“Yazıçı”: İsa Hüseynov-Muğanna

 

"Oğuz eli" qəzetinin ayrıca buraxılışı kimi işıq üzü görən "Yazıçı"nın növbəti sayı Azərbaycan nəsrinin ustad nümayəndəsi, xalq yazıçısı İsa Hüseynov - Muğannanın həyat və yaradıcılığına həsr olunub.

"Ulularımızdan irs qalmış tərkidünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib o mənanı (əcdadlarımızın hikmətindən - A.Ə.) və hikməti ifadə eləməyə çalışdım. İş qurtaranda isə, qeyri-rəsmi daşıdığım "Muğanlı" soyadı əvəzinə, dünyadan üzü örtülü gedən əzabkeşlərin şərəfinə "Muğanna" oldum... - ustadın bü fikirləri buraxılışındakı əksər materialların ruhunu - əsl poetikasını - fəlsəfəsini əks etdirir.

AYB sədri, xalq yazıçısı Anarın "Qəribə dünyanın adamı" (ixtisarla) essesində isə ədəbi tənqidimizdə və ədəbiyyatşünaslıq elmimizdə günü bu gün də böyük mübahisələrə səbəb olan filoloji bir problem -bu böyük sənətkarın mürəkkəb, ədəbi-mədəni ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan zəngin yaradıcılığının sirləri barədə maraqlı mülahizə irəli sürülür: "Özünü gizlin Muğannalar nəslinin varisi kimi dərk etməyə başlayan İsa tamamilə yeni bir fikir və sənət məqamına qədəm basdı. Bəlkə də mübahisəli görünəcək bir fikir söyləmək istəyirəm: məncə, ədəbiyyatımızda İsa Hüseynov və İsa Muğanna adlı iki yazıçı var".

Yazıçının öz qələm dostları, həmkarları və doğmalarıyla çəkdirdiyi fotoşəkillərlə zəngin buraxılışın səhifələrində Azərbaycanın bir çox tanınmış qələm və elm adamlarının İsa Hüseynov - Muğanna yaradıcılığı, şəxsiyyəti, çağı üçün etdiyi yenilikləri, ədəbiyyat, mədəniyyət tariximizdəki yeri haqqındakı düşüncələri, mülahizələri esse, məqalə, xatirə yazısı formasında oxuculara təqdim olunur.

Mövlud Süleymanlı ("Sabaha deyilən söz"), Tofiq Hacıyev ("İsa Muğanna deyəndə..."), Afaq Muğanna ("İsa əmim böyük qardaşdan öncə atamın atasıdır"), Kamil Vəli Nərimanoğlu ("İsa Hüseynov başlayandır. Başlayansa..."), Məmməd Oruc ("Həqiqət axtarışında"), Saday Budaqlı ("Söz adamı"), Zəlimxan Yaqub ("İsa Hüseynovdan... Muğannayadək"), Vaqif Yusifli ("İnkar. İnkar. Təsdiq"), Əlabbas, Nizami ("Yazıçıya məktub"), Bəsti Əlibəyli ("Göydən asılı qalmış adam"), Cavanşir Yusifli ("Muğannadan İsa Hüseynova"), Sevinc Abbasova ("İsa Muğanna nəsrinin aktual problemləri haqqında"), Nazif Ələkbərli ("Böyük dönüşün başlanğıcı"), Sevinc Muğanna ("Ucalar ağrımaz"), Əsəd Cahangir ("Mən ancaq yazı stolum üçün darıxıram...") Tofiq Hüseynoğlu ("Zamanı qabaqlayan sənətkar"), Azər Abdulla ("Qardaşın dahi qardaşı") kimi imza sahibləri öz yazılarındakı sevgisini İsa Hüseynov - Muğanna simasında yaşı min illərlə ölçülən milli ədəbi-bədii söz sənətimizə, bir sözlə, milli mədəniyyətimizə ünvanlayırlar: onun yaratdıqları Azərbaycan ədəbiyyatının şah nümunələrindəndir...

 

 

A.Əhmədoğlu

 

Ədəbiyyat qəzeti.-2009.-16 yanvar.-S.6.