Xatirələr
sorağında
Ölməz
Üzeyir bəy Hacıbəyovun ruhu qədər yaşayacaq əsərlərinə
baxdıqca, oxuduqca elə hiss edirəm ki, onları ədib təzəlikcə
yazıb-yaradıb. Məşhur "O olmasın, bu olsun"
komediya filmi isə sanki bir möcüzələr aləmidir.
Dövrün ən məşhur adamları, aktyorlar nəsli
bu filmdə cəmləşib. filmdə cavan, cazibədar bir rəqqasə
qız rəqs edir. O, sanki bir sonadır, qollarını
açıb mavi səmada asudə süzür. Bu rəqqasə
Azərbaycanımızın rəqs şahzadəsi, xalq
artisti Əminə xanım Dilbazidir.
Əminə
xanım Dilbazi 1919-cu ildə Qazax mahalının Xanlıqlar kəndində
anadan olub. Hələ balaca ikən, - 5 yaşı olanda ailəliklə
Bakıya köçmüşlər. Balacalıqdan doğma
kəndindən uzaqlarda yaşamasına baxmayaraq, dilinin
şirinliyini, ləhcəsini dəyişməmişdi. Onunla
danışanda adam özündə bir yüngüllük,
bir doğmalıq, yaxınlıq hiss edir. Heç
hiss eləmirəm ki, bu xanım dövlət xəttilə
dünyanı dolaşmış, şöhrətin-şanın
ən uca zirvəsində dayanmış bir səhnə, sənət
fədaisidir. İndi ixtiyar yaşına çatmış Əminə
xanımın dilindən "dərdin alem, ölöm, nə
dersən, az" eşidəndə təəccüblə
bir anlıq onun üzünə baxıram və fikirləşirəm:
"Dahi insan odur ki, nə qədər şan-şöhrət
sahibi olsa da, onun gözəlliyi insanlığı, sadəliyidir."
Bizim Əminə
xanım belə sadə şəxsiyyətlərdəndir. Əminə
xanım orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Azərbaycan
Xalq Rəqs Ansamblında rəqqasə,1936-1938-ci illərdə
filarmoniyada, Mahnı və Rəqs Ansamblında solist olub.
1938-ci ildə Moskvada Ədəbiyyat və İncəsənət
ongünlüyündə iştirak edib.
İlk
müəllimlik fəaliyyətinə 1939-cu ildə Teatr
Texnikumunda başlayıb. 1954-cü ildə respublikanın əməkdar,
1959-cu ildə xalq artisti adına layiq görülüb.
Özünün yaratdığı "Sevinc" və
"Çinar" qızlar rəqs ansamblı ilə
dünyanı dolaşıb. Azərbaycan rəqslərini
dünya tamaşaçılarına sevdirib. İstər
dövlət səviyyəsində, istərsə də
geniş xalq kütlələri arasında onu "Rəqs sənətinin
kraliçası" kimi qəbul ediblər.
Əminə
xanıma baş çəkməyə getmişdik. Xeyli
söhbət etdik. Əminə xanım öz söhbətlərində
ən çox Üzeyir bəyin adını çəkirdi.
Deyirdi mənim Əminə Dilbazi olmağım Üzeyir bəyin
xidmətidir.
Əminə
xanım söhbətlərində Üzeyir bəyin
"Kolxoz çöllərində" mahnısına
qurduğu rəqsi danışmağa başladı: - O
dövrdə məşhur pambıq yığanımız
vardı - Bəsti Bağırova. O, əllə pambıq
yığmaqda birinci yerə çıxmışdı. Onu Moskvaya
çağırdılar, Sosialist Əməyi Qəhrəmanı
adını verdilər. Üzeyir bəy də ona "Kolxoz
çöllərində" mahnısını ithaf etdi.
Mahnı belə idi (Əminə xanım mahnının
musiqisini zümzümə edir):
Kolxozcu
qızı çıxıbdı düzə,
Onun gecəsi
dönüb gündüzə.
Bu
mahnının musiqisi gecə-gündüz başımdan
çıxmırdı, - deyə Əminə xanım
söhbətinə davam edir: - Bakı bağlarında idim, Zirədə.
Gecə yatmaq vaxtı oldu. Anam işığı
söndürdü, mənə də dedi ki, yatım. Yata bilərəm?
Musiqi beynimi deşirdi: "Ölsəm də qoymaram
yatasan". Mahnını hey zümzümə edirdim. Durdum
ustufca pəncərənin pərdəsini yana elədim.
Ayın işığı evə doldu və mən
başladım mahnıya rəqs qurmağa. Baş rolun
ifacısı Bəsti Bağırova da oldum özüm.
Üzeyir
bəyin musiqisi mənə o qədər ilham verdi ki, səhərə
rəqsi qurtardım. Bu, mənim rəqsə verdiyim birinci
quruluş idi. Heç rəqs qurmamışdım, bilmirdim rəqs
necə qurulur, necə olmalıdır, kim hardan
çıxmalıdır, kim nə etməlidir. Bəsti
Bağırova hardan gəlməlidir, pambığı necə
yığmalıdır. Rəqsi qurdum, rəqsdə Bəsti
Bağırova səhnədə iki dəfə gedir o başa,
gəlir bu başa. Sonra onu aparırlar Moskvaya, qəhrəmanlıq
ordeni veririlər və s. Mən səhər açılan
kimi anama dedim ki, Bakıya getməliyəm. Anam soruşdu ki, nəyə
gedirsən, nə hadisə baş verib. Mən başladım
özümdən sözlər uydurmağa: Ansamblın
uşaqları məni gözləyir, mənsiz heç nə
də edə bilmirlər, mənim onlara köməyim
lazımdır. Yemək-içməyimi də özüm
hazırlayacağam, heç narahat olma. - Anamı birtəhər
razı salıb Bakıya gəldim. Tez ansamblı
yığdım, "Kolxoz çöllərində" rəqsinin
məşqinə başladıq. O rəqsdən sonra Bəsti
Bağırova ilə də görüşdük. Məşq
qurtardıqdan sonra mənə dedilər ki, Üzeyir bəy səni
- rəqs quran qızı çağırır. Mən
qorxudan və həyəcandan başladım ağlamağa.
Üzeyir bəyə deyiblər ki, sənin mahnına rəqs
qurublar. O da təəccüblə soruşub: - Nəcə yəni
rəqs qurublar? Kimdi rəqsi quran?
O vaxtlar
rəqs quran adlı-sanlı baletmeyster Qəmər Almaszadə
idi. Məşq zamanı Üzeyir bəy gəlib salonda əyləşibmiş.
Dedi, o rəqsi yenidən məşq edin. Mən həyəcandan
titrəsəm də, Bəsti Bağırovanı oynadım.
5 il idi ki, filarmoniyada işləyirdim, cavan idim. Rəqs-zad
qurmamışdım. Ancaq təb gələndə
özüm də bilmədim rəqsi necə qurdum.
Pambıqçı qızı oynayıb qurtarandan sonra
dalınca "Yallı" rəqsi ilə davam etdirdik. Bəsti
qəhrəman adı aldığına görə
kolxozçular sevinir, şadyanalıq edir və elliklə
yallı gedirlər. İlk qurduğum "Yallı" rəqsi
o idi. Bir də gördüm rəqs qurtaranda Üzeyir bəy
astaca əl çalır. Ayağa qalxıb adəti üzrə
bığını yavaşca eşdi, əlini başında
gəzdirdi, kabinetinə keçdi və məni
çağırtdırdı.
Bədənimi
əsməcə tutmuşdu. Ayaqlarım titrəyə-titrəyə
otağın qapısına tərəf getdim. “Allah, bu nə
işdi mən gördüm? Bu da axırı...” Qorxudan elə
ağlayırdım ki... Kabinetində oturmuş Üzeyir bəy
məni görcək dedi:
- A balaca
qız, qapıda niyə durubsan? İçəri keç
görüm nə demək istəyirsən?
Mən
yavaşca dedim:
-
Üzeyir əmi, heç nə istəmirəm…
- Onda niyə
ağlayırsan?
-
Üzeyir əmi, bağışlayın məni. Mən hara, siz hara?.. Zirədə bağda idim… Musiqiniz qoymadı yatam… Durdum, bu rəqsi qurdum.
Elə bildim Üzeyir bəy məni danlayacaq. Yenidən hönkürdüm.
- Sən ağlama, balaca qız. Sən ağıllısan, istedadlısan. İndi zəng edəcəyəm mədəniyyət nazirliyinə, qoy sənin qurduğun bu rəqsi dövlət tədbirinə salsınlar.
Bununla demək istəyirəm ki, müəllim, rəhbər olmaq asandır, ancaq qayğıkeş insan olmaq hər adama müyəssər olmur. O əsl insan idi. Üzeyir bəyin inamı ilə mən baletmeyster oldum.
Azərbaycanda o vaxtlar sirk yox idi. Üzeyir bəy istəyirdi ki, özümüzün sirkimiz olsun. Moskvadan Bakıya hərdən sirk gəlirdi. Azərbaycanda sirk yarananda Üzeyir bəyi sirkə direktor təyin etdilər. O direktor gedən kimi məni sirkə baş baletmeysterliyə dəvət etdi. Mən etiraz edib dedim: “Mənim orada nə işim var?” Üzeyir bəyin təkidilə sirkə işə düzəldim. Mən hara, sirk hara? Orada meymun oynadırlar, adam yox. Mən gedib orada nə edəcəyəm? Mən orada yaxşı maaş almağa başladım. O vaxtlar uşaqların atası, rəhmətlik Cövdət Hacıyev Moskvada konservatoriyada oxuyurdu. Xəbər göndərdi ki, bəs mən qayıdıram Bakıya. Dedim:
- Ay Cövdət, niyə qayıdırsan, nə hadisə baş verib?
- Azərbaycandan dahi rus bəstəkarı Dmitri Şostakoviçin kursuna iki nəfər daxil olub. Biri Qara Qarayev, o biri də mən. fikirləşdim ki, tələbə təqaüdü ilə necə dolanacağam. İşıq pulu, qaz pulu, geyinmək, yemək, yol pulu… Bu qədər pulu hardan alacağam?
Mən Cövdətə
dedim:
-
Heç elə şey yoxdur. Qayıtmaq sözünü unut.
De görüm, sənə ayda nə qədər pul
lazımdır?
Cövdət
oxuyub qayıdana qədər hər ay aldığım məvacibi
ona göndərirdim. Cövdət məndən soruşanda ki,
bu pullar səndə hardandır? Cavab verdim ki Cövdət, mən
Əminə xanım, Məhəmməd anasıyam.
O vaxtlar
mən Üzeyir bəyə dedim: Mənə kömək edin,
Cövdəti oxudum. O, kişi kimi söz verdi və mən
Cövdəti oxuda bildim, ayda filan qədər maaş
alırdım.
Sirkdə
işlədiyimiz vaxtlar idi.
Mən,
illər keçdikcə hiss edirəm ki, Üzeyir bəy dahi
insan olub. Çox istəyirəm ki, onun kimi insanlar çox
olsun, insanlara onun kimi qiymət verənlər, gənclərin
qayğısına qalanlar çox olsun. Onun yeri çox
görünür. O, ən kasıb adamları
çağırıb pul verirdi. Tələbənin əyninə-başına
baxıb deyirdi: - Al bu pulu, get özünə libas al, yemək-içməyinə
fikir ver. Üzeyir bəy təkrarolunmayan bir şəxsiyyət
idi. O, mənim beynimdə, şüurumdadır, neçə
ki, mən yaşayıram, o mənimlə birldikdə
yaşayır. Onun tökdüklərini mən bir-bir
döşürürdüm. Çalışırdım ki,
Üzeyir bəy gəncləri necə sevirdisə, mən də
elə sevim, gənclərin qayğısına necə
qalırdısa, mən də eləcə qalım.
Əlbəttə
ki, Üzeyir bəyin xasiyyəti, mərdliyi, mənəmliyi
Azərbaycan xalqı üçün bir nümunə idi. Onun
tərbiyəsindən çox adamlar keçdi. O vaxtlar bəstəkar
Cahangir Cahangirov, xormeyster Qılman Salahov, xanəndələrdən
Xurşud Babayeva, Xanbacı Həmidova, Seyfəl Əlibalayev və
bir çox başqaları onun məktəbini
keçmişdir. Bir dəfə görmədim ki, Üzeyir bəy
bir adamın üstünə qışqırsın. Əsəbiləşəndə
də yalnız bir söz "qurtardıq" - deyib gedərdi.
Bu dahi
insan Azərbaycan incəsənətinə Əminə Dilbazi,
Cövdət Hacıyev, Qara Qarayev, Qüdrət Əmiraslanov
kimi sənətkarlar yetişdirib verdi. O sənətkarlar ki,
Üzeyir bəyin yanında böyüdü,
yazıb-yaratdı. Biz onun yolunu davam etdirdik, onun yoluynan getdik.
İndi sağ qalanlar azalsa da onun yolunu davam etdirməkdədir.
O bizim ürəyimizdədir. Üzeyir bəyi unutmaq Azərbaycanın
keçmişini itirmək deməkdir. Mən onun
dövründə çox şey öyrəndim. Belə bir
insanın tələbəsi olmaq böyük şərəfdir.
O, heç vaxt özünü öyməz, "mənəm-mənəm"
deməzdi.
İndi
onu əvəz edən yoxdur, indi həyat, dövran tamam dəyişib,
başqalaşıb.
Mən tez-tez onlara gedərdim. Onun mələk xasiyyətli həyat yoldaşı - Məleykə xanım çox təmkinli qadın idi. O, Üzeyir bəyin nədən xoşu gəldiyini, nədən xoşu gəlmədiyini gözəl bilirdi. Ərinin qonaqlarını hərəsinin öz zövqünə görə qarşılayırdı. Bir dəfə Üzeyir bəyin köməkçisi xormeyster Qılman Salahov onlara gəlir. Məleykə xanım stol açır, içki, yemək gətirir. Balaca araq rumkasını görən Qılmanın kefi pozulur. Ürəyində fikirləşir ki, mən arağı stəkanla içən adamam, bu rumka ilə nə edim? Araq dolu rumkanı götürüb birnəfəsə boğazına tökür. Üzeyir bəy bundan təəccüblənir və arvadını çağırır:
- Məleykə, Məleykə, bir gəl bax, qonağımız alkoqolikdir.
Qılman istəyir ikiəlli başına vursun ki, bir rumka araq içməklə alkoqolik oldum. Biz dərsdən çıxanda tramvay dayanacağında Üzeyir bəyin gəlməsini gözləyib, onunla birlikdə tramvaya minməyə can atırdıq. Tez-tələsik pul çıxarıb ona tramvay bileti almağa çalışırdıq. O vaxt biletin qiyməti 4 qəpik idi. Üzeyir bəy bunu hiss edən kimi nəzarətçiyə deyirdi onların pulunu qaytarın, onlar tələbədir, nə pul alırlar ki, hələ bir mənə də bilet alsınlar.
Nəzarətçi təəccüblə pulumuzu qaytarırdı. Biz də pərt halda, suyu süzülmüş sakitcə yerimizdə dayanırdıq.
Bir dəfə də işdən evə dönən Üzeyir bəy öz mərtəbəsində bir oğlanın dayandığını görür. Elə bilir ki, oğrudur. Oğlana deyir ki, sən burda dayan, mən evə baxım, gəlirəm. Evə girib arvadından soruşur:
- Məleykə, evdə hər şey yerindədirmi? Heç nə oğurlanmayıb ki?
Məleykə "yox" deyə cavab verir. Üzeyir bəy bayıra çıxır ki, oğlana desin, hər şey yerindədir, gedə bilərsən. Baxıb görür ki, oğlan nə gəzir, o çoxdan çıxıb gedib.
Üzeyir bəy dahi, istedadlı bir şəxsiyyət olmaqla yanaşı, həm də ürəyi təmiz, necə deyərlər, sadəlövh insan idi. Allah onun ruhunu şad eləsin!
... Əminə xanım burada sözünə nöqtə qoydu. Ancaq hiss etdim ki, danışmağa o qədər xatirələri var ki, ona günlərlə vaxt lazım gələr.
Bu il Əminə xanım Dilbazinin 90 yaşı tamam olur. Mən də elimin bu şux rəqqasə qızına Allahdan sağlam ömür arzu edirəm. Allah üzərində Üzeyir bəyin ruhu dolaşan Əminə xanıma cansağlığı əta eləsin!
Salatın ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.-2009.-18
sentyabr.-S.3.