Ukraynada astronomiya
üzrə keçirilən
beynəlxalq konfransda Azərbaycan alimlərinin məruzələri maraqla
qarşılanmışdır
Ukraynanın Odessa şəhərində astronomiya
üzrə dəyişən
ulduzlar sahəsində
növbəti beynəlxalq
elmi konfrans keçirilmişdir.
Bakı Dövlət Universitetindən
(BDU) AzərTAc-a bildirmişlər
ki, dörd ildən bir keçirilən konfransda MDB-yə daxil olan ölkələrin
alimləri ilə yanaşı, Avropa, Amerika və Afrika astronomları da iştirak etmişlər.
Təşkilat komitəsinin
hazırladığı proqrama
əsasən, konfrans iclaslarının birinə
BDU-nun Astrofizika kafedrasının
professoru, Azərbaycan
Milli Elmlər Akademiyası Şamaxı
Astrofizika Rəsədxanasının
(AMEA ŞAR) baş elmi
işçisi Nəriman
İsmayılov sədrlik etmişdir. Konfransda, həmçinin, ölkəmizi
gənc aspirantlar – Həmayil Adıgözəlzadə
və Orxan Xəlilov təmsil etmişlər.
Konfransda azərbaycanlı alimlərin
son 10 ildə xaricdə
çap olunmuş elmi məqalələrinin
mühüm nəticələri
xüsusilə qeyd edilmişdir. Alimlərimizin tədbirdə ingilis
dilində etdikləri məruzələr böyük
maraq doğurmuşdur.
Onların spektral və
fotometrik tədqiqatları
göstərmişdir ki, bu ulduzların
ulduzətrafı disklərində
yenicə formalaşmaqda
olan cisimlər - protoulduzlar və ya protoplanetlər mövcuddur. Alimlərimiz ilk dəfə göstərmişlər
ki, belə cisimlərin cavan ulduz disklərində mövcud olması onlarda müşahidə olunan parlaqlığın
və spektral parametrlərin periodik dəyişməsinə gətirib
çıxarır.
Məlum olmuşdur ki, diskdə formalaşmaqda olan belə cisimlər mərkəzi ulduzdan bir və ya bir neçə
astronomik vahid (Yerdən Günəşə
qədər olan orta məsafə) məsafədə yerləşə bilər.
Maraqlıdır ki, alimlərimiz müxləlif ulduzlarda
ilk dəfə olaraq periodik dəyişmələr aşkar etdikdən bir neçə ay sonra Krım, Daşkənd və Pulkovo rəsədxanaları həmin nəticələri başqa
tədqiqatlarla təsdiq
etmişlər.
T TauN ulduzunun ətrafında yeni bir infraqırmızı mənbənin olması
ilk dəfə professor Nəriman
İsmayılov tərəfindən aşkar olunmuşdur. Ehtimal olunur ki, həmin mənbənin temperaturu 2500°K-dır. Nəticənin alınmasında həm
ŞAR-da alınan spektral materialdan, həm də İnternational Ultraviolet Explorer (ABŞ) peykinin məlumatlarından
istifadə edilmişdir. İstifadə olunan müşahidə materialları alimləri eyni qənaətə gətirmişdir. Bu nəticə Vesleyan Universitetinin
(ABŞ) professoru V.Herbstlə birgə bu il çox
yüksək reytinqli
"Astronomy and Astrophysics" ("Astronomiya
və astrofizika")
jurnalında çap olunmuşdur.
Konfransda mövzuya dair maraqlı məruzlər dinlənilmiş, müzakirələr aparılmışdır.
Polyak və macar astronomları müvafiq mövzuda Azərbaycanda konfrans
keçirilməsində maraqlı olduqlarını bildirmişlər.
Elm.- 2010.- 12 oktyabr.- S.3.