Tikansız gül

 

Güldanda bir dəstə tər-təzə gül var,

Onu şeir dostu gətirib mənə.

Gül kimi gözəldir gül gətirən qız,

O, gülü şeirdən çox sevir demə.

 

Sanki yanaqları gül parçasıdı,

Əlləri zərifdir gül yarpağı tək.

Aldı qanadına həzinlik məni,

Köksümdə dil açdı, gül açdı ürək.

 

Güldən ətirlidir gur hörükləri,

Gül ləçəyi kimi dodaqları var.

Təzə çiçəkləyən ilk qədəmini

Mənim otağımdan salıbdır bahar.

 

Qızılgül tikansız olmaz deyirlər,

Düşündüm bu gülün tikanı hanı?

Bir vaxt gül üzəndə qonşu çəpərdən

Gülü qızartmışdı əlimin qanı.

 

Qız getdi, tikantək qaldı həsrəti,

Bir bağlı qönçəymiş ünvanı, adı.

Ömrümdə ilk dəfə gül tikanından

Əlim yox, dizim yox, qəlbim qanadı.

 

 

Söz

 

Ey söz! Düz söz! Doğru söz!

Hanı sənin qüdrətin?

Hanı sənin hörmətin?

Məddahlar, yalançılar

Nüfuzdan saldı səni?

Çox ucuz satdı səni? -

Lap ucuz aldı səni?

Siyasət meydanında,

Hiylə dəyirmanında

Sənə düşdü əziyyət?

Bəs nə zaman saflaşıb

Paklaşacaq cəmiyyət?

Mənim gördüklərimi,

Mənim duyduqlarımı,

Mənim çəkdiklərimi,

Mənim fikirlərimi,

Göstərəcək cürətin

Hanı, söylə bir hanı?

Hanı sənin hikmətin?

Hanı sənin mürvətin?

Sən qabaqla zamanı!

Tarix boyu dahilər

Səni tərifləyiblər,

Çox güclüsən - deyiblər…

Azalıbmı qüvvətin?

 

 

Krım

 

"Uçan su" - qayıdan bir fişəng seli,

"Adalar" nağıllar adalarımı?

Suların rənginə qarışıbmı göy,

Daşlara hopubmu coşqun nəğmələr,

Bu daşlar məhəbbət odalarımı?

Burda qızıl üfüq - ana qoynutək,

Ləpələr əylənir Günəşlə, Ayla.

Qövsi-qüzeh kəmənd atsa Krıma

Qayalar söykənər arxa dağlara,

Ağaran şəlalə kimi haraylar?

Zolaqlı üzümlük yerin naxışı,

Torpaq həsrətlitək öpür yağışı.

Həyətlər, bağçalar güllü, meynəli -

Məlhəmdir bu yerin gözəllikləri,

Meşələr nəğməli, bağlar meyvəli.

Qış gəlib, buludlar yun örtükmüdür

Çılpaq qayaların sinəsi üstə?

O təpə qaralan bir kötükmüdür?

Quşlar yorğun düşüb bezsə nəğmədən

Sərvin zirvəsindən bir nəğmə istə.

Bir açıq, bir gözəl sərgidir Krım,

Sevincdən, şəfqətdən bəxşiş payı var.

Günəşi, dənizi, meşəsi, dağı

On iki şəfalı Loğman ayı var.

 

 

Dedim

 

Keçdi körpəliyim dağlar qoynunda,

Nəğməmi çaylara, sellərə dedim.

Sərin meşələrdə ötən quşlara,

Əlvan çəmənlərə, çöllərə dedim.

 

Uca qayaların qaşına qalxdım,

Uzaq ulduzlara həsrətlə baxdım.

Səyyah küləklərə qoşulub axdım,

Sözümü köçəri yellərə dedim.

 

Şeirlər qoşsam da qara, yağışa,

Bağlana bilmədim payıza, qışa.

Gözlədim fəsillər bir-bir sovuşa,

Eşqimi baharda güllərə dedim.

 

Bir çiçək sevmişdimgözəl, həyalı,

Ömrümün həmdəmi oldu xəyalı

Qismətim deyilmiş şirin vüsalı,

Dərdimi sızlayan tellərə dedim.

 

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.6.