Kitabı
yaradan və kitabın yaratdığı insanların
bayramı
I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
sentyabrın11-də öz işini davam etdirdi. Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev həmin gün Muzey Mərkəzində
keçirdiyi mətbuat konfransında dedi: "Azərbaycan
hökuməti xalqımızın tarixi irsinin qorunmasına, mənəvi
sərvətlərinin dünya ictimaiyyətinə
çatdırılmasına böyük diqqət yetirir.
fürsətdən istifadə edib Azərbaycanda ilk dəfə
keçirilən beynəlxalq kitab yarmarka-sərgisində
dünəndən bəri iştirak edən bütün
insanlara öz dərin təşəkkürümü bildirirəm.
İnsanlar bu tədbirdə böyük ruh yüksəkliyi ilə
iştirak edirlər. Mən bunu gözləyirdim.
İyirmidən çox ölkənin otuzdan çox nəşriyyat
və çap evləri, ölkəmizdə fəaliyyət
göstərən səksənə qədər nəşriyyatın
bu tədbirə qatılması, minlərlə kitabsevərlərin
iştirak etməsi Azərbaycanda kitaba olan marağı əks
etdirir. Bu, bir faktdır ki, son illər ölkəmizdə
nəşr işi yüksəlməklə naşirlərimizin
bir araya gəlməsi prosesi də başlayıb. Bu tədbir
həmin ənənənin daha möhkəm əsasını
qoydu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin
tövsiyəsi və diqqəti sayəsində sərgi-yarmarkanın
hər iki ildən bir keçirilməsini nəzərdə
tutmuşduq. Ancaq proseslər, əlaqələr bu cür
yüksələn xətt üzrə getsə, biz bu tədbiri
hər il keçirə bilərik. Kitab aləmi, nəşr
işi artıq bütün dünyada diqqətlə izlənilir.
Bu tədbirdə bir çox ölkələrin milli
kitabxanaları, onların rəhbərləri,
tanınmış naşirlər iştirak edir. Bir var oxucu,
bir də var peşəkarlar, mütəxəssislər... Əvvəlcə
də qeyd etdiyim kimi, bu tədbir Azərbaycan Prezidentinin şəxsi
təşəbbüsü ilə keçirilir. Sözsüz
ki, Heydər Əliyev Fondunun diqqəti də bizi belə bir tədbiri
reallaşdırmağa ruhlandırıb…"
Mədəniyyət
və turizm naziri onu da nəzərə çatdırdı
ki, qarşıda bizi mədəniyyətimizin təbliği və
inkişafıyla, şərəfli tarixilə bağlı
çox tədbirlər gözləyir. Belə ki,
sentyabrın 18-də Heydər Əliyev Sarayında beynəlxalq
"Şərq-Qərb kinofestivalı" keçiriləcək,
eyni zamanda, bu ayın 27-də Mədəniyyət və turizm
günü qeyd ediləcək. Dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun xatirəsinə həsr ediləcək
tədbirlər də bu sıradandır. "Keçirilən
kitab yarmarkası onu göstərdi ki, ölkələr
arasında, ölkədaxili kitab nəşri prosesində bu
cür tədbirlərin keçirilməsi çox vacibdir.
Burada nümayiş etdirilən kitablar Azərbaycan dövlətinin
təhsilə, elmə və kitab nəşrinə necə
yüksək diqqət və qayğıyla
yanaşdığını bir daha əks etdirir.
Dünən
burada Azərbaycanın xalq yazıçısı İsa
Muğannanın seçilmiş əsərlərinin
altıcildliyi təqdim olundu. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə nəşr edilmiş digər
kitabların da təqdimatı keçiriləcək. Hesab edirəm ki, bu təqdimatların hər biri Azərbaycanda
kitab nəşri işinin, mədəniyyətimizin, ədəbiyyatımızın
inkişafına dövlət dəstəyinin nə dərəcədə
yüksək olduğunu araya qoyan vasitələr kimi maraqla
qarşılanacaq…"
Həmin
gün I Bakı Beynəlxalq Kitab Yarmarka-Sərgisi çərçivəsində
"Azərbaycan qayaüstü incəsənəti"
("Azpoliqraf" - 2009) kitabının da təqdimatı
keçirildi. Tədbiri şair-publisist, Mədəniyyət və
Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu
açaraq dedi: "Bizim hər birimiz bu ölkənin vətəndaşı
olaraq Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının
müvəffəqiyyətlə öz işini davam etdirməsindən
qürur duyuruq. Bu gün burada Mədəniyyət və Turizm
Nazirliyi yarandığı gündən bəri ədəbi-mədəni,
elmi inkişafımızı özündə ehtiva edən
kitablar nümayiş olunur. Diqqətinizə təqdim edilən
"Azərbaycan qayaüstü incəsənəti"
kitabı da həmin qəbildən olan çox vacib, aktual
kitablardan biridir. Bu kitabın quruluşu və çap
üsulu elədir ki, Azərbaycanda ilk dəfə olaraq bu
üsuldan istifadə edilir. Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə üç dildə (Azərbaycan,
rus və ingilis dillərində) nəşr edilən əsərdə
işlənmə mexanikasına və üslub xüsusiyyətlərinə
görə petroqliflərin mədəni - tarixi təsnifatı
verilmişdir. Kitabda verilmiş materiallar əsasında müəllif
Azərbaycan qayaüstü incəsənətinin erkən
yaranma formaları haqqında özünün orijinal
konsepsiyasını qurmuşdur".
Təqdimat
mərasimində çıxış edən AMEA-nın Tarix
İnstitutunun direktoru, professor Yaqub Mahmudov dedi:
"Ömrümün müəyyən hissəsi kitab nəşri
işilə bağlı olub. Hesab edirəm ki, Azərbaycanda
beynəlxalq səviyyəli kitab sərgi-yarmarkasının
keçirilməsi böyük qeyrət, şərəf
işidi. Məhz bu cür tədbirlər sayəsində Azərbaycan
beynəlxalq aləmdə öz sözünü deyə bilmək
imkanı qazanır. Vaxtilə ölkə
başçısının, ümummilli liderimizin dəstəyi
ilə altıcildlik Qarabağ tarixini hazırladıq və bu
iş Azərbaycanda nəşr prosesinin yetərli olduğunu
üzə çıxardı… Azərbaycanın
qayaüstü rəsmləri əslində planetin, Yer kürəsinin
tarixidi, bu tarix imkan verir, şahidlik edir ki, ilk insan məskəni
məhz Azərbaycandır, bizim torpağımızdı. Bu rəsmlər
vahid dünyagörüşə malik etnos tərəfindən
yaradılıb. Bunlar türk dünyasının ümumi dəyərləridi,
maddiləşmiş tarixdi, xalqımızın varlıq
tarixidi. Bayaq Çingiz Əlioğlunun da dediyi kimi,
qayaüstü rəsmlərimiz insanlığın öz həyat
tərzini, təcrübəsini gələcəyə
ötürmək cəhtidir".
AMEA-nın
müxbir üzvü Vəli Əliyev vurğuladı ki,
beş-on il əvvəl az qala gözdən uzaq
düşmüş kimi görünən kitab artıq diqqət
mərkəzindədi: "Bunun bir əsas səbəbi ulu
öndərimiz Heydər Əliyevin kitaba olan yüksək diqqəti
oldu. Heydər Əliyev Azərbaycan kitabı,
onun keyfiyyəti və səviyyəsi ilə yaxından
maraqlanırdı. Bunun bəhrəsi özünü indi
göstərir. Əgər bu sahədə dövlətin
qayğısı, dəstəyi və marağı olmasa, belə
inkişafa nail olmaq çətin bir prosesdi. Bu gün
burada təqdim edilən kitab çox əhəmiyyətli,
şərəfli bir tarixi özündə əks etdirir.
Qobustan, Azərbaycanın qayaüstü rəsmləri bəşəri
bir dəyərdi. Onu qorumaq tək bizim yox, bəşəriyyətin
borcudur".
Tarix elmləri namizədi Nəcəf Müseyibli, "Təhsil"
nəşriyyatının direktoru Bəhruz Axundov, professor
Qüdrət İsmayılov mərasimdə
çıxış edərək bildirdilər ki, təqdim
olunan kitabın ən qədim dövrlərdə ölkəmizin
coğrafi mühitinə həsr olunmuş xüsusi fəslində
üst poliolit
dövrünün əsas ov obyekti olan bu qədim rəssamların
yaradıcılığında əksini tapmış
heyvanların təsviri verilmişdir.
Qeyd edildi ki, kitabda, əsasən, Qobustanın
qayaüstü rəsmləri, Naxçıvan ərazisində
"Gəmiqaya" və Ordubad ərazisində - Tivi kəndi
yaxınlığında Nəbiyurd, Qızgəlinçuxur
yaylaqlarında aşkar olunmuş petroqliflər, Gəncəçay,
Xanlar (indiki Göy göl), Xəzəryanı rayonlar və s.
ərazilərdə tapılmış qayaüstü rəsmlər
nəşr olunmuşdur. 120-dən çox rəngli
qayaüstü rəsmin toplandığı kitabın müəllifi
Məlahət fərəcova tədbirdə
çıxış edərək kitabın araya-ərsəyə
gəlməsinə verdiyi dəstəyə görə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü
bildirdi.
Sentyabrın
11-də balaca oxuculara hədiyyə olaraq nəşr
edilmiş və Regionların inkişafı İctimai Birliyinin
xüsusi layihəsi əsasında çap olunmuş "365
gündə sevimli Peyğəmbərim" kitabının da
təqdimat mərasimi keçirildi.
Sözügedən birliyin sədri Seymur Quliyev mərasimdə
dedi ki, təmsil etdiyi qurum tərəfindən son illərdə
Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği,
tarixi həqiqətlərin araşdırılması istiqamətində
xeyli işlər görülüb, yeni kitablar çap edilib. Qurumun vəsaiti ilə
buraxılan çap məhsulları bir çox beynəlxalq sərgilərdə
ölkəmizi layiqincə təmsil etmiş və
mükafatlar qazanmışdır.
S.Quliyev
onu da qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq sərəncamı ilə 2009-cu ilin "Uşaq
ili" elan olunması münasibətilə
"Çaşıoğlu" nəşriyyatında
çapdan çıxan "365 gündə sevimli Peyğəmbərim"
kitabı balaca oxuculara pulsuz paylanacaqdır. Nurdan Damlanın
müəllifi olduğu bu kitab "Timaş
yayımları" şirkəti tərəfindən ötən
il İstanbulda nəşr edilmişdir. Anadolu türkcəsindən
Azərbaycan türkcəsinə uyğunlaşdırılan
kitabda sevimli peyğəmbərimizin həyatından
seçilmiş 365 xatirə yer alıb.
Ön
sözün müəlliflərindən akademik Vasim Məmmədəliyev
tədbirdə çıxış edərək dedi: "Peyğəmbərimizin həyat tərzinə,
davranışına, insanlarla münasibətinə və
ünsiyyətinə dair uşaqların şüur səviyyələrinə
uyğun ədəbiyyatın az olduğu bir vaxtda belə bir
kitabın çap edilməsi olduqca böyük əhəmiyyət
kəsb edir. Həzrəti peyğəmbər valideynlərə
öz övladlarına kiçik yaşdan təlim-tərbiyə
verməyi tövsiyə etmişdir. Ailə uşaqlar
üçün ilk həyat məktəbi sayılır…
Yalnız bu dünya üçün deyil, eyni zamanda, o
dünya üçün də yaradılan insan
ikiqütblü varlıqdır. Aləmə rəhmət
olaraq göndərilmiş, bütün həyatını təbliğə,
təlim və tərbiyəyə həsr etmiş Allah Rəsulunun
(s.ə.s) həyatının hər bir anı İslam aləmində
geniş şəkildə öyrənilməli, əxz
olunmalıdı".
Tanınmış
şair İlyas Tapdıq, yazıçı-dramaturq
Elçin Hüseynbəyli mərasimdə
çıxış edərək təqdim olunan kitabın
daşıdığı böyük mənəvi dəyərlərdən
ətraflı bəhs etdi, yeni nəşr
iştirakçılara pulsuz paylandı.
Həmin gün xalq şairi Zəlimxan Yaqubun Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş
"Mən öz dastanımı yazıb gəlmişəm"
və "Millətdə, dövlətdə, sənətdə"
kitablarının da təqdimat mərasimi keçirildi. Mərasimi "Dan yerindən əsən
mehə bələndim, mehdən gəlib mehə gedən
yoldayam" misralarıyla açan şair qürurla
vurğuladı ki:
Ucuz yerdə
nə ölümüm var mənim,
Baha gəlib,
baha gedən yoldayam.
Lələ
mənəm, Kərəm mənəm, kül mənəm,
Kül
altından baş qaldıran gül mənəm,
Sevgi
adlı şah önündə qul mənəm,
Şahdan
gəlib, şaha gedən yoldayam...
Mən
bu şərəfli yolda həmişə xalqıma, dövlətimə,
soyuma-kökümə arxalandım, milli dəyərlərimizə,
dilimizə, dinimizə söykəndim. Böyük olan
xalqın şairi də böyük olur. Mən öz
xalqımın poetik tərənnümünün, ruhunun Məcnunu
olaraq yaşadım. Mən bu xalqa bir çiçək
bağışladımsa, xalqım əvəzində mənə
bir gülüstan verdi, məni Zəlimxan elədi. Bu xalqa, bu
dövlətə, Prezidentimdən sadə vətəndaşlara
qədər hamıya sədaqətlə yaşadım, əqidəsi
sağlam kəsləri sevdim. Mən Allahın çox
xoşbəxt bəndəsiyəm. Dünən
bu zalda təkcə Azərbaycanın, təkcə türk
dünyasının yox, dünyanın böyük sənətkarı
olan xalq yazıçısı İsa Muğannanın
seçilmiş əsərlərinin altıcildliyinin təqdimatı
keçirildi, bu gün mənim kitablarım təqdim olunur.
Bu şəraiti bizə Azərbaycan dövləti yaradıb. Mən fürsətdən istifadə edib ulu öndərimiz
Heydər Əliyevin ruhu qarşısında baş əyir,
möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə
Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin,
elminin, ədəbiyyatının inkişafındakı xidmətlərinə
görə təşəkkür edirəm. Bu tədbirin təşəbbüskarı olmuş Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə, nazirliyin
bütün əməkdaşlarına dərin minnətdarlığımı
bildirirəm, kitablarımın işıq üzü görməsində
əməyi olan insanlara sevgilərimi çatdırıram… Mən
xalqımı, xalqımın ruhunu, dövlətimi sevirəm
və bu sevgi qarşılıqlıdı".
Millət
vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
tədbirdə çıxış edərək dedi: “Zəlimxan
Yaqub təkcə şeir yazmır, şeir demir, həm də
hisslərini oxuyur, Zəlimxan Yaqub Azərbaycanın
altmışıncı - yetmişinci illər
poeziyasının ən çağlar, tribun, sevilən
şairlərdən biridir. Onun poetik təfəkkürü
xalq düşüncəsiylə, xalq diliylə həmahəngdi.
Poeziya cəmiyyətə doğru getməsə, cəmiyyət
də o poeziyanı qəbul etmir. Zəlimxan Yaqub özündən
deyənə qədər, öz sözünü başlayana
qədər özünəqədər olanlardan deyir, onlardan
söz açır. Onun yaradıcılığında ruh, təfəkkür
genişliyi, sədd genişliyi var. Zəlimxan Yaqub bəzən
tarixdən bizə çox da tanış olmayan şairlərdən
elə söhbət açır, onları elə təqdim
edir ki, həmin şairlər ədəbi həyat müstəvisində
öz layiqli məqamlarına ucalırlar. Bu
yaxınlarda böyük bir mərasimdə Zəlimxan Yaqubla
dövlətimizin uğurları haqqında olan təəssüratlarımızı
Azərbaycan Prezidentinə çatdırarkən bir fikrimi də
dedim ki, cənab Prezident, müstəqil Azərbaycanımızın
ən böyük şairlərindən biri də Zəlimxan
Yaqubdu. Cənab Prezidentimiz məmnunluqla əlavə etdi
ki, o, həm də klassikdi. Bu yaşda belə bir hörmət
qazanmaq hər sənətkara nəsib olan xoşbəxtlik
deyil. Elə şairlər var ki, ancaq öz içərisindən
keçən duyğuları, hissləri qələmə
alır, öz şəxsi dərdini, kədərini yazır.
Zəlimxan Yaqubun xoşbəxtliyi isə
ondadır ki, o, mənsub olduğu xalqın arzularını, kədərini,
demək istədiklərini yazır, dövlətlə xalq
arasında vasitəçiyə dönür, iqtidar-müxalifət
vətəndaşlığını bərqərar etməyə
yönəli sənət örnəkləri yaradır.
Dünən burada xalq yazıçısı, zəmanəmizin
böyük sənətkarı İsa Hüseynovun altıcildliyi
təqdim olundu. Bu gün Zəlimxan Yaqubla
görüşürük. Bu, bütövləşən bir
tədbirlər silsiləsidi, bir-birini gözəl
tamamlayır".
Tədbirdə
çıxış edən yazıçı-publisist
Aqşin Babayev və əməkdar artist Ağalar Bayram da
Z.Yaqub sənətinə olan vurğunluqdan söz açdılar,
dedilər ki, bizim yaxınlığımız saza-sözə
bağlılığımızdan qaynaqlanır: "Zəlimxan
Yaqub bu günlərdə Təbriz səfərindən
qayıdıb. Mən bilirəm ki, o, bu səfərdən
hansı böyük duyğularla, təəssüratlarla
dönüb".
Millət
vəkili Fəzail İbrahimli xalq şairi
Z.Yaqubla beş il Milli Məclisin üzvü kimi bir yerdə
çalışdığı günləri hörmətlə
xatırladı, ona olan xalq sevgisinin, ziyalı münasibətinin
yetərli olmasını önə çəkdi: "Onun
öz orijinal baxışları, münasibəti və bu
münasibəti ifadə edə bilmək vergisi var. Zəlimxan Yaqub haqqında ən gözəl
sözü onun öz yaradıcılığı, şeirləri,
sazı, sözü deyir… Mən bir Azərbaycan vətəndaşı
olaraq bu görüşü keçirən, Azərbaycanda
Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını
keçirənlərə, Mədəniyyət və Turizm
Nazirliyinə dərin minnətdarlığımı
bildirir, qürur hissi keçirirəm. Bu, bizim
kitabımızın, sözümüzün, mədəniyyətimizin
qələbəsidi. Zəlimxan Yaqub bu sözün, bu mədəniyyətin
bayraqdarıdır. Onun şəxsiyyətiylə
yaradıcılığı vəhdət təşkil
edir…"
Tənqidçi
Rüstəm Kamal Z.Yaqub yaradıcılığı
haqqında təəssüratlarını tədbir
iştrakçılarıyla bölüşərək dedi: "Zəlimxan Yaqub həmişə saz,
aşıq, ozan məktəbindən gələn,
başlanğıc götürən, millətin ruhundan qopub gələn
sözü kitabdan yox, səslə çatdıran, avazla təqdim
edən bir şairdir. İndi şeir yazanlarımız
çoxdu. Ancaq o şeirlərin əksəriyyəti
oxunmur, səslənmir, adətən xalq səslənən
şeirə qucaq açır, şerin səslənməsini
istəyir. O şeir daha çox öyrənilir, yadda qalır
ki, onun içində səs, nəfəs var - şair, sənətkar
ürəyinin səsi. Zəlimxan Yaqub ədəbi, poetik dil
baxımından ürəyinin, qələminin səsini
şeirə verən və şeri həmin dillə ucaldan,
xalqa çatdıran, həzm etdirən şairlərimizdən
biridir…"
Sonra Səməndər
Faxralı, "Kredo" qəzetinin
baş redaktoru Əli Rza Xələfli Z.Yaqub
yaradıcılığı haqqında düşüncələrini
dilə gətirdilər, aşıqların ifasında saz
havaları könülləri ovsunladı.
Ertəsi
gün I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
"Kulture" ("Mədəniyyət") kataloqunun təqdimat
mərasimi düzənləndi. Tədbirin
aparıcısı şair Çingiz Əlioğlu İslam
Konfransı Təşkilatı Bakını 2009-cu il
üçün İslam Mədəniyyətinin Paytaxtı
elan etdikdən sonra ölkəmizdə bir sıra ədəbi-mədəni
tədbirlərin reallaşdığını, təbliğat
xarakterli nəşrlərin işıq üzü
gördüyünü nəzərə çatdırdı. O, təqdim olunan kataloqun da bu missiyanın
daşıyıcılarından biri olduğunu, kataloqun
çağdaş mədəniyyətimizin müxtəlif məqamlarını
özündə ehtiva etdiyini vurğuladı. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə araya-ərsəyə
gələn kataloq barəsində teatrşünas
Aydın Talıbzadə və kataloqun baş redaktoru Leyla Əfəndiyeva
öz düşüncələrini bölüşdülər.
Sonra sərginin
ən fəal iştirakçısı olan nəşriyyatların
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən təltif olunması mərasimi
başladı.
Nazirliyin
məsul işçisi, şair Vaqif Bəhmənli mərasimi
açaraq dedi: "Artıq
üçüncü gündür ki, davam edən Birinci
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir, bu
günlər ərzində biz bir az da kitaba
yaxınlaşdıq, bir-birimizlə daha da
doğmalaşdıq, tanış olduq, xeyli yaddaqalan tədbirlərin
iştirakçısı olduq. Bütün
görüşlərin sonunda isə nəticələr
adamı daha çox cəlb edir…"
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev dedi: "Bu
gün biz böyük məsuliyyətlə
hazırlaşdığımız və həyəcanla
iştirak etdiyimiz möhtəşəm bir tədbirin sonuna
yaxınlaşırıq. Üç-dörd ay əvvəl mən
Mirzə fətəli Axundov adına Milli Kitabxanada keçirilən
mərasimdə belə bir bayramın keçiriləcəyi
barəsində məlumat verəndə ehtiyatla yanaşanlar da
oldu ki, biz beynəlxalq aləmin diqqətini çəkə
bilən bir tədbir keçirə bilərikmi? Bu gün fərəhlə deyə bilərik ki, Azərbaycanda
Birinci Beynəlxalq Kitab Sərgi-Yarmarkası baş tutdu, bu
münasibətlə mədəniyyət və turizm naziri cənab
Əbülfəs Qarayevin adından, öz adımdan və bu
tədbirin baş tutmasında əməyi olan hər bir kəsin
adından tədbir iştirakçılarını təbrik
edirəm. Bu tədbirdə dünyanın iyirmi dövlətindən
otuz beş nəşriyyat, çap evləri, milli kitabxana,
onların rəhbərləri iştirak edirdi. Azərbaycanın
yetmişdən çox nəşriyyatları, çap evləri
sərgi-yarmarkaya qatılmışdı. İlkin məlumatlara
görə otuz beş - otuz altı minə qədər
tamaşaçı, kitabsevər insan sərgi-yarmarkaya gəlib,
bizimlə bərabər olublar. Burada səkkiz min beş
yüz adda müxtəlif nəşr nümunələri oxucu
qarşısına çıxarılıb".
Sonra qaliblərin təltif olunması mərasimi başlandı.
ABŞ səfirliyi, Estoniya, Qazaxıstan, Türküstan,
Latviya, Tacikistan, Slavakiya, Tatarıstan Milli kitabxanaları,
fransanın, İran İslam Respublikasının Azərbaycandakı
səfirliklərinin kitab mərkəzləri, Rusiya
federasiyasının Kitab Ticarət Mərkəzi, Türkiyə
Turizm və Kültür Bakanlığı, Belorus
Respublikasının Mədəniyyət və İncəsənət
Nazirliyi, eyni zamanda, Heydər Əliyev fondu, Azərbaycan
Yazıçılar Birliyi, "Altun kitab",
"Avanqard", Azərnəşr, "Beşik",
"Elm", "Səda", "Şərq-Qərb, "Səda",
"Şirvannəşr", "Qanun" və s. nəşriyyatlar,
Akademiyanın “Elm” Mərkəzi,
"Çaşoğlu", Müdafiə Nazirliyinin
"Hərbi" nəşriyyatı,
"Çinar-çap" fərdi müəssisəsi,
Atatürk Mərkəzi, H.Cavidin ev muzeyi, Regionların
İnkişafı İctimai Birliyi, "Qismət",
"Nurlan" və "Nurlar" poliqrafiya nəşriyyat mərkəzləri,
M.F.Axundov Kitabxanası xüsusi
diplomlarla mükafatlandırıldılar. Nazirliyin məsul
işçisi Ç.Əlioğlu dünyanın bir çox
ölkələrində keçirilən nüfuzlu kitab sərgi-yarmarkalarında
qalib gəlmiş nəşriyyatlara da müsabiqələrin
diplomlarını təqdim etdi. Heydər Əliyev fondu,
"Altun" kitab nəşriyyatı, "Təhsil",
"Aspoliqraf" və "Tuti" nəşriyyatları bu
sırada idi.
Bir-birini əvəzləyən maraqlı təqdimatlar
sırasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının
"Ömür kitabı"nın latın qrafikası ilə
ilk nəşri də xüsusi maraqla qarşılandı. Tədbirin
aparıcısı şair Çingiz Əlioğlu S.Rüstəmxanlıyla
uzun illərin etibarlı sənət dostluğuna çevrilən əlaqələrindən
söz açaraq dedi ki, rəhmətlik Nüsrət Kəsəmənli,
Sabir və mən vaxtilə üçümüzün də
düşüncələrini özündə ehtiva edən
bir kitab yazmağı planlaşdırmışdıq.
"İş elə gətirdi ki, Nüsrətlə mən öz yaradıcılıq
qayğılarımıza qapandıq, ancaq Sabir Rüstəmxanlı
bir çox səhifələri, epizodları mənə şəxsi
söhbətlərimizdən tanış olan həmin
kitabı, yazdı. Sabir mənim gəncliyimin ən
etibarlı dostlarından və cəmiyyətimizin sevimli sənətkarlarından,
ictimai xadimlərindən, siyasi həyatımızda
çox tanınmış, önəmli fikir adamlarından
biridir.
Bu
gün burada təqdim olunan "Ömür kitabı"
yaxın keçmişimizin azadlıq uğrunda
apardığı mübarizədə istiqamətverici vasitələrdən
biri olmuşdur. "Ömür kitabı"
yazıldığı gündən bəri gündəmdədi.
Bu kitab öz məmləkətini, xalqının tarixini,
milli-mənəvi dəyərlərini çılğın
bir məhəbbətlə sevən bir sənətkarın qəlbinin
səsidi. Hər sətrin altında xalqın gələcəyilə
bağlı müəllifin narahatlığı sərgilənib,
bu kitab gələcəyimizə açılan qapı,
özünəqayıdış
çağırışıdı. Mən Sabirin
yaradıcılıq dünyasının, şəxsiyyətinin
heyranlarındanam".
Tanınmış şair Musa Yaqub da S.Rüstəmxanlının
yaradıcılıq yolunun xalqın, millətin, vətənin
azadlıq düşüncələrinə, yaddaşı
oyatmaq mücadiləsinə hesablandığını önə
çəkdi: "Ömür kitabı" Sabir Rüstəmxanlının
xalqı, vətəni, millətinin ruhu uğrunda cihada
çıxdığı, meydana yeridiyi ilk sınaq
anlarının kitabıdı və həmin dövrdə
Sabirlə bərabər xalqımızın özü də
sınanırdı. Sabir bu sınaqdan mərd, qalib,
üzüağ çıxdı. "Ömür
kitabı"nın əldən-ələ gəzdiyi günlərin
şahidiyəm. Bu kitab milli vətəndaşlıq
duyğularımızın oyanışı mərhələsinin
ilk təkanvericilərindəndi. Belə bir
möhtəşəm tədbirdə "Ömür
kitabı"nın latın əlifbasıyla yeni nəşrinin
təqdim edilməsini təbii hesab edirəm. "Ömür
kitabı" müstəqilliyimizin və
azadlığımızın təməl daşlarını
qoyan dəyərlərimizdəndi…"
Şair Qəşəm Nəcəfzadə də Sabir
Rüstəmxanlı yaradıcılığının səfərbəredici
xüsusiyyətlərindən söz açdı, onun
"Yazıçı" nəşriyyatında baş
redaktor işlədiyi illərdə gənc ədəbi
qüvvələrə göstərdiyi qayğını
hörmətlə xatırladı: "Sabir Rüstəmxanlının
təbiəti onun doğulub dünyaya gəldiyi bölgənin
təbiətiylə həmahəngdi, ruhu xalqının qan
yaddaşının daşıyıcısıdı. Onun
şəxsiyyətinin və
yaradıcılığının əhatə dairəsi
çox genişdi. Onu təkcə şair,
yazıçı, senarist, tarixçi kimi səciyyələndirmək
azdı. Sabir bəy zəmanəmizin hərtərəfli bilik
adamı, yetkin siyasətçisi, dönməz azadlıq
mücahididi. Onun vaxtilə baş redaktoru
olduğu "Azərbaycan" qəzeti azadlıq
tribunamıza çevrilmişdi, bu qəzet mili azadlıq hərəkatında
çox böyük rol oynadı, gəncliyimizi mübariz
ruhda böyütdü. Sabir Rüstəmxanlının
"Ömür kitabı" əslində
xalqımızın, millətimizin, mili kimliyimizin etibarlı
yolgöstərənidi. Dünən burada səsləndi
ki, Zəlimxan Yaqub şerimizə aşıq ruhunu, səsi
qaytardı, doğru fikridi, eyni zamanda, öz növbəsində
Sabir Rüstəmxanlı da Azərbaycan poeziyasına,
publisistikasına milli azadlıq mücadiləsi ritmini,
türk ruhunu qaytardı".
Xalq
şairinin senarisi əsasında çəkilmiş "Cavad
xan" bədii dilinin rejissoru Rövşən Almuradlıdan
sonra çıxış edən AYB-nin katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid də öz həmkarlarıyla
həmfikir olduğunu vurğuladı: "Sabir bəyin
"Ömür kitabı" bütün türk dünyasının
düşüncəsini özündə əks etdirir. Bu kitab məqamında yazıldı və mənim də
mənsub olduğum Azərbaycan gəncliyi o zaman
"Ömür kitabı"nın, "Sağ ol, ana
dilim" şerinin ruhuyla baş-başa böyüdü.
Müxtəlif səfərlərdə, Qarabağda Sabir
Rüstəmxanlıyla birgə olduğum dəqiqələrdə
baxıb gördüm ki, o, bizə adi görünən
çox şeyə başqa gözlə - millətin,
xalqın tarixilə bağlı nişanə, yadigar qənaətilə
baxır. Azərbaycanın öz azadlığı uğrunda
ayağa qalxdığı tarixi günlərdə biz gənclər
üçün azadlıq hərəkatının ilk dayaq
nöqtələrindən biri də Sabir bəyin iş
otağı idi. Sabir bəy xalqımıza, mili dəyərlərimizə,
cəmiyyətimizə hörmət gətirən bir
insandı".
Sonda tədbir
iştirakçılarına dərin təşəkkürünü
bildirən S.Rüstəmxanlı dedi: "Ədəbiyyat milləti
qorumaq vasitəsidir. Bu səbəbdən də ədəbiyyata
həsr etdiyim ömrü həmişə şərəf
işi hesab etmişəm. Bir sənət adamı, müəllif
kimi fərəh hissi keçirirəm ki, "Ömür
kitab"ına maraq, diqqət yenə də əvvəlki zirvəsindədi…"
Sentyabrın
12-də keçirilən maraqlı tədbirlərdən biri
də "Vətəndaşların Avropa şəhərlərində
yerli mədəniyyətin inkişafı siyasətində
iştirakına dair sorğu kitabçası"nın Azərbaycan
dilində nəşrinin təqdimatı oldu. Mərasimi
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət
siyasəti şöbəsinin sektor müdiri Yaşar
Hüseynli açdı. Nəşr layihəsi haqqında
Avropa Mədəniyyət Parlamentinin üzvü, Açıq
Cəmiyyət İnstitutu Yardım fondunun incəsənət
və mədəniyyət üzrə proqramının müdiri Cahangir Səlimxanov ətraflı məlumat
verdi, təqdim edilən kitabın müəllimlərindən
biri olan, Barselona şəhər bələdiyyəsinin nəzdində
yaradılmış beynəlxalq şəbəkənin əlaqələndiricisi
Jordi Paskual, İstanbul Universitetinin professoru, Avropa Mədəniyyət
fondunun və başqa beynəlxalq qurumların Türkiyənin
bölgə şəhərlərində mədəni canlanma
layihəsinin məsləhətçisi Serhan Ada mədəniyyətin
inkişafı siyasətinin istiqamətləri ətrafında
söz açdılar, verilən sualları
cavablandırdılar.
Həmin
gün Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan
Yazıçılar Birliyilə birgə
reallaşdırdığı "Poeziya günü"
almanaxının 2-ci kitabının da təqdimatı keçirildi.
Tədbirin aparıcısı şair
Çingiz Əlioğlu qeyd etdi ki, vaxtilə xalq şairi Rəsul
Rzanın təşəbbüsilə "Sabir Poeziya günləri"
toplusunun bir neçə cildi işıq üzü
görmüşdü. O cümlədən, "Azərbaycan",
"Yeni səslər", "Yaşıl budaqlar"
almanaxları çağdaş şairləri bir araya gətirirdi:
"Adını çəkdiyim toplulardan bir neçəsi mənim
redaktorluğum və tərtibçiliyimlə işıq
üzü görmüşdü. Lakin məlum proseslər nəticəsində
o nəşrlər davam etdirilə bilmədi. Nəhayət,
ötən ildən bəri Mədəniyyət və Turizm
Nazirliyinin və Yazıçılar Birliyinin təşəbbüsü
ilə bu ənənə yenidən davam etdirilməyə
başladı. Artıq "Poeziya günü"
almanaxının iki kitabı işıq üzü
görüb. Toplunun baş redaktoru xalq şairi, AYB-nin birinci
katibi fikrət Qoca, tərtibçisi istedadlı şair Maarif
Soltandır".
Toplunun tərtibçisi,
şair Maarif Soltan təqdimat mərasimində
çıxış edərək bildirdi ki, "Poeziya
günü"nün 2-ci kitabına 114 şairin yeni şeirləri
daxil edilib: "Mən bu toplu üzərində çox həvəslə,
obyektiv işləmişəm…"
Sonra
şairlərdən Ədalət Əsgəroğlu, Oqtay Rza,
Soltan Mərzili, Firuzə Məmmədli, Qismət,
Feyziyyə, Vüsal Nuri, Abbas
Abdulla, fərqanə, Musa Yaqub, Kənan Hacı, İslam
Sadıq, Hacan Hacanov, Kəramət Böyükçöl
yeni şeirlərini oxudular.
Millət
vəkili, yazıçı Aqil Abbasın "Dolu"
kitabının təqdimat mərasimi də sentyabrın 12-də
kitabsevərlərin bayramına çevrildi. Mərasimi
yazıçı-puplisist Mustafa Çəmənli
açaraq dedi: "Bu roman keçən il çapdan
çıxıb, bir neçə təqdimat mərasimi
keçirilib. Ancaq aktuallığına görə
belə əsərləri həmişə diqqətdə
saxlamaq lazımdı. Bu romanın çox səhifələrinin
göz yaşları içində oxumuşam. Şübhəsiz
ki, "Dolu" sənədli roman deyil, ancaq təsvir olunan məkan,
obrazlar o qədər munis, doğmadı ki, elə bil əsərdəki
səhnələr gözlərimiz önündə baş
verib, obrazların hər birini tanıyırıq.
"Dolu"da əsl azərbaycanlı ruhunu özündə
ehtiva edən obrazlar yaradılıb. Əsərin qəhrəmanı
kimi Aqil Abbasın özü də Qarabağı, vətəni
candan duyan, sevən, el-obayla bir yerdə olan insandı".
AYB-nin
katibi Rəşad Məcid də "Dolu" haqqında
öz təəssüratlarını bölüşdü:
"Bu əsəri bütün xalqımız, hər bir azərbaycanlı
oxuyana qədər təqdimat mərasimləri keçirilməlidir.
Deməliyəm ki, cəmiyyətin ən
müxtəlif təbəqəsindən olan oxucular
"Dolu"yla bağlı fikirlərini
bölüşürlər və mən bunun çox
şahidi oluram. Əsərin uğurunu Aqil Abbasın
xalqına, millətinə, Qarabağa olan sevgisi təmin edir.
Aqillə ünsiyyət ədəbiyyatla həyatı əvəzləndirmək
məqamı kimidir. Əsərin çox epizodlarını
Aqilin öz dilindən eşitmişəm…"
Yazıçı
Akif Əli nəzərə çatdırdı ki, artıq
üç gündür muzey mərkəzində çox
maraqlı tədbirlər keçirilir: "Bu, Azərbaycanda
kitaba marağın hansı mərtəbədə olduğunu
bir daha ortaya qoyur. Aqil Abbas da öz kitabını yazır,
ancaq onun kitabları daha çox xalqa xidmət edir, bu kitablar
xalqımızın arzularının ifadəçisidir.
Aqilin xoşbəxtliyi ondadır ki, o, çoxlarının
deyə bilmədiklərini dilə gətirə bilir. Cəmiyyətin
durumunu əks etdirmək onun
yaradıcılığının əsas qayəsidir.
Tədbirdə
görkəmli yazıçımız Əbdürrəhim bəy
Haqverdiyevin qardaşı oğlu Saleh bəy, şairlərdən
Oqtay Rza, Maarif Soltan çıxış edərək
"Dolu"nun bədii məziyyətlərindən söz
açdılar.
Sonra Aqil
Abbas söz alaraq dedi ki, Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasını
keçirməklə Mədəniyyət və Turizm Nazirliyi
kitaba münasibəti dəyişdi. O ki, qaldı
"Dolu" romanına, tədbirin aparıcısı Mustafa
Çəmənli, digər dostlarım mənim
obrazlarımın prototiplərini yaxşı
tanıyırlar. Bu müharibə təkcə Ermənistan-Ağdam
savaşı olsaydı belə, yenə biz qalib gələrdik.
Biz dünyayla döyüşüb yalnız iyirmi faiz torpaq
itirmişik. O torpaqlar alınana qədər "Dolu"nun təqdimat
mərasimlərini keçirməyə
çalışacağam".
Hazırladı: Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-18
sentyabr.-S.4-6.