Geologiya İnstitutunun tədqiqatlarının nəticəsi
beynəlxalq sərgidə nümayiş etdirilmişdir
Bu günlərdə
İspaniyanın Barselona şəhərində Geoloq və
Geofizik-alimlərin və Mühəndislərin Avropa
Assosiasiyası "Geologiya elminin yeni baharı" adlı
72-ci beynəlxalq konfransı və sərgini
keçirmişdir. Konfransda dünyanın əksər ölkələrindən
olan 5000-dən çox alimin 900-dən çox məruzəsi
dinlənilmiş, sərgidə isə 300-ə yaxın təşkilatın
mühüm elmi nəticələri, o cümlədən
müasir elmi texnologiya məhsullan nümayiş etdirilmişdir.
Tədbirlərdə Azərbaycan
Milli Elmlər Akademiyası Geologiya İnstitutu da təmsil
olunmuşdur. Belə ki, institutun Neft və qaz geologiyası və
geokimyası şöbəsinin rəhbəri, AMEA-nın
müxbir üzvü Əkpər Feyzullayev konfransda "Cənubi
Xəzər hövzəsində anomal təzyiqlər:
yayılması və mənşəyi" mövzusunda məruzə
ilə çıxış etmiş, sərgidə isə
"Seysmik məlumatlara əsasən Cənubi Xəzər
hövzəsində anomal təzyiqlərin proqnozu"
mövzusu istiqamətində institutda aparılmış tədqiqatların
nəticələrini nümayiş etdirmişdir.
Elm.- 2010.- 30 iyun.- S.12.