Natəvan klubunda

 

Yanvarın 16-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin "Poeziyanın dili, dilin poeziyası" kitabının təqdimetmə mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu dedi: "Əzizxan Tanrıverdi Azərbaycan filologiya elmində az saylı alimlərdən biridir ki, əsərlərinin çoxunu "Kitabi-Dədə Qorqud" abidəsinin tədqiqinə həsr etmişdir. 0  milli təfəkkürümüzün dərin tərəflərini görür".

Tədbirin aparıcısı İlham Abbas redaktoru olduğu kitab haqqında öz fıkirlərini bildirdi: "Ə.Tanrıverdi bu kitaba daxil olan məqalələrdə on doqquz şairin poeziyasından bəhs etmişdir. Onların çoxu müasir poeziyamızın "80-cilər" adlandırılan nəslinin təmsilçiləridir.

Bu şeirlərdən bəhs edərkən alimin klassik poeziyamızın Dədə Qorqud, Nəsimi, Füzuli, Vaqif, Cavid, Vurğun kimi korifeyləri ilə apardığı paralellər, müasir poeziyamızın həm mövzu və ideya, həm də dil və ruhən həmin ölməz ənənələrə bağlılığının sübutu kimi gətirdiyi dəlillər də onun konsepsiyasının doğruluğunu təsdiq edir".    Filologiya elmləri doktoru Təyyar Salamoğlu "Poeziyanın dili, dilin poeziyası" kitabı haqqında geniş məruzə ilə çıxış etdi.

Filologiya elmləri doktoru, professor Vilayət Əliyev qeyd etdi ki, hər bir dövrün tələbləri və həyata baxış müxtəlifliyi var. Əzizxan Tanrıverdi yaxın keçmişdə yaşamış söz yaradıcılarını geniş şəkildə tədqiq etmişdir.

Şairə Firuzə Məmmədli dedi ki, poetik nitqin dil baxımından tədqiqi bədii materialın düzgün və dəqiq şərhini əsaslandıran amillərdəndir. Çox yaxşı haldır ki, müasir dövrdə dilçi mütəxəssislərimiz bu məsələyə geniş önəm verirlər.

Tədbirdə çıxış edənlər - Oqtay Rza, Əjdər Ol, Əli Rza Xələfli, Sayalı Əsədova, Təranə Rəhimli, Məhəbbət Nizami, Adil Mirseyid, Sabir Sarvan və başqaları Əzizxan Tanrıverdinin yaradıcılığından və təqdim olunan kitabın məziyyətlərindən söz açdılar.

Sonda Əzizxan Tanrıverdi çıxış edənlərə, məclisə toplaşanlara öz təşəkkürünü bildirdi.

 

 

M.Qənbərova

 

Ədəbiyyat qəzeti.-2009.-30 yanvar.-S.6.