Cəmiyyətimiz kitab intibahı dövrünü yaşayır

 

Sentyabrın 10-da Azərbaycan paytaxtı öz ənənəsinə sadiq qalaraq daha bir beynəlxalq tədbirə ev sahibliyi etməyə başladı. Həmin gün Muzey mərkəzi qapılarını "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsi çərçivəsində keçirilən Birinci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün şəhərimizə dünyanın 20-dən çox ölkəsindən gəlmiş qonaqların, tanınmış naşirlərin, elm, mədəniyyət və ədəbiyyat xadimlərinin, çoxsaylı kitabsevərlərin üzünə açdı.

Tədbiri Baş nazirin müavini, xalq yazıçısı Elçin açaraq dedi: "Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçirilməsi çox əlamətdar bir hadisədir. Bu gün bu mühüm tədbir fəaliyyətə başlayır. Əziz dostlar, kitaba məhəbbət, kitaba hörmət, ehtiram həmişə Azərbaycan xalqıyla bərabər olmuşdur. "Kitabi-Dədə Qorqud"dan tutmuş yönü bəri Azərbaycan xalqı, Azərbaycan xalqının ziyalıları kitaba məhəbbətlə yanaşmışlar və təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu məhəbbət, bu hörmət, bu dərin sevgi həmişə Azərbaycanın müstəqilliyi ilə bərabər olmuş və Azərbaycanın müstəqilliyi ilə bərabər hərəkət etmiş, irəliyə getmişdir. Bizim unudulmaz ümummilli liderimiz Heydər Əliyevin kitaba məhəbbəti, kitaba hörməti, kitaba ehtiramı, hətta mən deyərdim ki, kitaba etiqadı bütün Azərbaycan xalqının kitaba olan sevgisinin, ehtiramının ifadəsi idi. Və bu gün də həmin sevgi, həmin məhəbbət Azərbaycan dövlətiylə, Azərbaycan xalqıyla bir yerdədi. Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev həmin məhəbbət ənənələrini, həmin sevgi, kitaba ehtiram ənənələrini nəinki layiqincə yaşadır, onu sürətlə inkişaf etdirir. Baxın, qısa bir müddətdə Azərbaycanda nə qədər kitab latın qrafikası ilə çap olunub. Mən ancaq bir faktı sizə deyim, - elə bilirəm ki, bu fakt xalqın taleyi, mədəniyyəti, mənəviyyatı ilə bağlı son dərəcə böyük əhəmiyyətə malikdir - Azərbaycan Prezidentinin sərəncamı ilə latın qrafikasıyla təxminən dörd yüz adda kitab nəşr edilib və ümumi tiraj on milyondan artıq olaraq bu nəşrlər pulsuz şəkildə Azərbaycanın müxtəlif kitabxanalarına hədiyyə edilib. Azərbaycanda ensiklopediya bərpa olunub, yüz əlli cilddən artıq dünya ədəbiyyatı nümunələri nəşrə başlayıb, Azərbaycanın ictimai potensialının bütün sahələri ilə - Azərbaycanın mədəniyyəti, elmi, ədəbiyyatı ilə bağlı bir çox kitablar nəşr olunub. Və ən mühüm cəhətlərdən biri də ondan ibarətdir ki, bu kitablar təkcə Azərbaycan dilində yox, eyni zamanda rus, ingilis, ərəb, fars dillərində çap olunmağa başlayıblar. Bu, Azərbaycan xalqının istəklərinin, Azərbaycan müstəqilliyinin təbliğidir.

Əziz dostlar, mən belə hesab edirəm ki, kitab insanlığın, bəşəriyyətin kəşf etdiyi ən böyük, ən ölməz kəşflərdən biri, bəlkə də birincisidir. Təsəvvür edin, elm, texnika inkişaf edir, internetdə bu gün hər hansı yazıyla tanış olmaq çox asan bir məsələdir. Ancaq kitab yenə də öz ilkinliyini, öz əbədiliyini qoruyub saxlaya bilib. Ona görə ki, elmin, texnikanın inkişafı bilavasitə, kitabla bağlıdır. Mən kitaba hörmətdən və məhəbbətdən danışdım. Ancaq onu da deməyi özümə borc bilirəm ki, torpaqlarının iyirmi faizi Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunan, əhalisinin bir milyondan çoxu qaçqın, köçkün şəraitində yaşayan bir ölkədə kitab bayramı dövlət səviyyəsində belə yüksək şəkildə keçirilirsə, bu, Azərbaycanda kitaba böyük hörmətin, böyük sevginin ən parlaq təzahürüdür. Əgər bu gün bizim Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu sərginin bu şəkildə belə yüksək səviyyədə təşkil edibsə, yenə də bu, həmin sevginin, həmin məhəbbətin davamıdır. Bizim bu beynəlxalq sərgi əslində beynəlmiləl xarakterli bir sərgidi. Çünki burada iyirmidən artıq ölkədən gəlmiş qonaqlar iştirak edir. Və mən bu tədbirdən böyük fəxarət hissi keçirir, qürur duyuram, sərginin fəaliyyətinə böyük uğurlar diləyirəm, xoş arzularımı bildirirəm. O inamla çıxışımı yekunlaşdırıram ki, bu kitab-yarmarka sərgisi kitabların təbliğində, kitaba münasibətdə mühüm mərhələ olacaq…”

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimindəki çıxışında dedi: "Mən ölkəmiz üçün çox əhəmiyyətli olan bu tədbirdə iştirak edənləri salamlamaqdan qürur duyuram. Azərbaycan kitabı həyatında ilk dəfədir ki, belə bir tədbir keçirilir. Cəmiyyətimiz kitab intibahı dövrünü yaşayır. Bu gün biz "Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009" layihəsi çərçivəsində keçirilən böyük bir tədbirin, əlamətdar hadisənin iştirakçılarıyıq. Bilirsiniz ki, ilin əvvəlində bu silsilədən keçirilən ilk tədbirdə cənab Prezidentimiz İlham Əliyev iştirak etdi, mülahizələrini bildirdi. O vaxtdan etibarən bu silsilədən bir çox maraqlı tədbirlər, "dəyirmi masa"lar və digər maraqlı mədəniyyət tədbirləri keçirilib. Bu gün biz bu silsilədən keçiriləcək daha böyük bir tədbirin qarşısındayıq. Sizə məlumat vermək istəyirəm ki, son dörd ildə Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar, çap evləri ölkəmizi iyirmidən çox beynəlxalq müsabiqələrdə təmsil ediblər və orada nümayiş olunan kitablarımızın böyük əksəriyyəti yüksək maraqla qarşılanıb, Azərbaycanda nəşriyyat işinin yüksək səviyyədə olduğu ortaya qoyulub. Xüsusi olaraq qeyd etməyi özünə borc bilirəm ki, bu nəşrlər içərisində Heydər Əliyev fondu tərəfindən hazırlanmış ensiklopediyalar, mədəniyyət, ədəbiyyat və tarixlə bağlı olan nəşrlər daha çox maraq doğurub. Bu gün bu tədbirin Bakıda keçirilməsinin böyük əhəmiyyəti və qanunauyğunluğu var. Çox əlamətdar faktdı ki, Birinci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 20-dən çox ölkənin otuzdan çox çap evləri, Azərbaycandan altmışa qədər nəşriyyat öz məhsullarını təqdim edəcəklər.”

Ə.Qarayev çıxışında bildirdi ki, bu sərgidə Azərbaycan Prezidentinin sərəncamı ilə çap olunan kitablar nümayiş olunacaq, beynəlxalq sərgi çərçivəsində kitab təqdimatları, imza mərasimləri, naşirlər arasında "dəyirmi masa"lar, müəllif görüşləri təşkil ediləcək. "Azərbaycan qayaüstü incəsənəti" kitabının, "Mədəniyyət" kataloqunun, görkəmli yazıçı İsa Muğannanın seçilmiş əsərlərinin altıcildliyinin, xalq şairi Zəlimxan Yaqubun "Mən öz dastanımı yazıb gəlmişəm" və "Millətdə, dövlətdə, sənətdə" kitablarının, "Poeziya günü" toplusunun təqdimat mərasimləri də bu sıradadır.

Mədəniyyət və turizm naziri onu da tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, ölkə başçısının tövsiyəsi ilə Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası hər iki ildən bir olaraq keçiriləcək: "Biz istəyərdik ki, ildən-ilə kitab nəşri işi istər kəmiyyət, istərsə də keyfiyyət baxımından daha da inkişaf etsin, gələcək tədbirlərimiz daha maraqlı olsun, ən başlıcası, Azərbaycan gəncləri, bütövlükdə xalqımız kitaba olan sevgini daim yaşatsın".

Sonra tədbir iştirakçıları muzeyin birinci mərtəbəsinə qədəm qoydular. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə nəşr olunmuş kitablar, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə çap edilmiş nəşrlər yer almışdır. "Azərbaycan dünya çapında", "Yaddan çıxmaz Qarabağ" adlı bölmələr iştirakçıların diqqətini xüsusi olaraq çəkdi.

Tədbir iştirakçıları Türkiyə, Polşa, Pakistan, Belorus, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Slovakiya, Tatarıstan respublikalarının habelə, ABŞ-ın, Rusiya federasiyasının, Latviyanın, eyni zamanda, respublikamızın kitab evləri və nəşriyyatlarının təqdim etdiyi məhsullara maraqla yanaşdılar, bəyənilən kitablar alındı, hədiyyə edildi, xatirə kitablarına ürək sözləri yazıldı.

 

***

 

Həmin gün tədbir çərçivəsində xalq yazıçısı İsa Muğananın "Avrasiya-Press" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmiş seçilmiş əsərlərinin altıcildliyi də təqdim edildi. Mərasimi yazıçı-publisist Rahilə Gülgün açaraq dedi ki, bu gün əslində Azərbaycan kitabının, Azərbaycan mədəniyyət və ədəbiyyatının bayramıdır. Belə bir gündə xalq yazıçısı İsa Muğannanın altıcildliyinin təqdim edilməsi kitabın ölməzliyinin simvolu kimi qəbul olunmalıdı.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar mərasimdə çıxış edərək dedi: "Həqiqətən də bu gün bayram bayrama qarışıb. Bugünkü tədbir Azərbaycanda kitaba olan yüksək münasibəti ifadə edir, görürük ki, kitaba münasibət necə yüksək bir mərtəbədədi. Ədəbiyyatımızın canlı klassiki İsa Muğannanın altıcildliyinin burada təqdim edilməsi əlamətdar hadisədi. Təbii ki müasir yazıçılarımız arasında bu təqdimata ən layiq olanı da İsa Muğannadır. Mən ustadım İsa Hüseynova ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə minnətdaram. Eyni zamanda, İsa müəllimdən xahiş etmişəm ki, əvvəlki əsərlərinə əl gəzdirməsin, elə əvvəlki ilkinliyində qalsın. Təqdim edilən bu altı cild onun yaradıcılığının yeni nəslə çatdırılmasında byöük rol oynayacaq".

Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov öz çıxışında bildirdi ki, bugünkü mərasim dünya kitab mədəniyyəti üçün mühüm bir impuls verdi, İsa Muğanna da bu mədəniyyətin böyük daşıyıcılarındandı: "Onun yaradıcılıq texnologiyası, düşüncə tərzi elədir ki, o, dünyanın hər bir nöqtəsində təqdim oluna bilər və öz xalqına başucalığı gətirər. Onun hər sözünün, hər cümləsinin bədii çəkisi, əhəmiyyəti var. İsa müəllimin hər bir əsəri ondan bir gün əvvəl yazdığının davamı, onun təsdiqi, dəqiqləşdirilməsidi. O, dünyanın təfəkkür mədəniyyəti üçün böyük hadisədir. Onu həzm etməyə böyük düşüncə gərəkdir. İsa müəllim ilahi, fantastik miqyasıyla əsl ilahi məqamları gerçəkləşdirə bilən yazıçıdı, böyük düşüncə adamıdı, xeyli miqdarda da övliyyəçiliyi var".

Tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub dedi: "Bu gün mənəviyyatımızın böyük bayramıdır. Mənim üçün İsa Muğannanın şəxsində iki yazıçı var - bunlardan birincisi "Yanar ürək"di, "Tütək səsi"di, "Kollu Koxa" -dı, "Məşəl"di, "İdeal"dı, bu əsərləri yazan yazıçıdı. Mənim üçün bir Muğanna da var ki, bu, əbədiyyətdi. Bir ağacın şəklində yerlə göy vəhdətdə olduğu kimi, İsa Muğanna yaradıcılığı da yerlə göyü bağlayan duyğularla yaşayır. O, zaman-zaman axına qarşı getdi, xalqı qaldıran bir yaradıcılıq mücadiləsi apardı. Onun yaradıcılığı hələ tam açılmayıb, dərinliyinə gedilməyib ki, o, hardan gəlib, hara gedir. İsa Muğanna dünyanın cəsarət edib səmavi kitablara öz baxışlarını gətirən iki-üç yazıçılarından biridir. O, xalqla hakimiyyət, torpaqla insan qəlbi, hürufiliklə sufizm paralelliyinin qovşağını yarada bilən sənətkardı. Onun xoşbəxtliyi saza bağlılığındadı.”

Sonda xalq yazıçısı İ.Muğanna söz alaraq dedi: "Mənim əzizlərim, bu gün mən o qədər həyəcanlı, o qədər xoşbəxtəm ki, bilmirəm haradan başlayıb, harada qurtarım. Gəncliyim çox ağır olub. On üç yaşımda müharibə başladı, atam davaya getdi. Kotan dəstəyindən, kətməndən yapışdım. Sənət yollarında məni Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov qorudu". Sonra o, ötən xatirələrini dilə gətirdi, sözünün sonunda Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, AYB-nin sədri Anara, şair Vaqif Bəhmənliyə, Aslan Cəfərova, altıcildliyinin çapında əməyi olan insanlara minnətdarlığını bildirdi.

Axırda kitabın redaktoru Umud Rəhimoğlu görkəmli sənətkarın seçilmiş əsərlərinin altıcildliyini ona təqdim etdi.

 

***

 

Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə reallaşmış "Qızıl kəlmə" müsabiqəsinin qalibləri ilə də görüş keçirildi, müsabiqədə mükafatlandırılmış kitablar təqdim edildi. Tədbirin aparıcısı, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli əvvəlcə Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilatçılarına öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan dövlətinin son illərdə mədəniyyətimizin inkişafına göstərdiyi qayğı göz önündədi. Bu prosesdə Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi öz üzərlərinə düşən işi ləyaqətlə yerinə yetirirlər: "Azərbaycanda kitab həmişə müqəddəs hesab edilib, bu gün də həmin münasibətə tapınırıq…"

Sonra "Qızıl kəlmə" müsabiqəsinin qaliblərindən millət vəkili, yazıçı Hüseynbala Mirələmov, şair Taleh Həmid, millət vəkili, yazıçı Aqil Abbas, millət vəkili, yazıçı-tədqiqatçı Zahid Oruc çıxış edərək Azərbaycan dövlətinin ədəbiyyatımızın inkişafına verdiyi dəstəkdən danışdılar, verilən sualları cavablandırdılar.

 

 

Hazırladı: S.HÜSEYNOĞLU

 

Ədəbiyyat qəzeti.-2009.-11 sentyabr.-S.1, 2.