Mən çətin işlər üçün yaranmış adamam

 

Yaxşı deyiblər ki, yalan sözdür yardan doymaqDoktor Cavad Heyətin öz dili ilə desək, onun üçün bu doyulmaz yar, vəslinə yetmək üçün bütün zəkası, imkanları ilə savaş açdığı mətləb bütöv Azərbaycan anlayışıdı. Bu günlərdə "Divani-hikmət"in qonağı olan görkəmli cərrah, alovlu vətənpərvər yenə ömrünün mənasını vətən, xalq qarşısında xidmətdə gördüyünü vurğuladı.

Tədbirin aparıcısı Kamil Məhərrəmoğlu ana dilimiz, milli varlığımız uğrunda yorulmaz mücadilə aparan C.Heyətin mənalı ömür yolundan, cərrah bıçağı ilə qələmi xalqa xidmət amalı uğrunda birləşdirməyi bacaran böyük şəxsiyyət olmasından söz açdı. Sonra alimin həyat fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı "Divani-hikmət" ədəbi məclisinin yaranma tarixinə ekskurs etməklə bərabər, onu yeni şəraitdə araya-ərsəyə gətirənlərə minnətdarlığını bildirdi: "Yaxın günlərdə burada mənimlə görüş keçirildi. Doktor Cavad Heyətin həmin məclisdə iştirak etməsindən qürur duyurdum. Cavad bəyin o məclisdəki maraqlı çıxışı bugünkü görüşə bünövrə qoydu. Bir az əvvəl nümayiş etdirilən süjetlər əslində onun haqqında hər şeyi deyir. Cavad Heyət bizim millətimizin varlığını qoruyanlardan biridir. Bəzən şəxsiyyətin cəmiyyətdəki yerini düzgün qiymətləndirmirlər. Ziyalıya, şəxsiyyətə elə yüksək mövqedən baxmaq lazımdır ki, tarix səni qınamasın. Cavad Heyət yarım əsrdir ki, ürək cərrahiyyəsi aparır. Bu, nadir işdir. Ancaq o, həm yarım əsrdir ki, parçalanmış xalqı bir-birinə birləşdirmək savaşı aparır, "Varlıq"la Azərbaycan xalqının birliyini, dilini qoruyur. O, Güney Azərbaycanı ədəbiyyatının araşdırılması istiqamətində bütöv bir institutun görəcəyi işi təkbaşına həyata keçirib".

Tanınmış müğənni Yaqub Zurufçu musiqisi C.Cahangirova məxsus olan "Təbriz" mahnısı ilə böyük dostunu salamladı, "Ayrılığ"ın hicrini səsiylə, avazıyla yaşadı.

Yazıçılar Birliyinin katibi, "525-ci qəzeti"in baş redaktoru Rəşad Məcid mərasimdə çıxış edərək dedi: "Mənim üçün qürurlu bir an, sevindirici faktdı ki, burada məni Cavad Heyətin dostu kimi təqdim etdilər. Belə tədbirlərin keçirilməsi milli dəyərlərimizin yaşadılmasına xidmət edir. Cavad Heyət adı həqiqətən o taylı-bu taylı Azərbaycanın qürurlandığı bir addı…"

Sonra o, 1993-cü ildə, ölkəmiz üçün ağır olan bir vaxtda C.Heyətin Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirələ məktubla müraciət edərək xalqımızın düşdüyü bəlanı, düçar olduğu dərdi necə bir vətəndaş narahatlığı ilə anlatdığını xatırladı, 2002-ci ildə bir qrup qəzet işçisi ilə bərabər Təbrizdə olarkən "Varlıq" dərgisinin qonağı olmasından söz açdı.

Tədbirdə QHT forumunun üzvü Rauf Zeyni, millət vəkilləri Nazim Məmmədov, İlham Məmmədov, jurnalist Allahverdi Nehrəmli, Cabbar Həsənov, Tural, DAK-ın sədr müavini Əgdər Tağızadə, Avropada xalqımızı ləyaqətlə təmsil edən Elman Mustafazadə çıxış edərək Cavad Heyətdən böyük azərbaycanlı, dəyərli şəxsiyyət kimi bəhs etdilər, Ülviyyə Novruzova, İlham Nəzərov, Şükufə Naxçıvanlı musiqi töhfələri ilə könülləri oxşadılar.

AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu dedi ki, vaxtilə xalq şairi Sabir Rüstəmxanlıya həsr etdiyim şeirdə yazmışdım: "Ən böyük oğullar, böyük oğullar Zirvəyə qaldıran dağ yollarıdı - keçib getməliyik dağ yollarıylaCavad Heyət kimi şəxsiyyətlər insanlığı zirvəyə qaldıran dağ yolları kimidi. Bütöv Azərbaycan gəncliyi bu yolu keçməli, bu yolun dönməz yolçuları olmalıdırlar…"

Sonda söz alan Doktor Cavad Heyət dedi: "Məni bu qədər yüksək duyğularla əzizləməniz mənə əzizdir. Bu ehtiram qarşısında ancaq sükutla baş əyə bilərəm. Ancaq ürəkdə qalmasın deyə bəzi mətləbləri demək istəyirəm. Tariximizdə böyük insanlar çox olub. Ancaq əksər hallarda onları ölümlərindən çox-çox sonra qutlayıblar. Sağlığında hər adam qiymətini, layiq olduğu adı ala bilmir. Şadam ki, bu, mənə sağlığımda qismət oldu. Hesab edirəm ki, buna görə qədər duyğulansam da haqlıyam. Mən vaxtilə "Varlıq" dərgisini Nitqi, Fərzanə kimi dəyərli insanlarla qurdum. Onlardan yalnız Savalan sağ qalıb. Bizlərdə alim çoxdu, lakin təşkilatçı, işin ağırlığını çiynində daşıyan insanlar azdı. Mən həyatımda yalnız "Varlığ"ın gələcək taleyindən nigaranam. Xalqımızın, torpaqlarımızın birləşməsi mənim əzəli arzum, son niyyətimdi. Bizim təşkilatımız yoxdur. Bu fikir məni çox məşğul edir. Sabir bəy, sənə deyirəm, arkadaşlar, sizə deyirəm, sizlərdə təşkilat var, məktəb var, mübarizəni sonacan aparmaq gərəkdiMən çətin işlər üçün yaranmış adamam. Sizinlə bir yerdə olanda dərdimi paylaşmaq asan olur - ikiyə bölünmüş vətən dərdimi "Varlığ"ın gələcək taleyindən olan nigaranlığımı…"

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2009.-11 sentyabr.-S.3.