Görkəmli alim, böyük ziyalı

 

Professor Nizami Cəfərov Bakı Dövlət Universitetinin fəxri olan ziyalılarımızdandır. Tələbəlikdən dekanlığa, kafedra müdirliyinədək uzanan zəhmətsevərliyə, istedada söykənən şərəfli ömür yolunda çox çətinliklərlə üzləşsə də, iradəsi və mətanəti ilə həmişə qalib çıxmağı bacarmış, cəmiyyətdə halal nüfuz sahibinə çevrilə bilmişdir. Yaşına görə bizdən gənc olsa da, ağlına, məntiqinə, davranışına görə həmişə ağsaqqal təəssüratı oyatmışdı. Tale elə gətirib ki, mən onunla müxtəlif prizmalardan münasibətdə olmuşam. Tədris hissəsinin rəisi - tələbə, professor-həmkar, dekan-həmkar, rektor-dekan, deputat-həmkar və s. bəlkə bu siyahını uzatmaq da olar. Ancaq Nizami Cəfərovun böyüklüyü ondadır ki, o bütün mərhələlərdə tədbirli, təmkinli, ləyaqətlidir. Məhz ləyaqətini o heç zaman əldən verməyib və bu xüsusiyyətin onun kamil şəxsiyyət kimi yetişməsində böyük rolu olub. Mən Nizami müəllimlə dekan həmkar olarkən bir neçə dəfə xarici ölkələrdə səfərdə olmuşam, orda, xüsusən də Türkiyədə necə böyük nüfuz sahibi olduğunun canlı şahidiyəm. Ağsaqqal türk alimləri ilə 30 yaşlarında bu gənc istedadın fikir polemikasında qalib gəldiyini, türk ədəbiyyatını onlardan yaxşı bildiyini görəndə bir milli qürur hissi keçirirdim. Maraqlı idi ki, Nizami Cəfərov debatlarda heç vaxt güzəştə getmirdi, üzgörənlik eləmirdi, həmişə də qalib gəlirdi. Hərdən onunla bu səfərlərdə olarkən düşünürdüm ki, əgər Nizami müəllim istedadını dilçiliyə, ədəbiyyatşünaslığa deyil, deyək ki, şahmata istiqamətləndirsə idi, yəqin ki, dünya şahmat tacını Bakıya gətirərdi. Başqa elm sahələrində də daha çox inkişaf edə bilərdi və bəlkə də fizika, kimya, biologiya sahələrində Nobel mükafatına layiq görülə bilərdi. Bütün bunlara baxmayaraq, yalnız Azərbaycan, yaxud Türk dünyası çərçivəsində tədqiqat obyekti olan dilçilik sahəsində qazandığı uğurları daha müqəddəs, daha vacib hesab etdiyi üçün Nizami elə Nizamidir. Mən filoloq olmasam da, onun dilçiliyə, azərbaycanşünaslığa aid tədqiqatlarını böyük maraqla izləyirəm. Mənə elə gəlir ki, Nizami Cəfərov bu sahədə inqilabi dəyişikliklər etməyə qadir alimdir. Və indiyədək Azərbaycan dilçiliyində mövcud olan sterotipləri, klassik yanaşmanı dəyişdirməyə cəsarət edən ilk adamdır.

Cəsarət baxımından isə Nizami müəllimə çoxları həsəd apara bilər. Mən canlı şahidiyəm ki, o, yaşda, vəzifədə, səlahiyyətdə özündən çox böyük olanlarla əmin olduğu həqiqəti sübut etmək üçün necə polemikaya girir. Milli mənafe, ictimai mövqe naminə heç nədən çəkinmir və bu xarakter də Nizami Cəfərovu səciyyələndirən cəhətlərdəndir. Professor Nizami Cəfərovun bir parlaq xüsusiyyəti də var və mən ona görə parlaq deyirəm ki, bu xüsusiyyət də onu tanıyanların hamısı tərəfindən aydın görünür. O, hadisələrin, problemlərin fövqündə durmağı bacarır. Ən böyük narahatlığa da, ziyalı prizmasından təmkinli münasibəti var. Və şəxsən mən onun bu sakitliyinə həsəd aparıram. Mən dekan olarkən, o da filologiya fakültəsinin dekanı idi və iclaslarda tez-tez görüşürdük. Kimya fakültəsində baş verən ən kiçik bir hadisə belə məni möhkəm həyəcanlandırırdı. Bu məsələləri ən yüksək səviyyədə müzakirəyə çıxarmağa çalışdığım halda, filologiya fakültəsində olan problemlərdən heç nə eşitmirdik. Hərdən soruşurdum ki, "Ay Nizami müəllim, sizin fakültədə yəni heç bir problem yoxdur?" Cavab verirdi ki, "elə bir şey yoxdur. Olanda da elə özü-özündən düzəlir".

Mən rektor olandan sonra bu məsələni daha aydın hiss etməyə başladım. Yaxşı yadımdadır ki, 1999/2000-ci tədris ilinə hazırlıqla əlaqədar bütün yayı hamı möhkəm işləmişdi, elə mən özüm də daxil olmaqla bütün auditoriyaların təmir olunması, partaların rənglənməsi, yazı lövhələrinin dəyişdirilməsi (mənim rektor kimi fəaliyyətimin ilk ilində bütün lövhələrin təbaşirlə yox, flomastrla yazılan ağ lövhələrlə əvəzlənməsinə çalışdım) və s. kimi işlərin gərgin getdiyi vaxtlar hər gün saat 18-də keçirilən iclaslarda hamı problemindən danışar, hərə bir şey tələb edərdi. Nizami müəllim isə dünyanın qlobal problemləri fonunda parta rənglənməsini çox cüzi məsələ kimi dəyərləndirdiyini təbəssümündən hiss etdirirdi və doğrusu, çox ciddi keçən iclaslarda Nizami müəllimin bu çoxmənalı təbəssümü məni narahat edirdi. Ancaq sonra biləndə ki, tapşırılan işləri elə hamıdan səviyyəli filologiya fakültəsi icra edib, mən qəti əmin olurdum ki, Nizami Cəfərov dekan çərçivəsi üçün çox nəhəngdir və o, bu çərçivəyə sığışmır. Bir müddət sonra ulu öndərimizin sərəncamı ilə Beynəlxalq Atatürk Mərkəzinə rəhbər seçildi, bu mərkəzi bütün türk dünyasında çox böyük nüfuz sahibi olan quruma çevirə bildi və yaxud Milli Məclisə deputat, komissiya sədri kimi çoxşaxəli fəaliyyətə başladı, onda Nizami müəllimlə əlaqədar fikirlərimin həqiqət olduğuna əmin oldum. Həqiqətən çərçivələrə sığmayan nəhəng ideallar üçün yaranmış təfəkkür, insanlıq, ziyalılıq! Bütün xüsusi istedadlı adamlar kimi, Nizami Cəfərova da paxıllıq edən, dalınca bədxahlıq edənlər var, bu şübhəsizdir. Ancaq onlar nə desələr də heç bir nəfər də ona savadsız alim, yarımçıq şəxsiyyət, naqis ziyalı deyə bilməz. Çünki professor Nizami Cəfərov sözün bütün çalarlarında böyük alim, bütöv şəxsiyyət, yetkin ziyalıdır. Təkcə Bakı Dövlət Universiteti deyil, bütün xalqımız fəxr edir ki, onun sıralarında belə bir insan var.

 

 

Abel Məhərrəmov,

BDU-nun rektoru

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.5.