Yazıçı": Rüstəm İbrahimbəyov
"Oğuz eli" qəzetinin ayrıca buraxılışı kimi vaxtaşırı işıq üzü görən, silsilə ədəbi portretlərlə oxucuların görüşünə gələn "Yazıçı"nın builki yanvar sayı Azərbaycanın xalq yazıçısı, dünya şöhrətli kinossenarist, rejissor, dramaturq-publisist Rüstəm İbrahimbəyovun həyat və yaradıcılığına həsr olunub.
Bu günlərdə yubileyini qeyd etməyə hazırlaşdığımız sənətkarı ilk əvvəl həmkarı, xalq yazıçısı Anar "İnsanda insanlığın tərənnümü" məqaləsiylə təbrik edir: "...Azərbaycan xalq yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı Rüstəmin Azərbaycan həyatından yazdığı povestləri, hekayələri sırf milli və hətta məhəlli koloriti ilə, dedikləri rus kəlmələriylə ifadə olunmuş personajların dilindəki Azərbaycan özəllikləri hər xarakterin milli səciyyəsi, əsərlərin ümumi ovqatı, ab-havası bu dəyərli sənət örnəklərini milli ədəbiyyatımızın qızıl fonduna daxil etmişdir..."
Azərbaycan mədəniyyətinin, elminin və ədəbiyyatının tanınmış nümayəndələrindən Fikrət Qoca, Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Ramiz Rövşən ("Qorumağı öyrənək"), Kamil Vəli Nərimanoğlu ("Acı həqiqət, yoxsa şirin yalan", "Mən günəşi göydə dana bilmərəm"), Səyavuş Məmmədzadə ("Özü, sözü kimi olan insan Rüstəm İbrahimbəyovu düşünərkən"), Cəmil Həsənli, Fərhad Bədəlbəyli, Tofiq Abdin, Natiq Rəsulzadə, Firuz Mustafa, Rəhman Bədəlov ("Altmışıncıların çağdaşlığı: Rüstəm İbrahimbəyov, "Bir Cənub şəhərində"), Fuad Poladov, Hacı İsmayılov, Aydın Talıbzadə ("Bir Cənub şəhərində.."), Elmira Axundova, Aydın Kazımov ("Ziyalı mövqeyində") yubilyar yaradıcılığı, eləcə də dünya miqyasında sənət uğurlarıyla əlaqədar düşüncələrini, mülahizələrini, ürək sözlərini qələmə almışlar.
Azər Abdullanın
baş redaktorluğuyla nəşrə hazırlanmış
buraxılışın səhifələrində Rüstəm
İbrahimbəyovun həyatının maraqlı
anlarını əks etdirən tarixi fotoşəkillərə
də geniş yer ayrılıb.
Əhmədoğlu A.
Ədəbiyyat qəzeti.-2009.-30 yanvar.-S.4.