“Qobustan”ın səhifələrində

 

Qobustan sənət toplusunun ikinci sayı baş redaktorun "Ön sözü" ilə açılır. Azərbaycan poeziyasının iki klassikinin - Aşıq Alı və Mikayıl Müşfiqin unudulmaz poetik nümunələri ilə açılan toplunun bu sayında S.Ələkbərin "Ah, bu uzun , sevda yolu" məqaləsi də 37-ci illərin siyasi repressiya qurbanı olmuş nakam Müşfiqə sevgini ifadə edir.

Hərdəfəki kimi, bu sayda da "Qobustan" mədəniyyət - sənət və ədəbiyyatın müxtəlif sahələrinə, problemlərinə aid çoxsaylı maraqlı məqalələri, araşdırmaları oxucularının ixtiyarına buraxır. Mübariz Süleymanlının "Azərbaycanın ilk peşəkar heykəltəraşı Zeynal Əlizadə: ehtimallar və həqiqətlər", Pərzad Abdinovanın "Səttar Bəhlulzadə yaradıcılığında natürmort", Sədaqət Əlixanovanın "Azərbaycan Milli Dram Teatrında tarixi psixologizm və şəxsiyyət probleminin səhnə təcəssümü (ötən əsrin 80-90-cı illərindəki bəzi tamaşaların nümunəsində)", Cavad Heyətin "Ölümönü dirçəlmənin və canlı aləmdə çeşidliliyə meylin sirrini açan kitab", Gülrəna Qacarın "Rasim Babayevsiz bir il", Fəridə Cəlilovanın "Füzuli irsinə teatr baxışı", Rahibə Əliyevanın "Nardaran kəndində Şirvanşahların yay iqamətgahı", Fərman Rzayevin "Nizami Gəncəvi yaradıcılığı İtaliya ədəbi-mədəni həyatında", isa Həbibbəylinin "Tahir Salahov sənətində qırmızı rəngin çalarları", Könül Hüseynovanın "Fərhad Bədəlbəylinin rejissorluq fəaliyyəti", Ziyadxan Əliyevin "Dəzgah qrafikasında obrazlı - rəmzi ifadə vasitələri axtarışları", Arzu Cavadovanın "Bəstəkar Elnarə Dadaşovanın Azərbaycan musiqi sənətində rolu", Göyçək Mahmudovanın "Cahandar ağa obrazının ekran taleyi", Hökümə Əliyevanın "Tofiq Bakıxanov yaradıcılığında xalq musiqisinin təcəssümü", Aydanın "Eirovision-2008", Cəlil Vəzirovun "Türk dramaturgiyası Naxçıvan şəhərində", Zəminə Axundovanın "Elçin Hüseynbəylinin pyesləri haqqında", "Fatma Mehrəliyevanı xatırlayarkən", Zakir Mirzəyevin "Oxuyur Məmmədbağır", İmaş Hacıyevanın "Azərbaycan sənaye dizaynının inkişaf mərhələləri: 1950-60-cı illər", Aydın Tağıyevin "Ərəbləri mat edən şahmatçı" başlıqlı yazılarda çağdaş mədəniyyətin - ədəbiyyatın aktual məsələləri araşdırılır.

Səttar Bəhlulzadə, R.Babayev, Sahib Quliyev, Yusif Mirzə kimi rəssamların sənət nümunələri də oxuculara bu sayda təqdim olunur...

 

 

Əbilov A.

 

Ədəbiyyat qəzeti.-2009.-30 yanvar.- S.4.