Bakıda bir ünvan var...
M.S.Ordubadinin xatirə muzeyindən reportaj
Azərbaycanda tarixi roman
janrının əsasını qoyan Məmməd Səid
Ordubadinin ədəbi irsi bu gün də geniş oxucu kütləsinin
maraq dairəsindədir. Bir vaxtlar böyük ədibin
yaşayıb-yaratdığı evində yerləşən
xatirə muzeyinin direktoru Lalə Abbaszadə bizə bunları
söylədi:
- Görkəmli ədib
M.S.Ordubadinin bir-birinin ardınca sıraladığı sənət
inciləri səliqə ilə düzülmüş mirvarini
xatırladır. Onun "Qılınc və qələm",
"Dumanlı Təbriz", "Koroğlu", "Nərgiz",
"Ürək çalanlar", "Beş manatlıq gəlin"
və digər dərin məzmunlu əsərləri buna əyani
sübutdur. M.S.Ordubadinin qələminin gücündən
yaranan bu və ya digər sənət nümunələri
muzeydə qiymətli ekspozisiya kimi qorunur. 1979-cu il noyabrın
1-də yaradılmış xatirə muzeyi dəhlizdən və
iki otaqdan ibarətdir. Ümumilikdə fondda eksponatların sayı 1300, köməkçi
fondunda isə 1000-dən
artıqdır.
İş otağında
Ordubadiyə məxsus
olan yazı masasının üzərində
heç vaxt əlindən yerə qoymadığı qələmi
və armudu stəkanı
saxlanılır...
Ona məxsus olan "T6" markalı radio da Ordubadinin etibarlı "dostları"ndan olub. Efir dalğalarında
yayımlanan xəbərləri diqqətlə izləyən
yazıçı ardınca da maraqlı verilişləri,
xüsusən də klassik musiqi əsərlərindən ibarət
konsert proqramını
dinləmədən yazı
masasına yaxınlaşmazdı. Memorial otaq kabinet,
qonaq otağı və dəhlizdən ibarətdir. Burada da görkəmli yazıçı-dramaturqa məxsus olan.ev əşyaları: qab-qacaq, mebel, əlyazmaları və digər ekspozisiya
qorunub-saxlanılır. Yazı masasının yanındakı
kitab rəfində isə Ordubadiyə məxsus olan kitablar
düzülüb. Muzeyin sifarişi ilə xalq rəssamı
Altay Hacıyev tərəfindən çəkilən rəsm
əsəri də bu otaqdadır. Divardan asılan saat və
gümüş qablar yerləşdirilən bufet də
yazıçının ev əşyalarındandır. Stol və stulların qoyulduğu otaq isə qonaq
otağıdır. Bura
görkəmli şəxsiyyətlərin
toplaşdığı yer
kimi məşhurdur. Yeri gəlmişkən, yazıçı Bülbül,
Mirzə İbrahimov, Süleyman Rüstəmlə qonşu
olub. Onlar bu mənzildə maraqlı yaradıcılıq müzakirələri aparıblar".
Muzeydə "Dumanlı Təbriz"
əsərinin orijinal
əlyazmaları və fotoları,
yazıçının müxtəlif qəzet və jurnallarda çap olunmuş məqalələri
də qorunub-saxlanılır. Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də mühərrirlik fəaliyyətində
"Molla Nəsrəddin"
jurnalının böyük rolu olub. Nə az, nə çox
- düz 25 il jurnalla sıx əməkdaşlıq
edən yazıçının
yaradıcılığının ilk dövrünün realizm və demokratizm istiqamətində
inkişaf etməsində,
dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında "Molla Nəsrəddin"in
köməyi çox böyük olub.
Köməkçi fonda
aid olan nümunələr isə Dövlət Arxivində
toplanılıb. Buraya Azərbaycan Akademik Milli Teatrında
"Qılınc və qələm", "Dumanlı Təbriz"
tamaşalarının, Azərbaycan Dövlət Opera və
Balet Teatrında "Koroğlu", "Nərgiz"
operalarının nümayişi zamanı
yazıçının çəkdirdiyi xatirə şəkilləri
daxildir. Mu-siqili Komediya Teatrında tamaşaya qoyulan
operettalarından - "Beş manatlıq gəlin",
"Ürək çalanlar"ın səhnə şəkilləri
də kiçik fondun ekspozisiyalarındadır. Burada, həmçinin
xalq rəssamı Arif Hüseynovun Ordubad şəhərinin
ümumi görünüşünü əks etdirən rəsm
əsəri də yer alıb. Yazıçının ağ
mərmərdən hazırlanmış büstü isə
xalq rəssamı Xanlar Əhmədova məxsusdur. Stendlər,
əlyazmalar, Arif Hüseynov tərəfindən "Gizli
Bakı" trilogiyasına həsr olunmuş qrafik
illüstrasiyalar da muzeydə yerləşdirilib. Bundan
başqa, muzeydə böyük ədib haqqında müxtəlif
tədqiqatçı, şair və sənətşünasların
ürək sözlərindən ibarət stendlər də
var.
Qeyd edək ki,
hazırda Bakı Şəhər Mədəniyyət və
Turizm idarəsi (BŞMTİ) tərəfindən əsaslı
təmir olunan muzeydə bərpa işləri davam etdirilir. Bu ilin noyabr ayında muzeyin 30 illiyi qeyd olunacaq. Bununla əlaqədar olaraq, bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Mart ayının
24-ü ədibin doğum,
mayın 1-i isə anım günüdür.
Bununla əlaqədar olaraq, Fəxri xiyabanda və muzeydə tədbirlər keçiriləcək.
Şəmsiyyə Fərhadqızı
Ekran efir.- 2009.- 20 fevral.- S. 7.