Xalq Artisti Məmmədrza Şeyxzamanovun 100 illiyi qeyd olunub
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Xalq Artisti Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yubiley tədbirində unudulmaz sənətkarın zəngin yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.
Gecədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, Xalq Artisti Azərpaşa Nemətov unudulmaz sənətkar haqqında xatirələrini bölüşərək onun səhnə məharətindən, yaratdığı parlaq obrazlardan və insani keyfiyyətlərindən söz açıb. Eyni zamanda Məmmədrza Şeyxzamanovun Azərbaycan kino mədəniyyəti tarixindəki müstəsna xidmətindən, professional səhnə məharətindən bəhs edib.
Tədbirdə Xalq artistləri Ağakişi Kazımov, Ramiz Məlik, Hacı İsmayılov sənətkarın həm həyatda, həm də səhnədə bir insan kimi qayğıkeşliyindən söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edən aktyor “Göz həkimi”, “Qış nağılı”, “Fərhad və Şirin”, “Vaqif”, “Otello”, “Aydın”, “Qaçaq Nəbi” kimi onlarla televiziya tamaşalarında bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə canlandırıb. “Bəxtiyar” , “Qızmar günəş altında”, “Leyli və Məcnun”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı”, “Qatır Məmməd”, “Nəsimi”, “Tütək səsi” və başqa filmlərində oynadığı parlaq rolları ilə tamaşaçı qəlbinə yol tapan Məmmədrza Şeyxzamanov 1984-cü ildə Bakıda vəfat edib.
Vurğulanıb ki, M.Şeyxzamanovun 1963-cü ildə “Əhməd haradadır?” filmində yaratdığı Şirin obrazı ona böyük şöhrət qazandırıb.
Gecədə unudulmaz sənətkarın ailəsinin 1937-ci ildə repressiyaya məruz qalmasından, bu illər ərzində onun keçdiyi məşəqqətli həyat yolundan söz açılıb.
Daha sonra
görkəmli sənətkarın çəkildiyi filmlərdən
kadrlar nümayiş edilib.
Ekran efir.- 2015.- 6 noyabr.- S.- 7