Anamın qucağında.

 

Anam - nəğmə ötəndi,

Anam - ana vətəndi,

Qəlbim qəlbiylə təndi

Anamın qucağında.

 

Ağlayıb hay salmışam,

Yuxusunu almışam;

Demə şəkər, balmışam

Anamın qucağında.

 

 

Gah bülbülsüz, gah anadil

 

Yaz gələndə coşursunuz,

Zirvələri aşırsınız;

Təzə nəğmə qoşursunuz, -

bəstəkar quşlar.

 

Gül eşqinə tez oyanıb,

Əhdinin üstdə dayanıb;

Oxuyursuz oda yanıb, -

bəstəkar quşlar.

 

Oxuyursuz ötüb dil-dil,

Nəğmənizlə açılır gül;

Gah bülbülsüz, gah anadil, -

bəstəkar quşlar.

 

Şah budaqda fəğan edən,

Ürəkləri al qan edən;

İnsanları heyran edən, -

bəstəkar quşlar.

 

Nəğmənizin zili, bəmi,

Könüllərin dərdi-qəmi;

Yoxsa gəzirsiz həmdəmi, -

bəstəkar quşlar.

 

Oxuyanda səhər-səhər

Qönçə gülər, gül baş əyər,

Günəş sizə gülümsəyər, -

bəstəkar quşlar.

 

 

Mahmud Əhməd

 

Ədəbiyyat qəzeti.-2009.-11 sentyabr.-S.4.