Rektorun qəbulunda
Əllinci illərin söhbətidir.
O zaman Azərbaycan Dövlət Universitetinin rektoru akademik Yusif Məmmədəliyev
idi. O, son dərəcə xeyirxah, ürəyi yumşaq bir insan kimi
tanınırdı. Biz
tələbələr onu
özümüzə ata
bilirdik. O isə bizi övlad.
İndi radionun qocaman jurnalistlərindən sayılan,
prezident təqaüdüçüsü
Hidayət Səfərli
üçüncü kursda
oxuyurdu. Belə bir qayda var
idi: "üçü"
olan tələbəyə
təqaüd vermirdilər.
Hidayət də hansı fənnənsə
"üç" alıbmış.
fikir, xəyal içində rektorluğun
qarşısından keçərkən
birdən qapı açılır. Yusif Məmmədəliyev harasa
tələsirmiş, onu
görüb ayaq saxlayır:
- Ay İslam, xoş gördük, - deyir, - yəqin mənim yanıma gəlmisən. Mənə
görə nə qulluq?
Hidayət hiss eləyir ki, Yusif müəllim
onu qardaşı - şair İslam Səfərli ilə səhv salıb.
Hidayət də Hidayətdir. Fürsəti fövtə
vermir:
- Hörmətli professor, deməyə də utanıram.
- Yox, utanma, de.
- Bizim Hidayət burda, jurnalistika şöbəsində oxuyur. Bir üçü var, qorxuram təqaüddən düşsün. Gəlmişəm ki…
Rektor onu içəri dəvət edir, çay gətizdirir. Köməkçisi Qəmər xanıma deyir ki, filologiya fakültəsinin dekanı (o zaman jurnalistika şöbəsi filologiya fakültəsinin tərkibində idi) Muxtar Hüseynzadəni çağır.
Hidayət özünü itirir, bilmir neyləsin. Bir neçə dəqiqə sonra dekan qapı ağzında görünür.
- Professor, məni çağırtdırmısınız?!
Hidayət üzünü yana çöndərir ki, dekan onu görməsin. Yusif Məmmədəliyev deyir:
- Muxtar müəllim, bizim keçmiş məzunumuz, hörmətli şairimiz İslam Səfərlinin qardaşı Hidayət Səfərlinin təqaüd məsələsini həll edin.
Muxtar müəllim "baş üstə" deyib, dabanı üstə geri dönür. Hidayətin elə bil üstündən dağ götürülür. Sevincdən, həyəcandan bilmir neyləsin, təşəkkür belə etmədən yel kimi qapıdan çıxır.
O, Yusif Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə gedənəcən bir daha bu həndəvərdə görünmür.
"Bağışlayın,
sizi ölüm gözləyir"
Xalq şairi Nəbi Xəzri təbiətən çox emosional və çılğın bir insan idi. Ona görə də ətrafı onunla həmişə ehtiyatla dolanırdı. Əbəs yerə demirdilər ki, "hirslənəndə Nəbi Xəzrinin üzünü görmə".
Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini işlədiyi günlərin birində kabinetə daxil olarkən görür ki, qırmızı rəngli dövlət telefonu bar-bar bağırır. Dəstəyi götürür.
- Salam, Nəbi Alekberoviç, danışan Sergey Vasilyeviçdir.
Nəbi Xəzri Mərkəzi Komitənin katibi Kozlovun quru, soyuq səsini eşidəndə hiss edir ki, bu zəng xeyirliyə deyil. Könülsüz halda:
- Salam, Sergey Vasilyeviç, buyurun, sizi eşidirəm, - deyir.
Kozlov səsini qaldırır:
- Bu nə biabırçılıqdır?
Nəbi Xəzri tutulur. Araya sükut lələyi düşür. Kozlov sözünə davam edir:
- Sizin kinoproqram şöbəsinin işçilərindən biri mənim qayınanama qarşı kobudluq edib. Telefonda deyib ki, "Bağışlayın, sizi ölüm gözləyir". Xahiş edirəm, bu məsələni aydınlaşdırın.
Kozlov dəstəyi yerə qoyur. Nəbi Xəzri tezcə hər gün efirə gedəcək filmlərə texniki, həm də ideoloji cəhətdən baxış keçirən, bir az hazırcavab, baməzə adam kimi tanınan Rza Məmmədovu yanına çağırtdırır.
Rza Məmmədov "qaragünlüyünü qablaşdırıb", qorxu, həyəcan içində sədr müavininin kabinetinə daxil olur. Görür ki, Nəbi Xəzri özündə-sözündə deyil. Nəbi Xəzri yumruqlarını stola çırpır:
- Adə, sən neyləmisən?
Rza Məmmədov büzüşür:
-Heç nə… Nəbi müəllim, vallah-billah, heç nə.
Yumruqlar yenə qoşalanır:
- Adə, necə yəni heç nə?
- Nəbi müəllim…
- Adə, bu heç nədir bəyəm? O boyda adamın - Kozlovun qayınanasına demisən "Bağışlayın, sizi ölüm gözləyir"...
Bu sözləri eşidəndə Rza Məmmədovun elə bil üzünə gün doğur, gözlərinə işıq gəlir. fikrini izah etmək üçün özündə güc tapır:
- Nəbi müəllim, - deyir, - özünüz bilirsiniz proqram çap olunmur. Filmlər də efirə gedən gün məlum olur. Ona görə də telefonlar səhərdən zəng etməyə başlayırlar. Zənglər bir dəqiqə də olsun ara vermir. Özü də ən çox evdar qadınlardır. Onlar telefonda filmin adını soruşurlar. Mən filmin adını deyib, o an da "otboy" verirəm. Kozlov yoldaşın qayınanasına da bu gün gedəcək filmin adını demişəm: "Bağışlayın, sizi ölüm gözləyir". Bu, gürcü komediyasıdır. Mən onun adını dəyişə bilmərəm...
Axı sən Hüseyn Arif deyilsən
Xalq şairi Hüseyn Arif bir vaxtlar Moskvada - M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdı. Hər dəfə yolu bu şəhərə düşəndə burada təhsil alan azərbaycanlı tələbələrlə, gənc qələm dostları ilə görüşərdi.
Belə görüşlərin birində xətrini çox istədiyi, gələcəyinə qəlbən inandığı Vilayət Rüstəmzadə ona yaxınlaşır:
- Ay ustad, bəs bizə bir qonaqlıq olmayacaq?
Hüseyn Arif bir əllilik çıxarıb onun döş cibinə basır.
Vilayət zarafatından qalmır:
- Qağa, sən tələbə olanda Səməd Vurğun yüz manatdan əskik verməzmiş. Bəs sən niyə əlli verirsən?
Hüseyn Arif üz-gözünü turşudur:
- Kəs səsini, nə sən Hüseyn Arifsən, nə də mən Səməd Vurğun…
"Sevilən" yazıçı
Yazıçı Oqtay Salamzadə ilə kitabxanada görüş keçirilirmiş. Direktor görüşü açıq elan edir və bir-bir fəal oxuculara söz verir. Danışanlar öz çıxışlarını bu sözlərlə başlayırlar: "Bizim ən çox oxunan, sevilən yazıçılarımızdan biri Salam Qədirdazə…"
Oqtay Salamzadə pərt olur və ürəyində öz-özünə fikirləşir: "Bəlkə mənim adımı səhv salıblar". Çıxışçılar isə "səhvi" təkrar edirlər. Oqtay müəllimin əsəbləri gərilir: O, ayağa qalxıb:
-Ay mənim əzizlərim, - deyir, - bilin və agah olun, mən Oqtay Salamzadəyəm. Sağ olun, mən gedirəm, qələm dostum, gözəl yazıçımız Salam Qədirzadəyə deyim ki, gəlib öz halal görüşünə yiyəlik eləsin.
Nahid Hacızadə
Ədəbiyyat qəzeti.-2009.-11
sentyabr.-S.6.