Təbrik əvəzi

 

Dostum Nizami Cəfərova

 

Məndən salam olsun Nizami adlı,

Atatürk ünvanlı türk oğlu türkə,

Təfəkkür arxalı, fikir qanadlı

Elmin hünərinə, ilhama, dərkə.

 

Oğuzun, qopuzun, kamanın, udun

Mübarək səsindən gələnim mənim,

Babam Füzulinin, Dədəm Qorqudun

İsti nəfəsindən gələnim mənim.

 

Ən böyük dayağın istedad oldu,

Sözün yerindədi, fikrin dərində.

Büdrəmək, yıxılmaq sənə yad oldu

Elmin, alimliyin pillələrində.

 

Tanrının dilidi sən sevdiyin dil,

Kökün dağdan gəlir, qayadan gəlir.

Sənin alimliyin kitabdan deyil,

Allahın verdiyi mayadan gəlir.

 

Yüz parıldasın rəngi, yanağı,

Dibçək güllərinin qoxusu yoxdu.

Dağ uçsa çiynində saxlayar dağı,

Palıdın heç nədən qorxusu yoxdu.

 

Su olub sellənən, sel olub axan,

Hey dolub boşalan buludum mənim.

 

Başında həmişə şimşəklər çaxan,

İldırım ötürən palıdım mənim.

 

Dövlət , millət , şöhrət yükdü,

Bu yükü şərəflə daşıyanımsan.

Böyük adamların işi böyükdü,

Böyük amallarla yaşayanımsan.

 

Müdriklər sadədi, sadələr ulu,

Mən səni həmişə ulu görmüşəm.

Səsindən tanıyıb gözüyumulu,

Qəlbini hikmətlə dolu görmüşəm.

 

Mən yaxşı bilirəm halal ucalıq,

Sən yaxşı bilirsən əlli yaş nədir.

Ana bilməlidir kimə süd verir,

Vətən bilməlidir vətəndaş nədir.

 

Külüng götürsən, qələm tutsan,

Torpaq da becərsən, daş da daşısan,

Sən böyük ölkənin böyük övladı,

Sən böyük vətənin vətəndaşısan.

 

Köhnə kişilərin gözəlliyiydi,

Dostun dost yanında xətri var idi.

Sədaqət adlanan müqəddəsliyin

Güldən təravətli ətri var idi.

 

Bizim sevgimizin dərindir kökü,

Bizim dostluğumuz uzaqdan gəlir.

Səhralar dolaşan karvanlar təki

Borçalıdan keçir, Qazaxdan gəlir.

 

Xalqa yaxın oldun ilk addımından,

Saldın uzaqlara səda, Nizami.

Böyük Nizamini utandırmadan

Ucalıq gətirdin ada, Nizami.

 

Göynən gedənləri endir atından,

Xəbər ver tarixin min bir qatından.

Qalma gülməyindən, zarafatından,

Gətir damaqları dada, Nizami.

 

Dağdan möhtəşəmdi, qayadan mətin,

Haqqı öz yolundan döndərmək çətin.

Bağrından qopmusan sən bu millətin,

Doğmasan, baş qoşma yada, Nizami!

 

 

Zəlimxan Yaqub

xalq şairi

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.5.