Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ının II cildi işıq üzü görüb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 15 avqust 2006-cı il tarixli sərəncamının icrası uğurla həyata keçirilmisdir. Bele ki, 2006-cı ildə Naxçıvan Muxtar  Respublikası faunasının (Onurğalı heyvanlar üzrə) "Qırmızı Kitab"ının I cildi nəşr olunmuş, Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ının II cildi üzərində iş aparılmışdır.

 

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Tariyel Talıbovun və həmin institutun şöbə müdiri, biologiya elmləri doktoru Əliyar İbrahimovun tərtib etdikləri Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ının II cildi (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) bu günlərdə geniş oxucu kütləsinə təqdim olunub.

Yeni nəşrdə muxtar respublika ərazisində olan ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər, onların yayılma arealları, bitdiyi yer, təbii ehtiyatları, çoxalması, habelə bioloji xüsusiyyətləri, becərilməsi və mühafızə tədbirlərinə dair ətraflı məlumatlar əksini tapıb. Burada həmçinin nadir bitkiləri ayrı-ayrılıqda tanıtmaq məqsədilə təbiətdə çəkilmiş rəngli, orijinal fotoşəkilləri ilə yanaşı, bu bitkilərin yayıldığı ərazilərə dair sxematik xəritələr, Azərbaycan və latın dillərində əlifba göstəriciləri də verilib.

Tədqiqatçılar, botaniklər, ali məktəb tələbələri, aspirantlar, magistrlər, ümumiyyətlə, regionumuzun florası ilə maraqlananlar üçün nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası florasının "Qırmızı Kitab"ının II nəşri, şübhəsiz ki, hər bir kəsin dərin marağına səbəb olacaq, təbiətsevərlərin stolüstü kitabına çevriləcək.

 

 

Elm.- 2010.- 21 sentyabr.- S.12.