Moskvada Tahir Salahovun fərdi sərgisi açılmışdır

 

Bakı Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında bildirilir ki, yanvar ayının 21-də Azərbaycanın məşhur rəssamı Tahir Salahovun Moskvada fərdi sərgisinin açılış mərasimi olmuşdur. Sərginin ekspozisiyasına Tahir Salahovun Azərbaycan muzeylərində, Tretyakov qalereyasında saxlanılan bütün əsərləri, o cümlədən Sankt-Peterburqun Rusiya Rəssamlıq Akademiyasında mühafizə olunan diplom işi daxil edilmişdir. Sərginin təşkilatçısı "Yekaterina" Mədəniyyət Fondudur. Baxmayaraq ki, sərgidə nümayiş etdirilən rəsmlər müxtəlif illərdə çəkilmiş əsərlərdir, onların böyük əksəriyyətini neft mövzusu təşkil edir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi "Tahir Salahov — 80" adlı kataloq da çap etdirmişdir. Kataloqda rəssamın əsərləri ilə yanaşı Tahir Salahovun ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini əks etdirən fotolar da verilmişdir. Kataloq Prezident İlham Əliyevin Tahir Salahovun 80 illik yubileyinin bayram edilməsi ilə bağlı sərəncamı ilə açılır. Qeyd olunur ki, Tahir Salahov zəmanəmizin çox məşhur rəssamlarından biridir. Onun yaradıcılığında Azərbaycan neftçilərinin ağır və şərəfli əməyi ustalıqla tərənnüm olunmuşdur. Rəssamın portretlər qalereyasında ən məşhur mədəniyyət xadimləri- Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mstislav Rostropoviç və başqaları böyük ustalıqla işlənmişdir. Tahir Salahov öz natürmortlarına və peyzajlarına, tamaşalara çəkdiyi dekorasiyalara görə xalqının böyük rəğbətini qazanmışdır. Moskvada keçirilən sərgi bir neçə gün davam edəcək və tamaşaçılar böyük rəssamın əsərləri ilə tanış ola biləcəklər.

 

 

Ədəbiyyat qəzeti.-2009.-30 yanvar.-S.2.