AMEA Naxçıvan Bölməsinin internet saytı istifadəçilərin ixtiyarına verilib

 

AMEA-nın Naxçıvan Bölməsi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Regional Elm Mərkəzinin Arxeologiya və etnoqrafıya şöbəsinin bazasında həyata vəsiqə alaraq, 2003-cü ilin yanvarından fəaliyyətə başlayıb.

Bölmədə 6 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Bunlar Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasıdır. Bölmədə həmçinin Arxeologiya və Etnoqrafiya Muzeyi, "Tusi" nəşriyyatı, elmi kitabxana, Dissertasiya Şurası və "Heydər Əliyev lektoriyası" fəaliyyət göstərir.

Bölmə əməkdaşları Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, ədəbi və mədəni mühiti, onomastikası, biomüxtəlifliyi, təbii ehtiyatlar və digər problemlərini öyrənirlər.

2003-cü ildən yüksəkixtisaslı elmi kadrlar yetişdirən AMEA Naxçıvan Bölməsinin fəaliyyətini hərtərəfli əhatə edəcək ameanb.nakhchivan.az internet saytı hazırlanaraq bu günlərdə ictimaiyyətin ixtiyarına verilib. Yeni saytda bölmənin yaranma tarixi, fəaliyyət istiqamətləri, institutların ünvanları, strukturu, elmi nəticələri, AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər doktorları və elmlər namizədləri, dissertantlar haqqında ətraflı məlumatlar yerləşdirilib. Eləcə də elmi-tədqiqat işləri aparmış əməkdaşların əldə etdikləri elmi nəticələr və nəşr olunmuş  elmi əsərlər burada yer alıb.

Bölmənin əməkdaşlarından namizədlik və doktorluq dissertasiyası müdafiə edənlər və onların dissertasiyaları haqqında məlumatlar saytda istifadəçilərin ixtıyarına verilib, həmçinin istifadəçilərə dissertasiyaların referatları ilə də tanışolma imkanı yaradıb.

Rəyasət Heyəti və onun üzvləri, nəzdindəki təşkilatlar, köməkçi heyətlər, eləcə də elmi kitabxana, nəşriyyat, elanlar, fotoqalereya, əlaqə, maraqlı məlumatlar, mühüm hadisələr və il ərzində keçirilmiş konfranslar haqqında da əhatəli məlumatlar verilib.

 

 

Elm.- 2010.- 31 avqust.- S.12.