O, istedad sahibidir

 

Nizaminin filologiya elminə, ədəbi tənqidə gəlişi dərhal diqqəti cəlb etdi. Elə istedadlı adamlar var ki, xeyli qələm işlətdikdən sonra özünü tanıda bilir. Ancaq Nizami Cəfərovun imzasının görünməsi ilə duyuldu ki, ədəbi mühitə yeni orijinal düşüncə sahibi bir şəxsiyyət gəlir. Bu qədər sür'ətlə tanınmaq, etiraf olunmaq böyük istedadın nəticəsidir. Bəli, Nizami Cəfərov istedaddır, mükəmməl təfəkkür sahibidir. Nizami elmə dilçi olaraq qədəm basdı. Elmdə dilçi kimi ayaq tutmaq gələcək yaradıcılığında Nizaminin bütün düşüncə potensialının olduğu kimi gerçəkləşməsinə meydan açdı. Əslində əsl dilçi riyazi düşüncə ilə işləyir. Bu riyazi düşüncə Nizaminin istər ədəbi tənqid sahəsində, istər geniş filoloji tədqiqlərində analitik təfəkkürünü qidalandırdı, bir tərəfdən, onu bugünkü əhatəli yaradıcılığa gətirdi, bir tərəfdən , bu yaradıcılıqdakı fikir dərinliyini formalaşdırdı. Bu dilçinin Azərbaycan yazıçılarının qurultayında tənqidçi kimi parlaq məruzəsi , "Azərbaycan ədəbiyyatı tarixi"nin altıcildlik akademik nəşrindəki müəllifliyi , Ferdinand de Sössürün məşhur mürəkkəb "Ümumi dilçilik kursu"nun dilimizə uğurlu tərcüməsi , siyasi aləmdəki istedadlı fəaliyyəti həmin riyazi-analitik qabiliyyətin nəticələridir. Onun orta məktəblər üçün həm Azərbaycan dili, həm Azərbaycan ədəbiyyatı dərsliklərinin müəllifi olması da yaradıcılığının hərtərəfliliyini bir daha göstərir.

Nizaminin fövqalədə yaddaşı var. Onun qeyri-adi nitqi var - rəvanlığı, aydınlığı, məntiqi ilə diqqəti çəkən bir nitq. Onun bu nitqi mərhum H.Əliyevin də diqqətini çəkmişdi. Mən çox vaxt onun nitqinə, rəsmi və qeyri-rəsmi söhbətlərinə bədii qiraət kimi aludə oluram.Təhsil auditoriyalarımızın onun müəllimliyinə ehtiyacı var.

Yaradıcılığına, fəaliyyətinə kifayət qədər bələd olduğum üçün hesab edirəm ki, o, başqa elm sahəsində olsaydı, filologiyamızda bir adamın çatışmadığı görünərdi. Yaxşı ki, o yeri Nizami özü tutdu.

Mən Nizaminin istedadlı tələbəliyinin şahidiyəm. O hələ tələbə ikən əski sovetlər dövründə SSRİ-nin sayılan-seçilən universitetlərində keçirilmiş tələbə elmi konfranslarındakı gözəl məruzələri ilə müəllimlərinin diqqətini çəkirdi. Mənim üçün xoşdur ki, bu gün Azərbaycan elmi və ictimai həyatında mötəbər şəxs kimi özünə yer tutmuş bu istedadın Təhsil Nazirliyinin pedaqoji təyinatından azad olub, bugünkü şərəfli həyat yolunun başlanğıcı kimi aspiranturaya gəlməsində rolum var. Mən Nizaminin diplom işinin rəhbəri olmuşam, namizədlik dissertasiyasına rəhbərlik etmişəm, doktorluğunun məsləhətçisi də mənəm. Ancaq bu gün Nizaminin elmi səviyyəsi o qədər mükəmməldir, yüksəkdir ki, müxtəlif sahələrdəki fəaliyyətində o dərəcədə intellektualdır ki, indi "Nizami mənim tələbəmdir" deməyə sıxılıram. O, öz genindəki istedadı ilə bu ucalığa yüksəlib.

 

 

Tofiq Hacıyev

AMEA-nın müxbir üzvü, professor

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.5.