Birgə əməkdaşlıq çərçivəsində
keçirilən tədbir
Bu günlərdə Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsinin Prezident
Kitabxanasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun
son illərdə Azərbaycan tarixinə dair nəşr
etdirdiyi kitabların sərgisi və elektron versiyaları
nümayiş etdirildi. Elektron resursların hazırlanması
zamanı xalqımız üçün ağrılı
mövzular olan Xocalı soyqırımına, 20 Yanvar faciəsinə,
azərbaycanlıların soyqırımı və
deportasiyasına, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə dair fundamental kitabların
seçilməsinə üstünlük verilmişdi.
Ümumiyyətlə, AMEA Tarix İnstitutu əməkdaşlarının
əməyinin məhsulu olan 100 addan artıq kitab və
onların elektron versiyası internet məkanında istifadəçilərə
təqdim edilir.
Sərgidə iştirak
edən Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov
çıxışında bugünkü tədbirdən məmnun
olduğunu bildirərək qeyd etdi ki, informasiya cəmiyyətinin
formalaşdırılması yeni texnologiyalar əsasında
elektron resursların yaradılmasını, müxtəlif
istiqamətlər üzrə nəşrlərin elektron
versiyalarının hazırlanıb virtual məkanda yerləşdirilməsini
tələb edir. Prezident kitabxanası istər ölkəmizdə,
istərsə də ölkəmizdən kənarda nəşr
olunan və Azərbaycan oxucusu üçün ciddi əhəmiyyət
kəsb edən kitabların əldə edilərək
kitabxananın fonduna daxil edilməsi üçün zəruri
işlər görür. Eyni zamanda, Prezident
kitabxanasının əməkdaşları Azərbaycan
tarixinə, mədəniyyətinə, iqtisadiyyatına və
digər mühüm sahələrə aid elmi əhəmiyyət
daşıyan və aktuallıq kəsb edən müxtəlif
dillərdə kitabların elektron versiyasını
hazırlayaraq, www.preslib.az saytında yerləşdirirlər.
Kitabxananın fondu son
dövrdə Tarix İnstitutunun qrifı və onun əməkdaşlarının
müəllifliyi ilə nəşr olunmuş kitablarla mütəmadi
olaraq zənginləşir. Təqdirəlayiq haldır ki, həmin
kitabların bəzilərinin elektron versiyalarını məhz
institutun əməkdaşları özləri kitabxanaya təqdim
edirlər.
Sonda natiq qeyd etdi ki,
Tarix İnstitutu ilə əməkdaşlıq
qarşılıqlı faydalıdır. Həm kitabxananın
fondu zənginləşir, həm də bu əsərlərin
virtual məkanda təbliği sürətlənir və Azərbaycanın
tarixi həqiqətləri qlobal informasiya cəmiyyətinə
inteqrasiya olunur.
Sərgidə iştirak
edən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor Yaqub Mahmudov da öz növbəsində
bu işdə əməyi olan hər bir kəsə minnətdarlığını
bildirərək, belə işlərin Azərbaycan tarixi
üçün böyük əhəmiyyət
daşıdığını qeyd etdi. İnternet vasitəsilə
bütün dünyanın Azərbaycanın tarixi həqiqətləri
ilə tanış olacağını vurğuladı.
Samirə KƏRİMOVA
Elm.- 2010.- 30 iyun.- S.3.