Alimə mükafat

 

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru Gövhər Baxşəliyevaya "Qızıl qələm" mükafatı verilib. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olan Gövhər Baxşəliyeva klassik ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mənbəşünaslıq üzrə mütəxəssisdir. O, səkkiz kitabın, 90-dan yuxarı elmi-populyar, elmi-kütləvi, elmi-publisistik yazıların müəllifidir. "Əbdüssəlam əl-Hüceyli. Həyat və yaradıcılığı" (1989), "Bir Məcnun vardı" (1990), "Əbülfərəc əl-İsfahani. "Nəğmələr kitabı", ərəbcədən tərcümə və şərhlər (1994), Əbülfərəc əl-lsfahanin "Nəğmələr kitabı və klassik Azərbaycan ədəbiyyatı" (1998), "İlahi eşq dastanları" (2001), "Hamıdan ucadır alimin yeri" (2003), "Abulf-Faradj al-İsfaxani «Rasskazı o Kayse ibn Mullavvaxe po prozvişu Medjnun» i araboyazıçnıx azerbaydjanskix poetax" (2006), «Sovremennıy siriyskiy rasskaz» (2007) kitabları Gövhər xanımın Azərbaycan elminə verdiyi töhfələrdir.

Gövhər Baxşəliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə yaxın və uzaq xarici ölkələrdə (Rusiya, Ukrayna, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı Krallığı) keçirilən beynəlxalq elmi konfranslarda ləyaqətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələrlə çıxış edib.

 

 

Ədəbiyyat qəzeti.-2009.-30 yanvar.-S.6.