Təqdimat
Yanvarın 16-da Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda filologiya elmləri
doktoru, professor Əzizxan Tanrıverdinin "Poeziyanın dili,
dilin poeziyası" kitabının təqdimetmə mərasimi
keçirildi. Tədbiri giriş sözü ilə açan
Yazıçılar Birliyinin
katibi Arif Əmrahoğlu müəllif haqqında öz ürək
sözlərini söyləyərək bildirdi ki, biz bu gün
bura dilçi alimin yox, fıloloq alimin kitabının təqdimatına
toplaşmışıq. Əzizxan Tanrıverdi Azərbaycan
fılologiya elmində az saylı alimlərdən biridir ki, əsərlərinin
çoxunu "Kitabi-Dədə Qorqud" abidəsinin tədqiqinə
həsr etmişdir. O, milli təfəkkürümüzün
dərin tərəflərini görür. Sonra tədbiri
aparmaq üçün sözü kitabın redaktoru İlham
Abbasa verdi. O, kitab haqqında öz fıkirlərini bildirdi:
"Ə.Tanrıverdi bu kitaba daxil olan məqalələrdə
on doqquz şairin poeziyasından bəhs etmişdir. Onların
çoxu müasir poeziyamızın "80-cilər"
adlandırılan nəslinin təmsilçiləridir.
Bu şeirlərdən bəhs
edərkən alimin klassik poeziyamızın Dədə Qorqud,
Nəsimi, Füzuli, Vaqif, Cavid, Vurğun kimi korifeyləri ilə
apardığı paralellər, müasir poeziyamızın həm
mövzu və ideya, həm də dil və ruhən həmin
ölməz ənənələrə
bağlılığının sübutu kimi gətirdiyi dəlillər
də onun konsepsiyasının doğruluğunu təsdiq
edir".
Filologiya elmləri
doktoru Təyyar Salamoğlu "Poeziyanın dili, dilin
poeziyası" kitabı haqqında geniş məruzə ilə
çıxış etdi.
Filologiya elmləri
doktoru, professor Vilayət Əliyev qeyd etdi ki, hər bir
dövrün tələbləri və həyata baxış
müxtəlifliyi var. Əzizxan Tanrıverdi yaxın
keçmişdə yaşamış söz
yaradıcılarını geniş şəkildə təhlil
etmişdir.
Şairə Firuzə Məmmədli
dedi ki, poetik nitqin dil baxımından tədqiqi bədii
materialın düzgün və dəqiq şərhini əsaslandıran
amillərdəndir. Çox yaxşı haldır ki, müasir
dövrdə dilçi mütəxəssislərimiz bu məsələyə
geniş önəm verirlər. Bu sahədə fəal surətdə
qələm işlədən görkəmli tədqiqatçılardan
biri də Əzizxan Tanrıverdidir.
Təqdimat mərasimində
çıxış edən Əjdər Ol Ə.Tanrıverdinin
yaradıcılığını tanıdığı
insanların yaradıcılığına təbliğ
etdiyini, kiməsə xoş gəlsin deyə yox, sırf forma
və məzmun gözəlliyini, dil, üslub baxımından
hərtərəfli olduğunu bu kitabda müqayisəli şəkildə
göstərdiyini söylədi.
Tədbirdə daha sonra
çıxış edənlər - şair Oqtay Rza, Əlirza
Xələfli, Sayalı Əsədova, Təranə Rəhimli,
Məhəbbət Nizami, Adil Mirseyid, Sabir Sarvan və
başqaları Əzizxan Tanrıverdinin
yaradıcılığından və təqdim olunan
kitabın məziyyətlərindən söz açdılar.
Sonda Əzizxan
Tanrıverdi çıxış edənlərə, məclisə
toplaşanlara öz təşəkkürünü bildirdi.
M.Qənbərova
Ədəbiyyat qəzeti.-2009.-23
yanvar.-S.6.