Şəhid balalara

 

Dərdimi necə deyim, vallah deyə bilmirəm,

Mən necə üsyan edim yerə-göyə, bilmirəm.

 Başıma qara salıb, qara geyə bilmirəm,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Ağlatdılar daşı da, torpağı da, ay Allah,

Sındırdılar bir körpə budağı da, ay Allah.

Bağlı qaldı neçə bəy otağı da, ay Allah,

 Bu şəhid balaların ölən çağı deyildi.

 

Bir gəlinin əlindən getməmişdi hənası,

 Bir gülləylə dağıldı onun ömür dünyası.

İndi analar tutur oğul yası, qız yası,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Bu, zamanın hökmümü, inana bilmirəm mən,

Bu dərdlərin önündə yenə əyilmirəm mən.

Sənə təsəlli üçün sözüm çatmır, ey Vətən,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Dayanmışam kədərlə məzarların önündə,

 Dönür göz yaşlarına göydə duman da, çən də.

 Dünya mənə dar gəlir elimin dar günündə,

Bu şəhid balaların ölən çağı deyildi.

 

Dayanmışam, gözümdə iki damla yaş mənim,

İçimdə haray salan tufan mənim, qış mənim.

O güllələr dəyəydi bu sinəmə kaş mənim, —

Bu şəhid balaların ölən çağı deyildi.

 

Hələ çoxlu fıdanın boy atası vaxtıdır,

Quşların körpələri oyadası vaxtıdır.

Çox ananın kam alıb, toy tutası vaxtıdır,

Bu şəhid balaların ölən çağı deyildi.

 

 

Mədinə GÜLGÜN

 

Ədəbiyyat qəzeti.-2009.-23 yanvar.-S.1.