Ədəbiyyat qəzeti”nə

 

Hörmətli redaksiya!

 

Qəzetinizin 29 iyul 2009-cu il tarixli sayında Nigar Rəfibəyli, Hüseyn Arif və Fərman Kərimzadədən söz açan "Deyilən söz yadigardır" başlıqlı yazımı çap etdiyinizə görə sizə bir daha təşəkkür edirəm. Baxmayaraq ki, məqalə yay ayında - çoxlarının məzuniyyətdə olduğu vaxt çıxmışdı, telefon açaraq minnətdarlığını bildirənlər, təsadüfi görüşlər zamanı razılıq edənlər çox oldu. Onların arasında xalq yazıçıları Elçin və Anar da vardı. Bu məni sevindirdi. Deməli, "Ədəbiyyat qəzeti" həmişəki kimi oxunur, xalq qarşısında xidməti olan şəxsiyyətlər haqqında yazılar diqqətdən yayınmır.

Bu yay Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində səliqə ilə mühafizə edilən arxivimdə işləyərkən illərcə əvvəl qələmə aldığım, yaddaşımda əziz xatirə kimi qalan bir yazıma rast gəldim. Əslində, bu, Azərbaycan Dövlət Televiziyasında Səməd Vurğunun ev muzeyindən aparılan bir saatlıq verilişimin mətni idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əcnəbi ölkələrlə əlaqələrə, o cümlədən də ədəbi əlaqələrə böyük önəm verilir.

"Səməd Vurğunun dünya şöhrəti" adlı çıxışım da bu müqqədəs işə, xalqımıza başucalığı gətirən görkəmli şairimizə həsr olunub. Heç yerdə çap edilməyən yazının oxucuların marağına səbəb olacağına inanıram. Odur ki, faktlarla zəngin olan yazını məmnuniyyətlə qırx ildən artıq əməkdaşlıq etdiyim, 75 illik keşməkeşli, lakin şərəfli yol keçən, təmənnasız fəaliyyət göstərən, sovet sistemi dağılandan sonra ağrılı-acılı keçid dövründə belə müvazinətini itirməyən, səviyyəsini saxlayan "Ədəbiyyat qəzet"nin oxucularına təqdim edirəm.

 

Səməd Vurğunun dünya şöhrəti

 

Böyük sənətkarlar, xüsusən də S.Vurğun kimi nadir istedadlar üçün zaman və məkan anlayışı yoxdur. Dünya durduqca zaman belə istedadları yaşadır və aləmə tanıdır. Mən bunu 1983-cü ilin iyun-avqust aylarında ABŞ-ın Arizona universitetində ədəbiyyatçı professorlar Sesil Robinson və Ciin faustun biz sovet pedaqoqları ilə ilk tanışlıq, daha doğrusu, yoxlama söhbətinə dəvət olunanda bir daha dərindən duydum. Prof. Robinson Azərbaycandan olduğumu biləndə ya qəsdən məni yoxlamaq üçün, ya da ədəbiyyatçı olduğundan ingiliscə şeir oxudu və soruşdu:

- Bu kimin şeridir?

Sualına cavab vermək əvəzinə şeri azərbaycanca oxudum:

 

O, kürsüyə sinə gərdi.

Danışmadı,

susdu bir dəm.

Çatıb qara qaşlarını

fikrə getdi o bir anlıq.

 

Şerin bir bəndini qurtaranda prof. Ciin Faust (o, on ilə qədər Türkiyədə - İncirlikdə işləmişdi. Türk dilini gözəl bilirdi) dedi: "Prof. Robinson, dr. Paşayev sizin dediyiniz şerin tərcüməsini türkcə əzbərdən deyir".

Üzr istəyib, hörmətli professorun dediyinə düzəliş etdim: "Mən poemanı yazıldığı Azərbaycan dilində olduğu kimi oxuyuram".

Səməd Vurğun mənim başımı nəinki sovet alimlərinin, eləcə də Amerika alimlərinin yanında uca etdi. Bu dəfə mən sual verdim:

- Professor, "Zəncinin arzuları" poemasını haradan oxuyub və əzbərləyibsiniz?

O, şairimizin "Azərbaycan" şerindən də bir parça əzbər dedi və əlavə etdi:

- Bizim kitabxanada ingiliscə "Azərbaycan" poeziyası antologiyası" vardır. Orada şairin "Azərbaycan" şerilə bərabər "Moskva", "Zəncinin arzuları" poemasından parça, "Karl Marksın məzarı önündə", "London qarısı", "Ananın öyüdü" və "Reyxstaq" şeirləri də vardır. Çox yaxşı şeirlərdir.

Mən təəssüflə bildirdim ki, həmin şeirlər arasında dünya poeziya inciləri sırasında duran "Mən tələsmirəm", "Tək məzar" və "Şair, nə tez qocaldın sən" yer almayıb.

Mən özümlə ABŞ-a apardığım, 1973-cü ildə Moskvada ingiliscə çıxan, çox böyük həcmli "Azərbaycan ədəbiyyatı antologiyası" kitabının bir nüsxəsini prof. Robinsona, bir nüsxəsini prof. fausta (və sonralar bir nüsxəsini Arizona universitetinin kitabxanasına) verdim.

Səhərisi gün Arizona universitetinin beş mərtəbəli kitabxanasında "Azərbaycanşünaslıq" bölməsinin olduğunu ayırd etdim və sevindim. (Azərbaycan dili, ədəbiyyatı, tarixi, etnoqrafiyası, musiqisi və s. barədə olan həmin kitablardan “Ədəbiyyat və incəsənət” qəzetində o vaxt silsilə yazılarla çıxış etmişdim - Q.P.) Özüm üçün bir daha "kəşf" etdim ki, ədəbi əlaqələr üçün heç bir sərhəd yoxdur, o cümlədən də S.Vurğun kimi dahilər üçün.

S.Vurğunu İngiltərədə də yaxşı tanıyırlar. Biz bir saatdan artıqdır ki, şairin ev muzeyi ilə tanış oluruq. Burada şairin hələ 1947-ci ildə Londonda çap olunmuş əsərlərinə də rast gəlinir. Səməd Vurğunu bütün ölkələrdə tanıyırlar. Lui Araqon elə-belə deməmişdir: "Səməd Vurğun müasir dünya və sovet ədəbiyyatının iftixarıdır".

Şairimizi İraqda da tanıyır və sevirlər. Xüsusən də ölkənin şimalında yaşayan, sayı altı yüz mindən çox olan, böyük füzulimizin nəvə-nəticələri - İraqda yaşayan və indi türkman adlandırılan azərbaycanlılar.

Təbii ki, onlar Azərbaycan ədəbiyyatına, Azərbaycan musiqisinə, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə böyük maraq göstərirlər. Təkcə onu demək kifayətdir ki, hörmətli tamaşaçılar, bu gördüyünüz "Azərbaycan", "Füzuli" və "Çağdaş Azərbaycan" şerindən seçmələr" son bir neçə ildə İraqda çap olunmuşdur. Onların ədəbi jurnalları "Qardaşlıq"da Səməd Vurğun yaradıcılığına geniş yer verilir. Yadımdadır, 1973-cü ildə "Qardaşlıq" jurnalında (may-iyun nömrəsində) Qabilin “Nəsimi” poeması haqqında yazı çap etdirəndə S.Vurğun haqqında yazmağımı xahiş etdilər. Jurnalın iyul-avqust nömrəsində vüqarımız, fəxrimiz S.Vurğun haqqında geniş yazı verildi və "Azərbaycan" şeri çap olundu.

Səməd Vurğuna onlarda da böyük məhəbbət olduğunu hələ 1964-66-cı illərdə İraqa ikinci səfərimdən bilirdim. 1966-cı il aprelin 1-də axşamüstü Kərkükdə "Qızıl Arslan" mehmanxanasında oturub söhbət edirdik. Toplaşanlar arasında məşhur müğənni Əbdülvahid Kuzəçi oğlu, Böyük Hafiz oğlu Nurəddin, Məhəmməd Əzzət Xəttat, Mövlud Taha Qayaçı, Əhməd Otraqçı oğlu və başqaları vardı. Söhbət ədəbiyyatdan, musiqidən düşdü. Hafiz oğlu Nurəddin dedi: "Biz Azərbaycan musiqisini, Azərbaycan ədəbiyyatını çox sevirik. Əli Əkbər Sabir və Səməd Vurğunu əzbər bilirik. Hər vaxt Bakı radiosunu dinləyirik. Çünki dilimiz birdi. Heç fərq etməz. Bəzi şivə fərqləri var".

Doğrusu, elə güman etdim ki, kərküklü qardaşım mənim könlümü xoş etmək üçün belə deyir. Tezliklə səhvimi başa düşdüm. Onlar xorla S.Vurğunun "Azərbaycan" və "Gülə-gülə" mahnılarını bizdə olduğu kimi, sonra isə "Gülə-gülə"ni məni valeh edən başqa tərzdə oxudular. Məlum oldu ki, Ə.Kuzəçi oğlu şeirə musiqi bəstələmiş və həmin ildə, yəni 1966-cı ildə çıxan "Kuzəçi oğlunun xoyrat və bəstələri" kitabına (səh.52) daxil etmişdir. Yeri gəlmişkən, Kuzəçi oğlunun bu mahnısını sonralar türk müğənniləri də oxumağa başladılar. Elə oradaca mahnını lentə aldım. Əziz xatirə kimi saxladığım lenti və "Qardaşlıq" jurnalının S.Vurğundan bəhs edən nömrəsini şairin ev muzeyinə təqdim edirəm.

Şeirdə bir-iki xırda dəyişiklik olduğunu qeyd etdim. "Dedim bizə dost olaydın" - əvəzinə "Dedim mənə yar olaydın", axırıncı bənddə:

 

“Gəldi tərlan ömrümüzün

Səhər vaxtı gülə-gülə”.

- əvəzinə

“Gəldi bahar ömrümüzün

Səhər vaxtı gülə-gülə”.

 

- oxudunuz dedim.

Hiss etdim ki, şeri əzbər bildiyimə təəccübləndilər. Mən mahnını onlarla oxumadığıma görə güman ediblərmiş ki, şeri əzbər bilmirəm. Zarafatla dedim:

- Baba (bu, onlarda müraciət formasıdır), S.Vurğun sizin şairdir, yoxsa bizim?!

- Fərqi yox, baba. O, həm sizin, həm də bizimdir - Əhməd Otraqçı oğlu dedi və S.Vurğuna həsr etdiyi şeri avazla oxudu:

 

Bu sular durğun-durğun,

Mən səni gördüm yorğun.

Kərkükdən salam olsun,

Tək şair Səməd Vurğun.

 

Əhməd Otraqçı oğlu şeri S.Vurğunun ona bağışladığım "Seçilmiş əsərləri"ndəki ağsaçlı, yorğun-yorğun baxan şəklinin təsiri altında yazmışdı.

Görüşdən bir ay sonra vətənə döndüm və həmin görüşün təsiri altında mətbuatda ilk dəfə olaraq "Könüldən könülə yollar görünür" məqaləsini yazdım. "Azərbaycan gəncləri" qəzetinin xüsusi səhifəsində Səməd Vurğuna həsr etdiyim ilk məqaləm çap olundu (20 may 1966). Sevinir və fəxr edirəm ki, xalqımın Səməd Vurğun kimi şair oğlu var.

 

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.-2009.-18 sentyabr.-S.3.