Rəhmətlə xatırlananlar
1921-ci ildə Bakıda
kimsəsiz uşaqlar həddindən ziyadə çox idi.
1918-ci ildə erməni-müsəlman qırğını,
sonra isə qırmızı ordunun törətdiyi qətliamlar,
talan həftəsi xeyli uşağı yetim, kimsəsiz
qoymuşdu. Digər tərəfdən Rusiyada və digər
ölkələrdə baş verən aclıq nəticəsində
baxımsız qalan xeyli uşaq müxtəlif yollarla
axışıb Azərbaycana gəlmişdi. Belə bir vaxtda
üç nəfər entuziast N.Yüzbaşova, S.Rabkina,
A.Troyanovskaya tərəfindən kimsəsiz uşaqlar
üçün kitabxana yaratdılar. Onlar 1922-ci ildə, məşhur
yazıçı V.Q.Korolenkonun vəfatından sonra kitabxanaya
onun adını verirlər.
Kitabxana dövlətin də
diqqətini cəlb edir. Hökumətin fərmanı ilə
1928-ci ildə fəhlə-gənclər kitabxanası
adıyla yenidən qurularaq Azərbaycanın ilk gənclər
kitabxanası kimi fəaliyyətini davam etdirir.
O vaxtdan indiyə kimi bu
mədəniyyət ocağı işini dayandırmayıb.
Yaxşı haldır ki, bir çox mədəni-maarif müəssisələri
dağıldığı zamanda bu kitabxana öz
varlığını qoruyub saxlaya bilmişdir. Bu günlər
isə V.A.Korolenko adına Mərkəzi şəhər
Kitabxanasının işçiləri hökumət fərmanı
ilə təsdiq olunmalarının 80 illik yubileyini qeyd
etmişlər.
Yubiley tədbirini
kitabxananın direktoru Rəna Biləndərli açaraq bu
ocağın tarixi, müasir vəziyyəti haqqında məlumat
vermişdir. Yığıncaqda respublikanın əməkdar
jurnalisti, Milli Məclisin deputatı yazıçı Elmira
Axundova, C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasının müdiri Tahir Sadıqov, Təhsil
Nazirliyinin şöbə müdiri Ağabala İbrahimov,
kitabxananın oxucuları olan yazıçılar - A.Xakimov,
A.İsmayıloğlu, Bakı Slavyan Universitetinin jurnalistika, və
Azərbaycan ədəbiyyatı kafedrasının müdir
müavini Fərrux Məmmədov, Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsinin əməkdaşı Səbinə
Məmmədova və başqaları bu mədəni-maarif
ocağının fəaliyyətindən, əməkdaşların
oxuculara qayğısından söhbət açmış,
müasir vəziyyətdə bu səpkili müəssisələrin
qarşısında duran məsələləri diqqətə
çatdırmışlar.
Çıxışçılar bildirmişlər ki,
müstəqillik qazandığımız zamanda kitabxanalar
xalqımızın elmi potensialının
artırılması, milli-mənəvi dəyərlərin qorunması,
gənc nəslin tərbiyəsi sahəsində böyük
iş görə bilərlər.
Eyni zamanda, təəssüf
hissi ilə qeyd olunmuşdur ki, müstəqillik
qazandığımız dövrdə xeyli kitabxana fəaliyyətini
dayandırmış, onların binalarının müəyyən
hissəsi mənimsənilmiş, yeni salınmış qəsəbələrdə
digər mədəni-maarif ocaqları kimi kitabxanaların
tikintisi də "unudulmuşdur".
Yığıncaqda
gözəl əməl sahibləri olan kitabxananın
qurucuları Rabkina, Troyanavskaya, Yüzbaşova da rəhmət
hissi ilə xatırlanmışlar.
A.Xiləli
Ədəbiyyat qəzeti.-2009.-23
yanvar.-S.5.